58 yaşlı şəxsin abituriyent SINAĞI
Bizi izləyin

Elm və təhsil

58 yaşlı şəxsin abituriyent SINAĞI

İyulun 14-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, imtahanda 34041 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17888 abituriyent II qrup üzrə, 16153 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 31037 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16009, III qrup üzrə 15028 nəfər), 3004 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1879, III qrup üzrə 1125 nəfər) məzunudur. Abituriyentlərin 15407 nəfəri oğlanlar (II qrup üzrə 11124 nəfər, III qrup üzrə 4283 nəfər), 18634 nəfəri isə qızlardır (II qrup üzrə 6764 nəfər, III qrup üzrə 11870 nəfər). 25741 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6903 nəfər əvvəlki illərin məzunlarıdır. 59 nəfər ali təhsil müəssisələrinin, 1338 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 176 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2002-ci ildəndir.

İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi", 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm