Tramp ağzını açan kimi dollar ucuzlaşdı - OPEC dünyanı niyə aldatdı?
Bizi izləyin

Hesabat

Tramp ağzını açan kimi dollar ucuzlaşdı - OPEC dünyanı niyə aldatdı?

Yola saldığımız həftə dünya iqtisadiyyatı dollarla neftin dəyər yarışını izlədi. Həftənin əvvəlində dəyər qazanan neft sonuna doğru ucuzlaşdı. Dollar isə digər valyutaları udmaqda davam etdi. Düzdür, Donald Trampın ilk mətbuat konfransından sonra dollar avro və Yaponiya yeninə nisbətən ucuzlaşdı. Səbəb də o oldu ki, ABŞ-ın “qatı açılmamış” yeni prezidenti öz çıxışında iqtisadi məsələlərə daha az yer ayırdı. Düz eşitdiniz, valyutaların şahı hesab etdiyimiz dollar elə də sabit deyil, bir az sürüşkəndir…

Başlayaq neftdən. Həftənin əvvəlindən Rusiya və OPEC ölkələri hasilatı azaltdıqlarını deyib sinələrinə döysələr də, neftin qiymətini qoruyub saxlaya bilmədilər. Məlum oldu ki, 2017-ci ilin ilk 5 günündə Rusiya hasilatı azaldıb və gündəlik 1,517 milyon barel təşkil edib. 2016-cı ilin oktyabrı ilə müqayisədə hasilat gündəlik 142 min barel azalıb. Rusiyanın energetika naziri Aleksandr Novak ötən ay 2017-ci ilin yanvarında hasilatın gündəlik 50-100 min barel azaldılacağını bəyan etmişdi. Onu da bildirək ki, rusların hasilatı gündəlik 300 min barel azaltması gözlənilir. Qeyd edək ki, yanvarın 5-də “The Wall Street Journal”a məxsus mənbələr Səudiyyə Ərəbistanının hasılatı gündəlik 486 min barel azaltdığını irəli sürmüşdü. Bununla da krallığın razılaşmanın payına düşən hissəsini yerinə yetirdiyi deyilir. Yeri gəlmişkən, "Reuters" Səudiyyə Ərəbistanının neft hasilatını daha çox azaldacağı ilə bağlı açıqlamalarına baxmayaraq, OPEC-in razılaşmaya tam əməl etməyəcəyini iddia edir. Bildirir ki, noyabrın 30-da OPEC-in Vyana toplantısında əldə olunan razılaşmanın 80% səviyyəsində icrası yaxşı, 50% məqbul sayılacaq. Xatırladaq ki, OPEC ölkələrinin Vyana anlaşmasına görə, gündəlik neft hasilatının 1,2 mln. barel azaldılması planlaşdırılır. Bu qərarın əldə olunması neft qiymətlərini 2 dəfədən də çox artıraraq, 27 dollardan 56 dollar/barel səviyyəsinə çatmasına səbəb olub. Küveytin neft naziri Assam əl­-Marzuk hesab edir ki, hazırda OPEC Vyana anlaşmasına 60% əməl edir.

Dünyanın ikinci böyük iqtisadiyyatına sahib Çinin 2016-cı il üzrə xarici ticarət dövriyyəsinin həcminin azalması da ciddi siqnal oldu. Xəbərlərə görə, ticarət dövriyyəsi 3,684 mlrd. ABŞ dolları təşkil edib. Bu da 2015-ci illə müqayisədə 269 mlrd. və ya 6,8% azdır. Çinin Gömrük Baş İdarəsindən verilən məlumata görə, 2016-cı ildə Çinin ixracı 2015-ci illə müqayisədə 7,7% azalaraq 2,097 trln., idxalı isə 5,5% azalaraq 1,587 trln. dollar təşkil edib. Nəticədə Çinin xarici ticarət balansının müsbət saldosu 2016-ci ilin yükununda 509,9 mlrd. dollar olub. Çinin Dövlət Şurası xarici ticarəti stimullaşdırmaq üçün müvafiq addımların atılacağını bildirib. Əsasən ixrac kreditlərinin sığortalanması və ixracatçılara vergilərin geri ödənməsinin artırılması nəzərdə tutulub.

“Moodys” Beynəlxalq Reytinq Agentliyi isə MDB üzrə hesabatını açıqladı. Hesabatda bildirilir ki, MDB ölkələrinin iqtisadiyyatı 2016-cı ilə nisbətən 2017-ci ildə daha sürətlə böyüməlidir. Agentliyin proqnozuna əsasən, bu il regionda 2%-lik iqtisadi artım müşahidə ediləcək:

"Ötən il bu rəqəm 1% olub. 2018-ci ildə isə böyümə 3% təşkil edəcək. Neft qiymətlərinin yüksək olması ehtimalı belə dövlət qurumlarına fiskal və monetar siyasətin təsirlərini zəiflətməyə imkan yaratmayacaq".

Agentliyin vitse-prezidenti Kristin Lindov (Kristin Lindow) deyib ki, region ölkələri neftin ucuzlaşmasının şokunu yaşayır:

“MDB hökumətləri neft qiymətlərinin şokunu və artan ortodoks siyasətini tənzimləməyə çalışır. Buna fiskal və monetar siyasətin daralması və üzən məzənnə kimi siyasətlər daxildir. 2017-ci ildə MDB ölkələrinin neftin aşağı qiymətinin təsirini yumşaltmaq üçün imkanları var”.

Yola saldığımız həftə Dünya Bankı da boş dayanmadı. Bank "Global iqtisadi perspektivlər" adlı hesabatında 2017-2018-ci illər üçün qlobal iqtisadi artım tempi ilə bağlı proqnozlarını aşağı saldı. 2017-ci ildə dünya iqtisadiyyatı 2,7% artacaq.

Xatırladaq ki, bankın 2016-cı ilin iyun ayında hazırladığı proqnozunda dünya iqtisadiyyatının bu il 2,8% artacağı ehtimal edilirdi. 2018-ci il üçün isə qlobal iqtisadi artım tempi ilə bağlı proqnoz əvvəlki proqnoza nisbətən 0,1 faiz bəndi azaldılaraq 2,9%-ə endirilib.

Dünya Bankının iqtisadçılarının hesablamalarına görə, qlobal iqtisadi artım tempi hazırda 2008-2009-cu illərin maliyyə böhranı zamanı olan 2,3% artımdan sonra ən minimal həddə enib. Ekspertlər bunun səbəblərini ABŞ dollarının möhkəmlənməsi, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması nəticəsində inkişaf etməkdə olan ölkələrin borclanma xərclərinin yüksəlməsi, bu kateqoriyadan olan ölkələrdən kapital axınını kimi amillərlə əlaqələndirirlər.

Türkiyədən də xəbər var. Belə ki, həftənin ortasında ABŞ dollarının məzənnəsi tarixi rekordunu yenilədi. Asiya birjalarında 3,8967 TRY/USD səviyyəsinə yüksəldi. Dolların dəyər qazanmasına səbəb Türkiyə Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini artıracağı ilə bağlı qərar qəbul etmək istəməməsi oldu. Nəzərə çatdıraq ki, TCMB uçot dərəcəsinin artmasını iqtisadi artımı yavaşladacağını düşündüyünü dəfələrlə bəyan edib. İnvestorlar isə inflyasiya ilə uçot dərəcəsi arasında ciddi fərq əmələ gəldiyini səbəb gətirərək lirə aktivlərini satıb, xarici valyuta almağa başlayıb. 2017-ci ilə çöküşlə başlayan türk lirəsi bu gedişlə dollara nisbətdə 4 lirəyə qədər ucuzlaşacaq. Analitiklərin rəyinə görə, buna səbəb Türkiyənin siyasi baxımdan düşdüyü çətin vəziyyət, Mərkəz Bankın hərəkətə keçməməsi, inflyasiyanın proqnozdan yüksək olmasıdır. Asan deyil, türk lirəsi ilin ilk 8 əməliyyat günündə dollara nisbətdə 8.6 faiz ucuzlaşaraq ötən il yaşadığı 17 faizlik itkini davam etdirir. İlin əvvəlindən TL-dəki dəyər itkisi o qədər sərt olub ki, lirə dollara qarşı ucuzlaşan digər bütün pul vahidlərini geridə qoyub. Hətta 2017-ci ilin əvvəlindən ən pis performans göstərən Meksika pesosu belə dollara nisbətdə TL-nin yarısı qədər ucuzlaşıb.

“ABŞ iqtisadiyyatı qısamüddətli perspektivdə hər hansısa maneələrlə üzləşməyəcək". Bunu da Federal Ehtiyat Bankının (Federal Reserve System, FED) rəhbəri Canet Yellen bildirdi. Onun sözlərinə görə, hazırda ABŞ-da işsizlik aşağı səviyyədədir, əmək bazarı da canlanmaqdadır:

"Olduqca aşağı səviyyədə olan inflyasiya bir qədər artıb və hədəflənən 2% səviyyəyə yaxınlaşmaqdadır".

FED ötən ilin dekabr ayında keçirdiyi iclasda uçot dərəcəsini artıraraq 0,5-0,75% diapazonunda təsdiqləyib. İclasdan sonra FED-in rəhbəri qeyd edib ki, tənzimləyici 2017-ci ildə uçot dərəcəsini 3 dəfə artıracaq. Dekabrda işsizliyin səviyyəsi 4,7% olub, halbuki, noyabrda bu göstərici 4,6% idi. C.Yellenin sözlərinə görə, yaşayış standartının əsas göstəricisi olan məhsuldarlıq aşağı səviyyədə qalıb və iqtisadçılar da bunun səbəbini anlamağa çalışır. O qeyd edib ki, gəlirlərdən əldə olunan vəsait daha çox ali təhsilli işçilərə ödənilir, bu isə ABŞ-da bərabərsizliyin artmasına səbəb olur. FED rəhbəri böhrandan sonra bankçılıq sahəsində aparılan islahatları yüksək qiymətləndirərək bunun maliyyə sektorunun daha təhlükəsiz və daha davamlı olmasına şərait yaratdığını bildirib. "Bunlar çox mühüm dəyişikliklərdir. Mən əsla bu dəyişikliklərin əvvəlki vəziyyətə qayıtmağını görmək istəmirəm".

Gəldik çıxdıq öz ölkəmizə...

Statistika Komitəsi ötən il üzrə iqtisadi göstəriciləri açıqladı. Bəlli oldu ki, 2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,8 faiz bahalaşıb. Dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1514,4 min nəfər olub. Onlardan 889,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. İşçilərin orta aylıq nominal əmək haqqına gəlincə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,0 faiz artaraq 494,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Adətən ilin əvvəlində bank sektoru ilə bağlı sürpriz qərarlar verən Mərkəzi Bank ənənəsinə sadiq qaldı. İdarə Heyətinin nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış-satış məzənnənin rəsmi məzənnədən +-4% həddində tətbiq olunan kənarlaşma həddini ləğv etdi. Yəni banklar bundan sonra valyutanın istədikləri məzənnəyə sata bilərlər.

Daha bir xəbər, ölkəyə xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiymətində artımın baş verməsi ilə bağlıdır. "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,05 AZN oldu.

Məndən bu qədər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm