İqtisadi gündəm
Vüsal Qasımlı: “Böyük güclər də “Zəngəzur dəhlizi”ndə maraqlıdırlar”
“Vətən müharibəsində Qələbəsi ilə geo-strateji və geo-iqtisadi əhəmiyyətini daha da artıran Azərbaycan Şərq-Qərb xəttinin üzərində Bakı-Tbilisi-Qars və Zəngəzur nəqliyyat damarları ilə şaxələnməni həyata keçirir və böyük Avrasiya coğrafiyasının “çeşidləmə mərkəzi”nə çevrilir”.
Publika.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bunu qurumun icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” təkcə Naxçıvanla Azərbaycanın qalan bölgələri arasında nəqliyyat imkanlarının açılması deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir: “Suveyiş kanalında hadisə Çin və Avropa arasında quru nəqliyyatının əhəmiyyətini artırıb. Hazırda Çindən Avropaya gedən nəqliyyat vasitələrinin sayı artdıqca, əks istiqamətdə də nəqliyyat vasitələrinin işləməsinə ehtiyac yaranır ki, xərclər aşağı düşsün. Üstəlik, “Zəngəzur dəhlizi”nə marağı artıran daha bir amil, Avrasiyada şimal quru yolu üzrə Polşa-Belarus sərhədində yaranan texniki və idarəetmə məhdudiyyətləri ilə bağlıdır. Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” bu baxımdan Şərq-Qərb üzrə gündəlik milyardlarla dollar daşıma həyata keçirən kommersiya qurumlarına və onların maraqlarını müdafiə edən başda Çin və Avropa olmaqla dövlətlərə sərfəlidir. İllik ticarət dövriyyəsi 2019-cu ildə 560 milyard avroya çatan Avropa İttifaqı və Çin “Zəngəzur dəhlizi” kimi alternativ marşrutlarda maraqlıdır. Eyni zamanda ticarət dövriyyəsi 6 milyard dollara çatan Türkiyə və Mərkəzi Asiya, həmçinin 21 milyard dollarlıq ticarət dövriyyəsinə sahib olan Çin və Türkiyənin perspektiv iqtisadi əlaqələri üçün “Zəngəzur dəhlizi” əhəmiyyətlidir. Hətta “Zəngəzur dəhlizi” Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər.
Okeanlarda Kamçatkadan Malay yarımadasına qədər “birinci ada zənciri” ilə üzləşən, eyni zamanda coğrafiyasının qərb dərinliklərində daxili regionlarını inkişaf etdirmək istəyən Çin Orta dəhlizin üzərində yerləşən və diversifikasiya imkanı yaradan Zəngəzur marşrutunu dəstəkləyir. Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda deyirdi ki, ““Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir… ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.” Bakı dəniz limanını “yaşıl liman” olaraq qəbul edən Avropanın da “Zəngəzur dəhlizi”ndə iqtisadi maraqları var. Yeri gəlmişkən, 2020-ci ildə COVİD-19 pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20% artmışdır. Həmin ildə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olmuşdur. Aydınlıq üçün deyək ki, 2020-ci ildə “EU-China Express” yük qatarlarının daşıması əvvəlki illə müqayisədə 65 % artıb. Bakı Limanında son 5 ilin göstəriciləri ilə müqayisədə TIR-ın aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında aşırılan yüklərin həcmində isə 3,5 dəfə artım qeydə alınıb”.
V.Qasımlının fikrincə Ermənistanın dəmiryollarına nəzarət edən Rusiyanın Cənubi Qafqaz Dəmiryolu Şirkəti də “Zəngəzur dəhlizi”ndə kommersiya baxımından maraqlıdır:“Ermənistandan İrana 3,5 milyard ABŞ dollarına başa gələcək bahalı dəmiryol xəttinin çəkilməsində marağı olmayan rəsmi Tehran üçün də “Zəngəzur dəhlizi” yeni nəqliyyat imkanları açdığına görə iqtisadi baxımdan faydalıdır.
“Nobel laureatı Pol Kruqmanın “Kanada özündən çox ABŞ-a yaxındır” ifadəsi bizim regiona tətbiq edilsə, “Ermənistan özündən çox Azərbaycana yaxındır” deyilə bilər. Ermənistanın 1570 kilometrlik dövlət sərhədinin 2/3-i Azərbaycanladır, hətta yerdə qalan 1/3 uzunluqda sərhədin də yarısından çoxu Azərbaycanın müttəfiqi Türkiyə ilədir: “Ermənistanın qonşulara ərazi iddiası səbəbindən sərhədlərinin 83,2 faizi qapalıdır. Ermənistanın sanksiyalara məruz qalmış İranla 44 kilometrlik sərhədi məhdud ötürücülük imkanlarına malikdir, Gürcüstan üzərindən əsas ticarət tərəfdaşı Rusiyaya yeganə çıxış yolu olan “Yuxarı Lars” keçid məntəqəsinin mövsümi amillər də nəzərə alınmaqla potensialı aşağıdır. Buna görə də Sinqapur möcüzəsinin atası sayılan Li Kuan Yunun dediyi kimi “qonşularla döyüşmək yox, ticarət etmək lazımdır”. Zəngəzur yolunun açılması ilə Ermənistan dalana dirənən iqtisadiyyatı üçün müəyyən perspektivlər aça bilər. Ermənistanın “Zəngəzur dəhlizi” üzrə müqaviməti Azərbaycanın yaratdığı yeni geo-iqtisadi reallıqda mənasızdır”.
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?