Qlobal ərzaq inflyasiyasını hansı faktorlar tətikləyir?
Bizi izləyin

İqtisadi gündəm

Qlobal ərzaq inflyasiyasını hansı faktorlar tətikləyir?

Dünya üzrə zəruri ərzaq məhsullarının bahalaşması son 10 ilin rekord səviyyəsinə çatıb. Belə ki, taxıl məhsullarının qiymətləri bu ilin noyabrında əvvəlki ayla müqayisədə 3,1 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 23,2 % artıb. Buğdanın qlobal qiymətləri 2011-ci ilin may ayından bu yana ən yüksək səviyyəyə çatıb. Bahalaşma süd məhsullarının qiymətlərində də özünü göstərib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə noyabrda bu məhsulların qiymətində 19,1 % artım qeydə alınıb. Bitki yağları, ət və şəkər məhsullarında da qiymət artımı olub.

İstehlak qiymətlərinin artımı demək olar ki, bütün aparıcı iqtisadiyyatlar üzrə özünü göstərməkdədir. Belə ki, Avropanın aparıcı iqtisadiyyatı olan Almaniyada ilkin qiymətləndirməyə görə oktyabrda inflyasiya 28 ilin maksimumuna kimi sürətlənib. Dünyanın ən iri iqtisadiyyatı olan ABŞ-da biznes tədarük zəncirindəki çətinliklərlə əlaqədar olaraq oktyabrda istehlak qiymətləri indeksi sentyabr ayına nisbətdə 0,9 %, keçən ilin eyni ayına nisbətdə isə 6,2 % artıb. Ölkənin Əmək Nazirliyinin məlumatına görə, artım tempinə görə oktyabrda inflyasiya son 31 ilin rekord səviyyəsinə çatıb. Braziliyada istehlak qiymətlərinin artım tempi 18 ilin maksimumuna çatıb. Avrozonada окtyabrda istehlak qiymətləri 2008-ci ilin maliyyə böhranından bu yana ən yüksək həddə çatıb. Qonşu Rusiyada istehlak inflyasiyası 2015-ci ilin dekabr ayının maksimumundadır.

Bəs qlobal miqyasda ərzaq qiymətlərinin artımını şərtləndirən səbəblər nədir?

Qiymət artımının kökü bütün dünyanı caynağına alan koronavirus pandemiyasına dayanır. O, faktiki olaraq illərlə forlaşmış ənənəvi qlobal tədarük zəncirini sıradan çıxarmış oldu. Dünya ölkələrinin virusdan qorunmaq məqsədilə həyata keçirdiyi sərt karantin tədbirləri ilə əlaqədar olaraq bir sıra məhsullara, o cümlədən idman ləvazimatlarına, planşet, noutbuklara, ev üçün mebellərə tələb əhəmiyyətli dərəcədə artdı. Sosial təcriddən dolayı limanlarda işçi qüvvəsi çatışmazlığı yarandı. Paralel olaraq gömrük nəzarətinin gücləndirilməsi ilə əlaqədar olaraq yoxlamalar daha çox vaxt almağa başladı. Beləliklə dünyanın aparıcı limanlarında tıxaclar yarandı ki, bu da nəticə etibarı ilə yubanmalara gətirib çıxardı.

Vəziyyəti daha problemli məcraya yönəldən faktor koronavirus pandemiyasının mənfi təsirlərini üzərindən atan qlobal iqtisadiyyatın bərpa mərhələsinə girərək enerji daşıyıcılarına tələbatının artması oldu. Lakin tələblə təklif arasında böyük disbalansın olması dənizlə yükdaşımaların qiymətlərinin kəskin artmasına gətirib çıxardı. Belə ki, 40 futluq konteynerin Asiyadan ABŞ-a çatdırılması son iki ildə 12 dəfə, Avropanın ən iri limanı olan Rotterdamdan dünyanın ən yüklü limanı olan Şanxaya dəniz yolu ilə daşınmanın dəyəri cəmi bir ilə 10 dəfə bahalaşdı. BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 2021-ci il üçün dəniz nəqliyyatının icmalına əsasən konteyner daşımalarının tariflərinin indiki artımının dayanıqlı olacağı təqdirdə 2023-cü ilə kimi qlobal idxal qiymətləri 11 %, istehlak qiymətləri 1,5 % arta bilər. İdxal qiymətlərinin artmasından dəniz daşımalarından asılı olan və istehlak ehtiyaclarının böyük hissəsini idxal hesabına ödəyən kiçik iqtisadiyyatlar daha çox zərər çəkəcək.

Enerji daşıyıcıları təklifinin tələbin xeyli altında olması onların da bahalaşmasına gətirib çıxardı. Bu, özünü daha kəskin formada Avropada göstərdi. Belə ki, “köhnə kontinent”də qazın 1 000 kubmetrinin qiyməti tarixdə ilk dəfə olaraq 1 940 ABŞ dolları həddinə çatdı. Təbii qazın qiymətlərinin bir ildə 5-6 dəfə bahalaşması mineral gübrə istehsal edən ayrı-ayrı Avropa şirkətlərini istehsalı dayandırmağa və ya məhdudlaşdırmağa sövq etdi. Belə ki, onlar bu cür qiymətlərlə artıq Rusiya, Körfəz ölkələri və Şimali Afrikadan olan istehsalçılarla rəqabət aparmaq qabiliyyətində deyildilər. Nəticədə gübrələrin qlobal tədarükü aşağı düşdü, bu isə öz növbəsində qiymətlərin artmasına gətirib çıxardı. Bahalaşma özünü daha çox azot gübrələrində göstərdi. Çünki həmin gübrələrin istehsalında təbii qaz maya dəyərinin 80 %-ni təşkil edir. Ən yüksək azot tərkibli gübrə olan karbomidin bir tonunun qiyməti noyabrda əvvəlki aya nisbətən 30 % artaraq 900 ABŞ dollarına çatdı. Azot və fosfor gübrələrinin qiymətləri ötən ilə nisbətən 2 dəfə artıb, kalium xlorid isə 1,5 dəfə bahalaşıb.

Avropada havanın sərtləşməsi ilə əlaqədar olaraq təbii qaz yenidən bahalaşmağa başlayıb və qiyməti artıq min kubmetr üçün 1 800 ABŞ dolları ətrafında qərarlaşıb. Hazırda “köhnə kontinent”in yeraltı qaz anbarlarında rekord həddə az qaz ehtiyatı tədarük olunub. Ən son aktual məlumatlara əsasən, yeraltı qaz anbarlarına 64,9 milyard kubmetr (60 % doldurulub) qaz vurulub. Halbuki ötən ilin eyni dövründə bu göstərici 86,3 milyard kubmetr olub. Digər tərəfdən, texniki səbəbdən Fransada yerləşən “Sivo” atom elektrik stansiyasının iki reaktorunun dayanması elektrik enerji istehsalının 10 % azalmasına gətirib çıxarıb. Bu isə öz növbəsində onsuz da təklifin yetərli olmadığı bir vaxtda qiymətlərə əlavə təzyiq yaradır. Qlobal bazarın klinik vəziyyətindən çıxış edərək demək olar ki, istehlak inflyasiyası getdikcə daha da dərinləşəcək və proses ən azı gələn yaza kimi davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm