Şeyxin adını öz cinayətinə qatan kimdir: Bir qatilin tarixçəsi
Bizi izləyin

Hadisə

Şeyxin adını öz cinayətinə qatan kimdir: Bir qatilin tarixçəsi

Bağlanmış klinikanın həbsə atılan dələduz direktoru, özünün ixtisasca filoloq, Jurnalistlər, Yazıçılar Birliyinin üzvü olduğunu bildirən məhbus Müğdət Həşimov türmədən Musavat.com-a məktub yazıb və Qafqaz şeyxi Allahşükür Paşazadənin, həmçinin şeyxin deputat qardaşı Cavanşir Paşazadənin adını həbsə atılmasının sifarişçisi kimi göstərib.

M.Həşimov yazır ki, Paşazadələrlə 2014-cü ildə qapadılan klinikada şərik olublar. Hansı klinikada, niyə klinikanın adını yazmayıb bu Müğdət Həşimov?

Seriya qətllər məkanı

M.Həşimovun adını yazmadığı klinika “Medi Sina”dır. Bu klinika 2013-cü il sentyabrın 20-də tənqidçi, Bakı Slavyan Unuiversitetinin dekanı Elnarə Tofiqqızının qətlə yetirildiyi məkan kimi tanınır və Müğdət Həşimov çox ustalıqla klinikanın adını çəkmir, işin mahiyyətindən yayınmağa çalışır.

M.Həşimov iddia edir ki, “saxta ittihamla, sifarişlə 12 avqust 2015-ci ildə məni 179.3.2 (mənimsəmə) maddəsi ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ittiham elan edərək, həbs edib. 18 mart 2016-cı ildə yenə saxta ittihamlarla 178.3.2 (dələduzluq) və 213.1(vergidən yayınma) maddələri artırılıb. 9 aydan çoxdur ki, zindan həyatı yaşamağımın, saxta ittihamlarla qaldırılmış cinayət işinin Ağır Cinayətlər Məhkəməsinə gedib çıxmasının səbəbkarı və sifarişçisi Milli Məclisin deputatı Cavanşir Paşazadədir”.

Özünü suçsuz göstərən və cinayətinə şərik axtaran bu şəxsin əməli isə dəhşətlidir.

“Jurnalist” Paşazadələri necə aldadıb

Bəlkə də 2013-cü il 20 sentyabr ölüm hadisəsi olmasaydı, Müğdət Həşimov, dediyi kimi, Paşazadələrlə şərikliyi davam etdirəcək və “yüksək səviyyədə qurduğu” yalanı ilə aldatdığı təsisçilərin var-dövlətini uzun müddət talamağı bacaracaqdı.

Ancaq Elnarə Tofiqqızının ölümü ilə bağlı istintaqın davam etdiyi Bakı Şəhər Prokurorluğunda Müğdət Həşimovun elə cinayətləri açıldı ki...

700 minlik fırıldaq

Zərərçəkən tərəf olaraq o zaman araşdırma apardıq və məlum oldu ki, “Medi Sina” klinikasının təsisçisi 3 nəfər iş adamıdır, bu şəxslərdən ən üzdə olan və tanınanı isə millət vəkili Cavanşir Paşazadədir.

Cavanşir Paşazadə yalnız ekspertizanın rəyindən sonra inandı ki, klinikada “yüksək səviyyəli” tibbi avadanlıq adıyla gətirilib istifadə edilən əmlak köhnə, yarıtmaz və tibbin çoxdan imtina etdiyi dəmir parçalarıdır; yalnız bu sənədlərin üzə çıxması ilə təsisçilər klinikanın direktoru Müğdət Həşimovun nə boyda dələduzluq etdiyini anlaya bildilər.

M.Həşimovun, məsələn, 80 min ABŞ dollarına guya Almaniyadan alınaraq gətirildiyini sənədləşdirdiyi tibbi avadanlıq, əslində, Bakının özəl xəstəxanalarından birində istifadəsi 2004-cü ildə başa çatdığı üçün istismardan çıxarılan və 4 min dollara ehtiyat hissəsi kimi satılan tullantı idi.

Bütün bunların hamısını prokurorluq orqanları üzə çıxarandan sonra klinikaya cinayət işi qaldırıldı. Cinayət işini qaldıranlardan biri də bu işdə xüsusilə böyük ləyaqət nümayiş etdirən və bəzilərinin şirnikləşdirici təkliflərini rədd edən Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovdur.

İ.Şirinov klinikaya cinayət işi açaraq, araşdırılması üçün Baş Prokurorluğa göndərdi və M.Həşimovun cinayət işinə 18 mart 2016-cı il tarixdə dələduzluq və vergidən yayınma cinayətlərinin əlavə olunmasının səbəbləri sırasında bu cinayət işi də dayanır.

Həşimov cinayətin izini itirib

Hələ Nəsimi Rayon Prokurorluğunda aparılan istintaq zamanı bu avadanlıqların səviyyəsi, onların istifadəyə yararsızlığı üzə çıxanda M.Həşimov “müştəri çatışmazlığı” səbəbi ilə klinikanın fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı. 2014-cü ilin əvvəlində isə M.Həşimov Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Ələkbər Rzayevlə razılığa gəlməyi bacardı və avadanlıqların izini itirmək üçün hərəkətə keçdi. M.Həşimov avadanlığı yoxa çıxarmaqla, törətdiyi cinayətin izlərini silməyə çalışırdı.

Biz – Elnarə Tofiqqızının ölüm işində zərərçəkən olaraq indi də həmin avadanlıqların üzə çıxarılmasına çalışırıq. Təəssüf ki, hakim İ.Şirinovun üzərinə həbs sanksiyası qoyduğu sözügedən avadanlıqların izini Müğdət Həşimov elə itirib ki, tapılması mümkün deyil.

Maraqlıdır ki, indi mediaya ünvanladığı məktubda M.Həşimov özünün yoxa çıxartdığı “avadanlıqların” tapılmamasından sui-istifadə etmək istəyir. Avadanlıqlar yoxa çıxıb, amma rəsmi sənədlər, həmin avadanlıqlar yoxlanıldıqdan sonra verilən ekspert rəyləri ki ortadadır!

Xatırladaq ki, Nəsimi Rayon Prokurorluğundakı yarıtmaz istintaqın nəticəsindən narazı qaldığımız üçün Baş prokurorun birinci müavini Rüstəm Usubov işi şəxsi nəzarətinə götürdü və araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verildi. Yalnız bundan sonra həm klinikanın direktorunun, həm də hazırda həbsdə olan anestezioloq Firuz İbrahimovun cinayəti sübuta yetirildi (İşi yarıtmaz səviyyəyə salan, öz maraqları üçün qarşı tərəflə işbirliyinə gedən Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Ələkbər Rzayev bir töhmətlə canını qurtardı).

Mən Cavanşir Paşazadə ilə bir dəfə də görüşməmişəm və istintaq sənədlərini ona təqdim etməmişəm, ancaq bütün proses boyu həmən bu Müğdət Həşimov və cinayətə cəlb edilən həkimlər Allahşükür Paşazadənin, Cavanşir Paşazadənin adından gen-bol sui-istifadə edərək, istintaqa sona qədər təsir göstərirdilər (İstintaqın 2 ilə yaxın uzanmasının səbəbi də budur).

Nəhayət ki, bu sui-istifadə halına Rüstəm Usubov son qoydu və prokurorluğun apardığı ədalətli araşdırmanın nəticəsindən sonra millət vəkili Cavanşir Paşazadə Müğdət Həşimovun təsisçilərin etibarından sui-istifadə edərək əmlaklarını taladığına əmin oldu.

İstintaq sübuta yetirdi ki, M.Həşimovun təsisçilərə təqdim etdiyi alğı-satqı sənədlərinin hamısı saxtadır və bu adam təsisçilərin külli miqdarda vəsaitini mənimsəməklə yanaşı, insanların həyatını köhnə, yarıtmaz avadanlıqların ixtiyarına verməklə, təhlükə altına atıb. Yalnız 2013-cü il 20 sentyabr ölüm faktından sonra məlum oldu ki, bu ölüm bu klinikada ilk fakt deyil, sadəcə, kimsə şikayət etmədiyindən, M.Həşimovun və oradakı həkimlərin canımıza qəsd olan əməlləri davam edirmiş.

Sonda

Ən böyük cəza insanın vicdanı qarşısındakı hesabatıdır. Gənc insanların ölümünə bais olan M.Həşimovun başqalarını suçlamasından, cinayətinə şərik axtarmasından isə görünür ki, onun vicdanı yoxdur, islah olunmayıb və 20 il də türmədə qalsa, islah olunmayacaq.

Allah canımıza qənim kəsilən, dələduzluğu nəticəsində neçə-neçə insanın qatilinə çevrilən bu tip adamları islah etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm