Müəllimlərin ən yaralı yeri - Onlara kim "stop" deyəcək?
Bizi izləyin

Elm və təhsil

Müəllimlərin ən yaralı yeri - Onlara kim "stop" deyəcək?

Təhsilalanların sertifikasiyası zamanı ixtisasdan yüksək bal toplayan müəllimlərin metodika imtahanından zəif nəticələrinin olması faktları var. Fənlər üzrə ixtisasdan 50 bal toplayan əksər müəllimlər metodikadan 10 balı tam toplaya bilməyiblər. Metodika imtahanı bir növ müəllimlərin başağrısına çevrilib. Hərçənd müəllimlər imtahandan öncə dərsin planlaşdırılması, sinfin idarə edilməsi, diferensial yanaşma, oxuyub-anlama bacarığının formalaşdırılması, sinifdə sağlam sosial-psixoloji və mənəvi-psixoloji mühitin yaradılması ilə əlaqədar mövzuların daxil olduğu təlim proqramına cəlb olunublar. Bəs ixtisasını əla bilən müəllimin metodikadan axsamasına səbəb nədir? Problemə ekspertlərin gözü ilə nəzər salanda incə mətləblər ortaya çıxır.

Problem şablon cümlələrdə və terminologiyadadır

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın sözlərinə görə, sertifikasiya istiqamətində metodistlər yetişdirilir. Belə ki, onlar məktəblərdə digər müəllimlərin dərslərində iştirak edir, mentorluq köməkləri göstərirlər: “El dilində sadələşdirsək, metodika kurikulumdur. Bölgələri gəzəndə də müşahidə edirik ki, müəllimlərin ən yaralı yeri kurikulumdur. Problem orada şablon cümlələr və terminologiyanın olması ilə bağlıdır. Bu, müəllimlərə bir az çətinlik yaradır. Bizdə metodika ilə bağlı kitabların tərcüməsini dünya qaynaqlarına istinad edərək yazıblar. Tutaq ki, “servis learning”dirsə tərcüməsini “xidməti öyrənmə” kimi qeyd ediblər. Bəs bunun izahı nədir? Bu, nəyə xidmət edir? Müəllim bunu bilsə, onu başa düşərək yazacaq. Müəllim ixtisası bilir. İxtisasını mənimsəyən müəllim metodikanı mənimsəyəndə çətinlik çəkə bilməz. Demək, bu məsələdə haradasa boşluq var”.

Praktik xarakterli təlimlərə ehtiyac var

G.Əkbərova hesab edir ki, tez və yaxşı nəticə əldə etməyin ən yaxşı yolu praktik xarakterli təlimlərdir: “Ümid edirəm ki, yeni metodistlərimiz bu məqamlara daha çox diqqət ayıracaqlar. Fikrimcə, növbəti mərhələdə bununla bağlı daha çox iş görüləcək”. G.Əkbərova hesab edir ki, metodika ilə bağlı problemlər məhz təcrübənin az olmasından qaynaqlanır: “Məsələn, mən imtahan verəndə səhvlərimdən biri - “qartopu üsulu” idi. Bu, mənə izah olunmayıb. Bununla bağlı dərslər təşkilatlara göndərilsəydi və ya saytlara yerləşdirisəydi, biz bu üsulu öyrənərdik. Yəni boşluqları bu formada müəyyən edib doldurmaq olar”.

Müəllimlərə dəstək üçün yollar tapmaq lazımdır

ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova prosesi belə izah edir: “Artıq 2009-cu ildən kurikulumlar yenilənməyə başlayıb. Hətta ondan əvvəl fəal təlim və yeni metodikalar ortaya gəlib. Ənənəvi təlim prosesindən təcrübə əsaslı təlim prosesinə keçdik və bunun içərisində bir çox fərqli metodikalar işlənməyə başladı, yeni təkliflər ortaya çıxdı. Müəllimlər də fərqli metodikalara üz tutmağa başladılar. Sürətlə dəyişən dünyanın tələblərinə uyğun yeni formatlar ortaya gəldi. Müəllimlərin də bir növ beyinləri qarışdı, çaşqınlıq yarandı. Onlar həddindən artıq yüklənməyə başladılar”. X.Həmidova müəllimlərin metodikadan tələb olunan balı tam ödəyə bilməmələrinin səbəbini əksəriyyətin ənənəvi metodika üzrə vərdişlərə yiyələnməsi ilə əlaqələndirir: “İnsanlar dörd il ixtisaslarının dərinliklərini öyrənirlər. Bu, onların biliyə yönələn kompetensiyalarıdır. Nəzəri məsələlər dərinləşdirilmiş şəkildə bütün müəllimlərimizdə formalaşdırılıb. Hələ də müəllimlərimizin çoxu köhnə dövrdə təhsil almış insanlardır. Biz bu müəllimləri çox da qınaya bilmərik, çünki əksəriyyəti ənənəvi metodika üzrə vərdişlərə yiyələniblər. Nə qədər yeni metodikanın nəzəriyyəsini oxusalar da, təcrübi-praktik tədrislə bağlı çətinliklər ortaya çıxır. İmtahanda daha çox praktik, nəticəyə əsaslanan suallar olduğu üçün müəllimlər cavablandırmaqda çətinlik çəkirlər”. Ekspert hesab edir ki, müəllimlər yeni tədris mühitinə uyğunlaşdıqdan, yeni nəzəriyyələri praktikaya tətbiq etməyə başladıqdan sonra nəticələr daha yüksək ola bilər: “Bu vəziyyətdə müəllimlərə dəstək ola biləcək yollar tapmaq lazımdır. Ortalama ballara baxdıqda görə bilərik ki, müəllimlər metodikadan az bal toplayıblar. Bu, onların sinifdə olan davranışlarından, səriştələrindən xəbər verir. Mənə görə, metodika suallar və testlə ortaya qoyulacaq bir həll deyil, daha çox praktik nümayiş olunmalıdır. Ona görə bəzən yanıla bilərik. Məsələn, müəllim imtahan zamanı suala cavab verməyə bilər, amma onun siniflərinə daxil olsaq çox gözəl metodiki bacarıqlarının və yaxşı nəticələrinin olduğunu görə bilərik”.

Hansısa qurum onlara “stop” deməlidir

X.Həmidova prosesdə yaxşı nəticənin əldə olunması üçün təlimçilərin peşəkar olmasını da ən vacib şərtlərdən biri hesab edir. Yəni metodikadan imtahana hazırlıq müddətində müəllimlər təlimlərə cəlb olunur. Bəs təlimçilər mentorlardırmı? X.Həmidova sualın cavabına tərəddüdlə yanaşır: “Bəzən burada da yanılmalar olur. Əvvəllər ixtisasartırma məcburi formada idi. İndi artıq təlimçilər regionlara - müəllimlərin yanına gedirlər. Bəs bu təlimçilərin seçimi nə qədər doğru aparılır? Onlar həqiqətən mütəxəssisdirlərmi? Onların seçimi necə baş verir? Hansı keyfiyyətlərə görə təlimçi seçilirlər? Bu sualların cavabı bir qədər çətindir. Məsələn, hazırda məktəbəqədər ixtisasa hazırlaşdıran kifayət qədər müəllim var. Adamları araşdıranda görürsən ki, kimya, coğrafiya və ya tarix müəllimidir. Əgər adamın məktəbəqədərdə bir gün belə təcrübəsi yoxdursa, yalnız kitablardan məktəbəqədəri öyrənibsə, o, ortaya nə qədər güclü metodika qoya bilər? Bu cür mənfi hallar var. Yəqin hansısa bir qurum onlara “stop” deməlidir”. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm