Nazir: 700 milyon manat büdcəyə qaytarılıb
Bizi izləyin

İqtisadi gündəm

Nazir: 700 milyon manat büdcəyə qaytarılıb

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin videkonfrans formatında geniş kollegiya iclası keçirilib. İclasda dövlət başçısının 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə verdiyi tapşırıqlardan irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə olunub.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, çıxış edən nazir 2020-ci ilin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və yenilməz sərkərdəliyi ilə xalqımızın Qarabağın azadlığı uğrunda apardığı Vətən müharibəsində Qələbəsi - Zəfər ili kimi yadda qaldığını vurğulayıb.

Dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə, o cümlədən yanvarın 14-də Qarabağın tacı, mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərinin və Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda beynəlxalq hava limanının təməlinin qoyulmasının doğma torpaqlarımızın dirçəldilməsinin və böyük qayıdışın təminatı olduğunu qeyd edib.

Bildirib ki, cənab Prezident İlham Əliyevin ölkə başçısı kimi 17 illik fəaliyyəti ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, onun iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə yönələrək bu möhtəşəm qələbəmizi şərtləndirib. Dövlət başçısının qeyd etdiyi kimi, "Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır". Nüfuzlu beynəlxalq maliyyə qurumlarının hesabatlarında ölkəmizin inklüziv inkişaf indeksi üzrə 3-cü yerdə olması, dövlətin siyasi sabitliyi təmin etməsinə və hökumətin uzunmüddətli strategiyasına görə 10-11-ci yerlərdə qərarlaşması və bir daha dünyanın ən islahatçı 10 ölkəsi sırasına daxil edilməsi bunun əyani təzahürüdür.

Kollegiyada qarşıda duran ən mühüm vəzifənin işğaldan azad edilmiş ərazilərin bərpası olduğu vurğulanaraq bununla bağlı təxirəsalınmaz məsələlərin həlli və fəaliyyətin əlaqələndirilməsi üçün ölkə Prezidenti tərəfindən Əlaqələndirmə Qərargahının yaradıldığı vurğulanıb. Bununla əlaqədar ədliyyə orqanları tərəfindən fəaliyyətin Qərargahla koordinasiyada qurulması və qarşıda duran vəzifələrin mütəşəkkil icrası ilə bağlı tədbirlər müəyyən edilib.

İclasda Ədliyyə Nazirliyinin 2020-ci ildə fəaliyyətinin yekunları müzakirə olunaraq qlobal pandemiya şəraitində fəaliyyətin təşkili üzrə zəruri profilaktik işlərin aparıldığı, ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığın asanlaşdırılması məqsədilə innovasiyaların tətbiqinin genişləndirildiyi, vətəndaşların müraciətləri və qəbulu işinin, əhaliyə göstərilən ədliyyə xidmətlərinin elektron qaydada həyata keçirildiyi vurğulanıb.

Məlumat verilib ki, 2020-ci ildə nazirlik tərəfindən 1.800-dək qanunvericilik aktı layihəsi hazırlanıb, 3.300-ə yaxın akt hüquqi ekspertizadan keçirilib, 3,9 milyon notariat hərəkəti rəsmiləşdirilib, 290 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb. Bu əməliyyatlarla bağlı 7 milyon manat vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 36 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb. "Mobil notariat"ın funksionallığı artırılaraq, bir sıra etibarnamələrin mobil qaydada verilməsi təmin edilib. Həmçinin, çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 7 siyasi partiya, habelə 145 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 45 mətbu nəşr uçota götürülüb.

İclasda məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması, alternativ mexanizmlərin, o cümlədən özəl icranın tətbiqi ilə bağlı tədbirlərin davam etdirildiyi, bu sahədə xarici təcrübənin öyrənilməsi üçün beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurulduğu bildirilib, 409 min icra sənədinin icrasının təmin edildiyi, 700 milyon manat vəsaitin fiziki və hüquqi şəxslərə, habelə vergi borcları üzrə büdcəyə ödətdirildiyi qeyd olunub, borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada aparılması, uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə həyata keçirilməsi imkanının yaradıldığı vurğulanıb.

Məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 35 000-ə yaxın işə baxılıb, bələdiyyələrin 77 000-dən çox aktı inzibati nəzarət qaydasında yoxlanılıb, qanunsuz ayrılmış 8 200 hektardan artıq torpaq sahələri geri qaytarılıb, cinayət xarakterli 23 fakt üzrə materiallar prokurorluğa göndərilib.

Kollegiyada həmçinin, ədalət mühakiməsinin həyata keçirilməsi, müasir məhkəmə infrastrukturunun yaradılması üzrə tədbirlər qeyd edilib, məhkəmə proseslərinin videoformatda keçirilməsi imkanının yaradıldığı, habelə cinayət işlərinə də video-əlaqə ilə baxılması üçün dövlət başçısının təşəbbüsü ilə qanunvericiliyə mühüm dəyişikliklər edildiyi diqqətə çatdırılıb. "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin respublikanın bütün ərazisi üzrə tətbiqi üçün Dünya Bankı ilə birgə görülən əməli tədbirlər vurğulanıb.

İclasda dövlət başçısının bütün sahələrdə islahatlarının davam etdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılması, büdcə xərclərinə nəzarətin gücləndirilməsi, israfçılığa yol verilməməsi ilə bağlı və digər tapşırıqları diqqətə çatdırılaraq ədliyyə fəaliyyətinin ölkə Prezidentinin yüksək tələbləri səviyyəsində qurulması, vətəndaş məmnuniyyətinin, şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyinin, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi qeyd olunub. Nazirliyin fəaliyyət istiqamətləri üzrə əsas prioritetlər, o cümlədən ədliyyə sahəsində işin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, kadr korpusunun peşəkar və mənəvi cəhətdən saf işçilərlə komplektləşdirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi, regional idarələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə olunması və s. ilə bağlı konkret tapşırıqlar verilib.

Sonda bir sıra qeyri-hökumət təşkilatları dövlət qeydiyyatına alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm