Hadisə
Cahangir Hacıyevin ŞOK ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI: neft yatağı alıb və...
"Azərbaycan Beynəlxalq Bankı" ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Fuad Abdullayev ifadə verib.
O bildirib ki, 1992-ci ildən Beynəlxalq Bankda çalışıb, 2001-ci ildə isə bankın Moskva filalının rəhbəri olub: "Cahangir Hacıyev bankın rəhbəri olandan sonra məni Moskva filialına rəhbər təyin etdi. Orada bir çox layihə işləri həyata keçirildi. Bəzi götürülmüş kreditləri ödənilib.
Mən 2015-ci ildə bankdan ayrılandan sonra götürülmüş kreditlərin aqibətindən xəbərim yoxdur. Kreditlərin verilməsində göstərişi Cahangir Hacıyev verib. Mənim vaxtımda bankda 69 veksel əməliyyatı həyata keçirilib".
Fuad Abdullayev qeyd edib ki, Cahangir Hacıyevi Emin Sadiq adlı şəxslə tanış edib: "Neft yatağının alınması ilə bağlı razılıq əldə edildi. Həmin yataq bir neçə şəxsin adına rəsmiləşdi. Bankın Hətəm Həsənov adlı əməkdaşının adına 60 faiz rəsmiləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfərin və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Luksemburq şirkəti, yəni Xaqani Bəşirov təmsil edirdi.
Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan məhkəməsində bu işlə bağlı məhkəmə çəkişməsi gedir".
Fuad Abdullayev qeyd edib ki, layihəyə ayrılan pullardan C.Hacıyevin xəbəri olub, onun göstərişi ilə həyata keçirilib: "Rusiyada yaşayan azərbaycanlı iş adamı, Telman İsmayılov bankdan 70 milyon dollar kredit götürüb. O, Odessa şəhərində ticarət şirkətlərinin inşası üçün Beynəlxalq Bankın Moskva filialına müraciət etdi. Ona layihə üçün kredit verildi. Lakin Telman İsmayılovun işlərində problemlər yarandı, krdeditləri ödəyə bilmədi, 2013-cü ildə ödənişləri dayandırdı. Sonra Telman İsmayılov 4 şirkətini Cahangir Hacıyevin tanışı olan, Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə keçirdi".
Şahidin sözlərinə görə, ilk turist kosmonavt müsəlman qadın olan Ənuşə Ənsari də bankdan kredit götürüb: "Ənuşə Ənsari ABŞ-da "Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredit götürdü. Sonra kreditin faizi ödənildi, əsas borc isə qalıb. Mən işdən ayrılandan sonra bu barədə məlumatım yoxdur".
Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.
İstintaq sənədlərinə görə, təqsirləndirilən şəxslərdən İsmayıl Hidayətzadə Cahangir Hacıyevin bacanağıdır. O, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru vəzifəsində işləyərkən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmə isə onun cəzasını 5 ilə endirib.
Bundan başqa, "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erxan Cavad daha əvvəl bu iş üzrə həbs edilib.
İstintaq dövründə Nərimanov rayon Məhkəməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Erxan Cavad məhkəmə zalında azadlığa buraxılıb.
Cahangir Hacıyev və digər şəxslər Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 193-1.3.1-ci (mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 213.2.1-ci (mütəşəkkil dəstə tərəfindən vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 213.2.2-ci (külli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.
Aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaqla Cahangir Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Ondan 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.
Həmin dövrdə Cahangir Hacıyevlə birlikdə 7 nəfər də mühakimə olunub. Həmin hökmə əsasən 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI