Elm və təhsil
“Niyə” sualı ilə həyatı dəyişən azərbaycanlı gənc: Sevincimdən yata bilmirdim
Onun adı bu il Prezident mükafatına layiq görülən 10 gənc arasında çəkilir. Uğurunun sirrini isə özünə verdiyi suallarda görür. Deyir ki, “bakalavr pilləsini bitirəndə elə bilirdim ki, çox şey bilirəm. Magistraturada az bildiyimi anladım, doktoranturada isə dərk etdim ki, dünya olaraq hələ öyrənməli çox şeyimiz var”. Müsahibimiz Prezident mükafatçısı Mahmud İsmayılovdur.

O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexanika kafedrasında müəllim və “Maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə doktorantdır. O, universitetin SABAH qruplarında mexanika mühəndisliyi üzrə bakalavr və magistraturanı fərqlənmə diplomu ilə bitirib, hazırda dənizdə üzən külək turbin platformalarının layihələndirilməsi sahəsində elmi tədqiqatlar aparır. Həmsöhbətimiz, həmçinin TEKNOFEST Azərbaycan robototexnika yarışının qalibi, IDDA & KOICA proqramının ən yaxşı təlimçisi, 13 elmi məqalə müəllifidir.
“Elm “niyə?” ilə başlayır”
- Mahmud bəy, uşaqlıqdan elmlə məşğul olmağı arzuladığınızı deyirsiniz. Axı uşaqların arzusu fərqli olur. Bu marağın kökündə nə dayanırdı?
- Uşaqlıqdan “niyə?” sualını çox verirdim. O qədər “niyə?” deyirdim ki, bəzən valideynlərim bu suallara cavab tapmaqda çətinlik çəkirdi. Ətrafda baş verən hadisələr, mövcud olan əşyalar, səbəblər və nəticələr, hər şey mənə maraqlı idi. İlk baxışdan suallarım hər uşağın sualları kimi sadə görünsə də, əslində, onların arxasında böyük elm dayanır. Əgər bu suallara həqiqətən dərindən cavab vermək istəsək, görərik ki, hər şey elmlə izah olunur. Elm mənim üçün həyatda olan bütün sualların cavabını axtarmağa imkan verən alətdir. Elmə olan marağım da həyatı öyrənmək sevgisindən qaynaqlanırdı.

- Hər uşaq “niyə” sualını verir, amma zamanla bu maraq azalır. Siz nə vaxt dərk etdiniz ki, verdiyiniz “niyə” suallarının arxasında məhz elm dayanır?
- İlk dəfə 6 yaşım olanda atam mənə disk hədiyyə etdi. Diskdə astronomiya ilə bağlı dünyanın hərəkəti, Günəş sistemi, planetlər, onların necə kəşf olunması və bu prosesləri araşdıran alimlər haqqında çox maraqlı məlumatlar var idi. Qaliley və Nyutonun adlarını da ilk dəfə o diskdə gördüm. Məni ən çox düşündürən sual bu idi ki, bu insanlar özlərinə hansı sualı veriblər və bu kəşfləri ediblər. Bəzilərinin cavabını tapmışam, bəziləri isə hələ də mənimlədir. Zamanla anladım ki, bütün böyük alimləri birləşdirən ortaq cəhət var: maraq, öyrənmək istəyi və “niyə?” sualını vermək cəsarəti. Əslində, elm “niyə?” ilə başlayır. Bu sualı verdikcə dayanmaq olmur, çünki cavab tapdıqca yeni suallar yaranır. Anladım ki, nə qədər çox “niyə?” soruşsaq, bir o qədər həyatı dərk etmiş olarıq.

“Uğura başlamağın təməli öz acizliklərini dərk etməkdən keçir”
- Təhsildəki uğurlarınızın səbəbini ilk uğursuzluğunuzda görürsünüz. Maraqlıdır, həmin uğursuzluq nə idi?
- Bəli. Bu, gənclər üçün motivasiya olar. Ali təhsildə hər üç pilləni fərqlənmə ilə bitirsəm də, məktəb vaxtı yaxşı oxumurdum. Çalışırdım, amma kifayət qədər deyil. Marağım daha çox texniki fənlərə olduğundan, məktəbdə tədris olunan ümumi fənlər diqqətimi çəkmirdi. Bu səbəbdən birinci il qəbul imtahanından kəsildim. Mexanika mühəndisi olmaq istəyirdim, çünki maraq göstərdiyim alimlərin həyat və yaradıcılığı məni bu istiqamətə yönəltmişdi. İmtahandan kəsilməyimin səbəbi isə öz tənbəlliyim idi. Çox insan bunu deməyə cəsarət etmir, amma uğura başlamağın təməli öz acizliklərini dərk etməkdən keçir. Mənim üçün bu, həyatımda aldığım ən böyük dərs oldu. Öz-özümə sual verirdim ki, niyə uğursuzluqla üzləşdim? Cavab bəzən acı olsa da, onu dürüstcə qəbul etmək və səbəbini başa düşmək lazımdır. Anladım ki, həyatdakı uğursuzluqların əsas səbəbi insanların reaksiyaları, davranışları, qərarları və niyyətləridir. Yəni hər şey bizim seçimlərimizdən və yanaşmamızdan başlayır. İkinci il hazırlığa başlayanda artıq bu dərsi almışdım və daha da həvəslə çalışdım. Bu dəfə yalnız universitetə qəbul olmaq üçün yox, əslində “niyə?” sualına cavab tapmaq üçün hazırlaşırdım. “Mən bunu niyə öyrənirəm və mənə niyə lazımdır?” sualı ilk uğurumu qazandırdı, arzuladığım ixtisasa qəbul oldum. Başa düşdüm ki, uğur yalnız çalışmaqdan deyil, niyyətin düzgün və məqsədin aydın olmasından asılıdır.

- Ali təhsilinizin bütün pillələrini Azərbaycanda, ADNSU-da tamamlamısınız və hətta SABAH qruplarından fərqlənmə diplomu ilə məzun olmusunuz. Bu karyeranıza necə təsir edib?
- Bakalavr dövründə müəyyən çətinliklərlə üzləşdim. Rus bölməsindən Azərbaycan bölməsinə keçdiyim üçün texniki terminlərdə çətinlik yaşayırdım. Lakin ana dilimdə təhsilimi davam etdirmək qərarı mənim üçün prinsipial məsələ idi. İkinci kursdan etibarən təhsilimi SABAH qruplarında davam etdirdim. Yataqxanada uğurlu gənclərlə birlikdə qalmağımın böyük faydası oldu. Onların 9-10 saat kitabxanada çalışdığını görürdüm. Belə insanları görəndə istər-istəməz sən də onlara qoşulursan. Görürdüm ki, onların uğurunun arxasında yalnız zəhmət, düzgün yanaşma və gördükləri işə sevgi dayanır. İnsan çalışdıqca və zəhmət çəkdikcə nəticə əldə edir. Bəli, universiteti fərqlənmə ilə bitirmişəm. Amma mənim üçün “fərqlənmə” anlayışı yalnız qırmızı diplomla məhdudlaşmır. Diplom sadəcə təsdiqedici sənəddir, əsas hədəf fundamental biliklər toplamaqdır. İş həyatına başlayanda anladım ki, universiteti yüksək göstərici ilə bitirmək işdə hər şeyi bildiyimiz anlamına gəlmir. Eyni zamanda onlayn və beynəlxalq layihələr üzərində işləyirdim və gördüm ki, daim öz üzərimizdə çalışmalıyıq. Magistraturada bu yanaşmanı daha da gücləndirdim, beynəlxalq çağırışlara uyğunlaşmağa çalışdım. Tələbələrimə deyirəm ki, bakalavrı bitirəndə elə bilirdim ki, çox şey bilirəm. Magistraturada az bildiyimi anladım, doktoranturada isə dərk etdim ki, dünya olaraq hələ öyrənməli çox şeyimiz var. Elmi yol mənim üçün bu axtarışın ən doğru yoludur.

- Fəaliyyətiniz tək öyrənmək və araşdırmaqla yekunlaşmır. Siz həm də TEKNOFEST Azərbaycan robototexnika yarışının qalibisiniz.
- Bir layihə üzərində işləmək istədim, amma alınmadı. Hiss etdim ki, bacarmayacağam və bu, məni məyus etdi. Elə həmin gün bakalavr tələbələri mənə yazdılar ki, gəlin birlikdə TEKNOFEST -ə qoşulaq, siz bizə mentor olun. O zaman magistratura tələbəsi idim. Dedim ki, mentor olmaq yox, gəlin komanda üzvü olum. Beləliklə, dostum və bakalavr tələbələri ilə birlikdə yarışmaya qatıldıq. Bu yarışda əsas məqsədimiz qalib olmaqdan daha çox, üzərimizə götürdüyümüz işi ən yaxşı şəkildə görmək idi. TEKNOFEST-in mənə ən böyük qatqısı maraqlı və real bir layihə üzərində işləmək imkanı oldu. Orada anladım ki, gənclərlə birlikdə hər şeyi etmək mümkündür. Düşünürdük və dərhal reallaşdırmağa çalışırdıq. Ağlımıza gələn hər ideyanı həyata keçirməyə cəhd edirdik. Başa düşdüm ki, gənclərlə hər şey mümkündür, sadəcə çalışmaq, inanmaq və istəmək lazımdır. TEKNOFEST mənə yalnız bilik yox, həm də bacarıq qazandırdı. Öyrəndiklərimi isə sonradan iş həyatımda tətbiq etdim.

“Sevincimdən yata bilmirdim”
- Bu il Prezident mükafatına layiq görülən 10 gəncdən birisiniz. Öyrəndiyinizdə ilk reaksiyanız necə oldu?
- Mükafata layiq görüldüyümü öyrəndiyim gün işdə idim. Səhifələri yeniləyirdim və Prezidentin sərəncamını gördüm. Siyahıda gənclərin adını qürurla oxuyurdum, çünki bir neçə gənci də tanıyırdım. Onların adını gördükcə, sevinir, həyəcanlanırdım. Siyahıda öz adımı oxuyanda isə çox qəribə oldum, əllərim titrədi. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir mükafat alacağam. Çox gözlənilməz oldu mənim üçün. Təbii ki, böyük qürur və sevinc hissi idi. Daha sonra təbriklər və zənglər gəlməyə başladı. Sevincdən işə fokuslana bilmirdim. İlk xəbəri yoldaşım və valideynlərimlə paylaşdım. Bu, çox sevincli bir hissdir və insan onu tam ifadə edə bilmir. Həmin an emosiyalar qarışıq olur. Hətta sabahı və ertəsi günü də sevincimdən yuxuya gedə bilmədim.

- Bu mükafat sizin üçün nə deməkdir - motivasiya, tanınma, yoxsa ikiqat məsuliyyət?
- İlk növbədə çox böyük məsuliyyətdir. Onsuz da hər zaman üzərimdə məsuliyyət hiss etmişəm. Mənə görə bütün nailiyyətlər etimaddır. İstər diplomlarım, istər TEKNOFEST-də qələbəmiz olsun, hər biri üzərimizə öhdəlik qoyur. Bu mükafat isə məsuliyyətimi beşqat artırdı. Hazırda daha çox düşünürəm və bu məsuliyyətin yaratdığı yükü daha aydın hiss edirəm. Əlbəttə, həm də mənim üçün böyük motivasiyadır. Gördüyümüz işlərin Prezident tərəfindən dəyərləndirilməsi inanılmaz hissdir. Eyni zamanda bu, nəinki mənim ətrafımdakı insanların, dəstək olanların, məni tanıyanların və tələbələrimin də motivasiyasını artırdı. Həmişə onlara deyirəm ki, zəhmət və çalışma uğura aparır. Uğurun əsas tərkib hissələrindən biri isə işə sevgi ilə yanaşmaqdır. Sevgi yoxdursa, nə qədər zəhmət çəkilsə də, nəticə alınmır. Bu mükafat mənim üçün yekun deyil, başlanğıcdır. Qarşıma daha böyük hədəflər qoyub, elm sahəsində beynəlxalq töhfələr verməyə çalışacağam.
“İnsan işinin məcnunu olmalıdır”
- ADNSU-da müəllim kimi fəaliyyət göstərirsiniz. Elmi tədqiqatlarınız və beynəlxalq layihələrdəki təcrübəniz dərslərinizə necə təsir edir?
- Müəllimlik fəaliyyətim dövründə beynəlxalq layihələrdə iştirak etmişəm. Həm tədris-pedaqoji, həm də elmi layihələrdə çalışmışam. Beynəlxalq layihələrdən biri NATO SPS qrantıdır, burada hidrogen batareyaları üzərində işləmişik. Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri universiteti ilə universitetimiz arasında bir qrant həyata keçirilirdi, orada qalib olmuşam və qranta rəhbərlik edirəm. Hazırda universitetdə dənizdə üzən platformalara düşən yükləri təyin etmək üçün qurğu hazırlayırıq. Digər bir qrant isə termal enerji sahəsi ilə bağlıdır. Təbii ki, bu təcrübə müəllimlik fəaliyyətimə böyük təsir göstərir. Artıq tələbələrimi də həvəsləndirirəm. Dərs demək müəllimliyin görünən hissəsidirsə, elmi fəaliyyət onun əsas hissəsidir. Elmi tədqiqatlar, araşdırmalar, məqalələr, beynəlxalq konfranslar müəllimliyin ən gözəl tərəfləridir. Tələbələri həvəsləndirir, məlumatlandırır və yenilikləri öyrədərək onları da qrantlara cəlb edirəm. Birlikdə çalışırıq və tələbələrimlə qürur duyuram. Layihələr üzərində işləyərkən onların gözündəki parıltını görsəniz, nə demək istədiyimi anlayarsınız.

- Yaşınızın az olmasına baxmayaraq, artıq Prezident mükafatı, TEKNOFEST qalibliyi və beynəlxalq qrant layihələrinə rəhbərlik kimi ciddi nailiyyətləriniz var. Bu uğurun sirri nədir?
- Ya sevdiyiniz işlə məşğul olmalısınız, ya da məşğul olduğunuz işi sevməlisiniz. Üçüncüsü yoxdur, varsa da, əziyyətdir. Sevdiyiniz işi görmək heç vaxt əziyyət deyil. Bu sevgi, işinizi başqalarına göstərmək, tərif almaq və ya qiymət qazanmaq üçün olmamalıdır. İşinizi saf şəkildə sevməlisiniz. Bunu başa düşsəniz, hansı sahədə olursunuzsa olun, uğur qazanacaqsınız. İşinizi sevməsəniz, yarımçıq qalarsınız. Bəzən 20 saat, hətta bir sutka yuxusuz işləyirsən, amma sevgi varsa, hər şey asan olur. İnsan işinin vurğunu, məcnunu olmalıdır. ("Kaspi" qəzeti)
-
İqtisadi gündəm13:50“Milli magistral yol” - Pul köçürmələri daha təhlükəsiz olacaq
-
Magazin113:45Teleaparıcı icra başçısından ayrılıb?
-
Nəqliyyat13:22“BakuBus”un sürücüsü mərsiyə səsləndirdi - VİDEO
-
Ekologiya13:00Bəzi rayonlara intensiv qar yağacaq
-
Sağlamlıq11:41Bizi qocaldan nələrdir? - Məşhur geriatrdan məsləhətlər
-
Hadisə11:12Bakı-Qazax yolunda dəhşətli qəza - VİDEO
-
Hadisə10:52146 kq at ətini mal əti adı ilə satmağa hazırlaşan dəstə tutuldu
-
Nəqliyyat10:43Relslər üzərində yeni ümid: Bakının “nəqliyyat dərdi”nə dərman olacaq?









.jpg)




























