“Şimal axını” kəmərində TƏXRİBAT: Qərb Rusiyanı günahkar sayır
Bizi izləyin

İqtisadi gündəm

“Şimal axını” kəmərində TƏXRİBAT: Qərb Rusiyanı günahkar sayır

“Sentyabrın 27-də “Şimal axını” qaz kəmərinin istismarına məsul “Nord Stream” operator şirkəti açıqlama yaydı ki, Baltik dənizinin Danimarka sularında kəmərlərdə texniki qazın təzyiqinin azalması və qaz sıması qeydə alınıb. İşçi təzyiqi 105 atmosferdən 7-ə düşüb, sonra isə tamam kəsilib. Bu o deməkdir ki, xətdə qəza baş verib və qaz dənizə sızıb”.

Bu barədə Publika.az-a danışan neft-qaz sahəsi üzrə ekspert İlham Şaban bildirdi ki, sonradan “Şimal axını” xəttindəki digər iki kəmərdə də qazın təzyiqinin aşağı düşməsi müşahidə olundu:

“Ümumilikdə 500 milyon kubmetr texniki qaz ətraf mühitə yayılıb. Hadisədən bir neçə saat sonra Danimarka hökuməti ilk görüntüləri yaydı. Aydın oldu ki, Baltik dənizinin üzərində 50 kilometr radiusda ağ qabarcıqlar yaranıb. Məsələ burasındadır ki, bu günədək dünyada belə bir hadisə baş verməyib. Neft-qaz kəmərlərində sızma mümkündür, amma eyni vaxtda kəmərdə belə nasazlığın yaranması ağlagəlməzdir. Çünki, borular poladdan hazırlanır və onun üstündə ən azı 20-30 mm-lik beton örtüklər olur. Bu örtüklər kəmərləri həm kənar təsirdən, terror aktından qoruyur, həm də kəmərin korroziyaya uğramasının qarşısını alır”.

Ekspertin sözlərinə görə, hazırda Avropanın və Rusiyanın neft-qaz sektorunda təlatüm müşahidə olunur:

“Bir neçə gün əvvəl London birjasında qazın qiyməti 1720 dollara düşdü. Bu fakt ictimailəşəndən sonra qaz 1940 dollara qədər bahalaşdı. Çoxları bunu təxribat hesab edir. Avropada belə fikir var ki, hadisəni Rusiyanın özü törədib. Moskvada isə belə düşünürlər ki, oktyabrdan sonra Aİ üzvləri Rusiya qazının və neftinin yuxarı həddini müəyyənləşdirəcək və bunu səkkizinci paket sanksiyasına nail olacaqlar. Kreml bəyan edir ki, əgər hansısa ölkə buna səs versə onunla Rusiya arasında enerji əməkdaşlığı bitəcək. Yəni o ölkəyə enerji daşıyıcıları satılmayacaq. Məhz buna görə ruslar prosesi qabaqlamaq üçün qazın nəqlini kəskin azaldıblar. Guya baş verən hadisələrin günahkarı Avropa ölkələridir”.

Sonda İ.Şaban vurğuladı ki, son hadisələr Qərblə Rusiya arasında yaşanan hərbi-siyasi gərginliyin pik həddə çatdığını göstərir:

“Bu həftə həm Qərbdə, həm Rusiyada, həm də regional mediada müzakirə olunan əsas məsələ Rusiyanın nüvə silahlından istifadə edə biləcəyi iddiası ilə bağlıdır. Bundan sonra atılacaq addımlar hərbi-siyasi münasibətlərdən asılı olacaq”.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm