Qəbul imtahanında 700 bal toplayan abituriyentlərin UĞUR SİRRİ - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

Qəbul imtahanında 700 bal toplayan abituriyentlərin UĞUR SİRRİ - FOTOLAR

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında iştirak edən abituriyentlərdən 3 nəfər ən yüksək nəticəni göstərib və 700 bal toplayıb.

Tədris proqramı başa çatmadan imtahan verən və ən yüksək nəticə göstərən abituriyentlər uğur sirlərini Publika.az-la bölüşdülər.

Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Səbinə İsmayılova III ixtisas qrupu üzrə 700 bal toplayıb. Səbinə bu nəticəni əldə etməsində ilk növbədə məktəbinə minnətdar olduğunu deyir: “Tədris proqramı başa çatmasa da, bütün suallara doğru cavab verdim. Məktəbdə dərslərimiz çox yaxşı keçilirdi. 10-cu sinifdə yalnız tarix fənnindən hazırlığa getdim, 11-ci sinifdə isə 5 fəndən. Hazırlıqda artıq proqramı yekunlaşdırmışdıq. Həm də orta məktəbdə yaxşı oxuduğum üçün də hazırlıq prosesi rahat keçdi. Ona görə də ən yüksək nəticə göstərdim. Bu il qəbul imtahanlarında iştirak etmək üçün iki şans verilməsi abituriyentlərin ürəyincə oldu. Əgər mən 695 bal toplasa idim, ikinci imtahanda yenə də iştirak edərdim. Bu abituriyentlərin ikinci dəfə özlərini sınamasına imkan verir”.

İxtisas seçiminə gəldikdə hüquqşünaslıq və filologiya ixtisasları arasında qaldığını deyir: “Hər iki sənəti sevirəm, lakin hansını seçəcəyimə hələ qərar verməmişəm. Univerisitetə gəldikdə, ya Bakı Dövlət Univeristeti, ya da Prezident yanında Dövlət İdarəçilik Akademiyasını seçməyi düşünürəm. Hələ dəqiq qərar verməmişəm”.

Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi II ixtisas qrupu üzrə Arzu Məmmədzadə imtahanda 700 bal toplamağı əvvəldən qarşısına məqsəd qoyduğunu bildirir: “Bacım ötən il 675 bal toplamışdı, səhvləri diqqətsizlikdən olmuşdu. Onun səhvlərini etməyəcəyimə, daha diqqətli olacağıma söz vermişdim. Ən yüksək nəticə göstərmək məsələsini də bu 30 apreldə həll etməyi qarşım məqsəd qoymuşdum. Məqsədimə nail oldum. Düzdür, heç vaxt sınaqlarda belə yüksək nəticə göstərməmişdim, amma inamım yüksək idi. Bu imtahanda 696 toplasam belə, ikinci imtahanda iştirak edəcəkdim”.

Arzu bu nəticəni göstərməkdə ilk növbədə məktəb, sonra isə hazırlıq müəllimlərinə borclu olduğunu deyir: “Mən məktəb dərslərimi həmişə yaxşı oxumuşam, ona görə də hazırlıqda çox da əziyyət çəkmədim. Lakin məktəbdə proqramı bitirməsək də, hazırlıq kursunda dərsləri bitirmişdik. Ona görə də 700 bal toplaya bildim. Bundan sonrada təhsilimi ən yüksək səviyyədə davam etdirmək istəyirəm. Hələ ixtisas və universiteti seçməmişəm. Amma seçimimdə tədrisin ingilis dilində aparılmasına üstünlük verəcəm. Bakalavr olmasa da, magistratura pilləsini xaricdə oxumaq istəyirəm”.

II ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də Dəyanət Türk Vəqfi-Bakı Türk Liseyinin məzunu Cavad Əliyev bu nəticəni gözlədiyini qeyd edib: “Düzdür, heç vaxt belə yüksək nəticə əldə etməmişdim, ancaq özümə inanırdım. Universitet seçimi etməsəm də, iqtisadiyyat üzrə təhsil alacam. Bakalavr təhsilimi xaricdə almaq istərdim, əlbəttə, buna şans yaransa. Olmasa da, magistraturanı xaricdə oxumaq istəyirəm”.

Cavad bu nəticəni əldə etmək üçün əvvəldən qarşısına məqsəd qoyduğunu deyir: “Məktəbdə yaxşı oxuyurdum və bu imtahanda 700 bal toplamasam da, ikinci şansdan istifadə edəcəkdim”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm