İqtisadi gündəm
Fiziki şəxslərin əmanətlərinin həcmi ən yüksək göstəriciyə çatıb - Vüsal Qasımlı
İl ərzində bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb.
Publika.az xəbər verir ki, bunu da keçirdiyi mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, digər tərəfdən bankların balans kapitalı, əməliyyat mənfəəti və digər mənfəətlilik göstəriciləri üzrə müsbət dinamika müşahidə olunub: “Bankların kredit qoyuluşu 11 faiz artıb. Bu il bank filial, şöbələrinin, nümayəndəlik, xidmət vasitələrinin sayı (məsələn, ATM), həmçinin sektorda işçi sayının əsaslı dərəcədə artdığının şahidi olduq. Belə ki, sektorda işçi sayı təkcə il ərzində 10 faizlik rekord artım nümayiş etdirdi. Geniş spektrdə aparılan sanasiya tədbirləri, toksik aktivlərin kredit portfelindəki xüsusi çəkisinin azaldılması, bank sistemində riskəsaslı idarəetmə konsepsiyasının təşviq edilməsi nəticəsində il ərzində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi rekord həcmdə - 2,6 faiz azalıb və beləliklə, kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib. Əlbəttə ki, burada cənab Prezidentin 28 fevral 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman”ın rolunu xüsusilə qeyd etməliyik. 800 mindən çox insanı əhatə edən bu sənəd özünün müstəsna sosial mahiyyəti ilə birgə bank sektoru üçün sözün əsl mənasında tamamilə yeni səhifə açdı və bank sektorunun gələcək inkişafı üçün də möhkəm zəminlər yaratdı. Bu ilin ilk 10 ayında banklarda yerləşdirilən depozitlərin həcmi 23 milyard 413 milyon manata çatıb ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir. Fiziki şəxslərin əmanətlərinin həcmi isə son illər üzrə ən yüksək göstəriciyə - 8 milyard 811 milyon manata çatmaqla 5 faizlik artım nümayiş etdirib. Depozitlərin keyfiyyət göstəriciləri üzrə də tendensiyalar pozitiv dinamika ilə yaxşılaşıb. Belə ki, ötən il müşahidə olunan əmanətlərin və kredit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib. İl ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi artıq 37%-ə çatıb ki, bu da 2015-ci ildən sonra müşahidə olunan ən yüksək göstəricidir və milli valyutanın dayanıqlılığına olan etimadın artmasının ən yaxşı nümunəsi hesab edilə bilər”.
Vüsal Qasımlının sözlərinə görə, cari il bank sisteminin qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından da faydalı oldu: “Ölkədə ilk dəfə olaraq, valyuta əməliyyatlarının aparılmasında xüsusi rejimin yaradılması barədə qərar verildi. Belə ki, 15 mart 2019-cu il tarixində edilmiş dəyişikliyə əsasən, Ələt azad iqtisadi zonasında valyuta əməliyyatlarının ayrıca qanunla - “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənməsi qəbul edildi. “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna 19 fevral 2019-cu ildə dəyişiklik edilərək əmanətlərin tam sığortalanması mexanizmi daha 1 il müddətinə uzadıldı. Əlavə olaraq, 2019-cu ildə bank sektorunun fəaliyyətini tənzimləyəcək bir sıra normativ-hüquqi aktlar qəbul edilməklə bank sektorunun institusional bazası möhkəmləndirilib ki, bunlardan da “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”, “Banklarda korporativ idarəetmə Standartları” kimi qanunvericilik aktlarını xüsusilə qeyd edə bilərik. Eyni zamanda, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” qəbul olunmaqla rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər banka getmədən bank hesablarının məsafədən açılması imkanı əldə etdilər. Onu da xüsusilə qeyd edək ki, Azərbaycan Estoniyadan sonra dünyada elektron rezident formalaşdıran 2-ci ölkədir. Qəbul olun qaydalar və icra edilmiş tədbirlər qeyri-rezidentlərin ölkəyə gəlmədən burada biznes fəaliyyəti həyata keçirmələrinə imkan yaratmış oldu. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli sərəncamı isə bu sahədə yeni mərhələnin başlanğıcını qoydu. Sektor daxili və xarici şoklara qarşı dayanıqlı, risk idarəetməsi proseslərinə dərindən fokuslanıb, effektiv tənzimləmə, şəffaf korporativ idarəetmə və güclü infrastruktur elementləri ilə əhatə olunub. Nağdsız ödənişləri geniş təşviq edən, real sektoru maliyyələşdirən və yüksək inkişaf potensialına malik maliyyə-bank sistemi formalaşdırmaq əsas gözləntilərdəndir”.
Səxavət
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar