İdman
Ailə qurmasına razı olmadılar, ömürlük cəzalandırdılar – FOTOLAR
Zülfüqar Süleymanov ağırlıqqaldırma idman növündə öz sözünü deyən idmançılarımızdandır.
Onun qazandığı nailiyyətlərə nəzər saldıqda medal kolleksiyasının zəngin olduğunu görmək mümkündür. O, məşhur ağır atlet Hafiz Süleymanovun qardaşı, tanınmış idmançılar ailəsi – Süleymanovlar ailəsinin üzvüdür.
Publika.az “II taym” layihəsi çərçivəsində doppinq qəbul etməkdə günahlandırılaraq karyerasını bitirməyə məcbur edilən Zülfüqar Süleymanov haqda məlumat verəcəyik.
Bəhanə gətirdilər
“1982-ci ildə Sumqayıtda fəhlə ailəsində anadan olmuşam. Atam fəhlə, anam isə evdar xanım olub. 1989-cu ildə isə idmana güləşlə başlamışam. Qardaşım yunan-roma güləşi üzrə idman müəllimi olduğu üçün onun təkidi ilə güləşə başladım.
Qeyd edim ki, qardaşım Adəm Süleymanov əməkdar məşqçidir. Ailəmizin 3-cü övladıdır.
Amma məndən böyük digər qardaşlarım ağır atletika ilə məşğul olurdu. Ailəmizdə bu idman növündə uğurlar daha çox idi. Sanki ağır atletika məni daha çox çəkirdi. Baxmayaraq ki, güləşi çox sevirdim. Güləşdə məqsədlərim böyük idi.
Ancaq güləşdə bəzi problemlər üzündən alınmadı. Belə ki, 1999-cu ildə Azərbaycan çempionatı keçirilən zaman mənim sənədlərim evdə qalmışdı. Bilirsiniz ki, yarışa çıxdığımız zaman da sənədləri təqdim etməliyik. Yarışda iştirak edə bilmək üçün mən 8 kq çəki salmışdım. O zaman 11-ci sinifdə oxuyurdum. Həmin ili yarışda olimpiya mükafatçısı Vitali Rəhimov çempion oldu. Əgər o yarışa çıxmış olsaydım güman ki, finalda biz kəllə-kəlləyə gələcəkdik. 10 il idi bu idmanla məşğul idim, özümə də çox inanırdım. Elə oldu ki, sənədləri götürmədiyim üçün yarışa buraxılmadım. Amma məndən əlavə daha 5 nəfərin sənədləri evdə qalmışdı. Onlara güzəşt etdilər. Amma qardaşım məşqçi olduğu üçün mənə güzəşt edilmədi. Çünki mən daha çox məsuliyyətli ola bilərdim. Bir sözlə, bəhanə gətirdilər ki, ən azından qardaşım mənə xəbərdarlıq edə bilərdi. Güləşdən incidim, elə bundan sonra bu idman növündən soyudum”.
Səhər güləş, axşam ağır atletika
“Ağır atletikaya keçdim. O da qardaşımın sayəsində oldu əslində.. Çünki məni ağır atletikaya o aparmışdı. Buna baxmayaraq güləşdən tam ayrılmamışdım. 6 ay içində səhər saatlarında gedib güləşlə, axşam isə ağırlıqqaldırma ilə məşğul olurdum.
Amma 6 ay ərzində yavaş-yavaş güləşdən soyudum, yarışlara çıxmadım.
6 ay sonra – 2000-ci ilin dekabr ayında böyüklər arasında keçirilən Azərbaycan kubokunun 3-cüsü oldum. Bununla da yığma komandaya düşdüm. Həmin vaxt yığmanın baş məşqçisi Əfsət Əfsətov idi.
- Güləşdən birbaşa ağır atletikaya adlamaq və sonra yarışa çıxmaq çətin deyildi?
- Əvvəlcə psixoloji olaraq mühitə alışa bilmirdim. Çünki 10 il idi bir yerdə məşq etdiyim uşaqlara öyrəşmişdim. Orada dostlarmı tapmışdım. Birdən-birə mühiti dəyişib başqa kluba getmək, başqa idmanla məşğul olmaq, başqa insanlarla tanış olmaq. Bir az çətin idi. Amma sonradan onlarla yaxın olduq, burada özümə dost tapdım.
Amma bu idmanın məndə fiziki olaraq elə də çətinliyi olmadı. Çünki ağır atletika bizdə demək olar ki, gendən gələn bir idman növü idi.
Məşqlərə Maqsum Həsənovun yanında başladım. Daha sonra o yığmaya çağırıldı, Azər Hacıxəlilovla məşqlərə başlamalı oldum. Sumqayıtın“Polad” idman məktəbində məşqlərimi davam etdirirdim. Azər müəllimin üzərimdə əməyi böyükdür”.
Baş məşqçi qısqanclığı
“İlk dəfə beynəlxalq arenada 2007-ci ildə İranda keçirilən turnirdə qalib oldum, 3 qızıl medal əldə elədim. Bu da A kateqoriyalı turnir idi. Olimpiadaya lisenziya xarakteri daşıyırdı. Bundan sonra Avropa çempionatına yollandım. Orada təkanla qaldırmada 3-cü oldum, toplamda 4-cü oldum. Bu da məşqçinin səhvi üzündən oldu. O vaxt millinin baş məşqçisi Vahid Nəzərov idi. O mənim Olimpiadaya yollanmağımı istəmirdi. Özü də mənə demişdi ki, səni Olimpiadaya aparmayacam. Qərəzkarlıq etdi mənə qarşı.
- Səbəb nə idi?
- Mən Sumqayıt idmanının yetirməsi idim. Sumqayıtlı idmançıları yığma komandada sevmirlər. Çünki məşqçilər ancaq öz yetirmələrinə üstünlük verirlər. Bunun səbəbi də qələbəyə görə verilən mükafatdır. Nəticə göstərilən zaman həm məşqçi, həm də yetirməsi mükafat alır. Bütün komanda üzvlərinə - 8 nəfərə təklif olundu ki, məşqçi kimi Vahid Nəzərovun adı yazılsın. 7 nəfər Vahid Nəzərovun adını yazdı.
Mən çempionata gedəndə Vahid Nəzərovun adını yazsam mükafatı o alacaqdı. Amma mən qardaşım Hafiz Süleymanovun adını yazdım. Çünki məşqçim Azər müəllimin bunlarla mübarizə apara bilməyəcəyini anlamışdım. Azər müəllimin dayağı yox idi ki, kiməsə müraciət etsin.
Qardaşımı yazdım ki, tanınmış idmançıdır yəqin mənə toxunmazlar. Avqust ayının 1-nə kimi mübarizə apardıq. Həmin günü iclas oldu. İclasda 60 kq-da çıxış edən iki nəfər arasında – mən və Sərdar Həsənov arasında seçim etməli idilər.
Amma mən onu bir neçə dəfə udmuşdum. İrandakı turnirdə, Azərbaycan çempionatında və Avropa çempionatında ondan üstün olmuşdum. Sərdarı iki dəfə də məşqdə qiymətləndirmədə üstələdim.
Onsuz da Vahid müəllim mənə “Oplimpiadaya səni aparmayacam” demişdi.
Mən onu çox sözü ilə də razılaşmırdım. Bir az acıdiləm. Məsələn o bizə təkid edirdi ki, deməlisiniz ki, “qatıq qaradır”, mən demirdim. Çünki haqqı dana bilmirdim, haqımı tələb edirdim. Məhz bu üzdən zərbələr almışam.
- Vahid Nəzərov “səni Olimpiadaya aparmayacam” deyənədə Hafiz Süleymanov məsələyə qarışamadı?
- Hafiz müəllim müəyyən yerlərə müraciət etdi. Bundan əlavə, mən özüm 2008-ci il Pekin Olimpiadası zamanı möhtərəm prezidentimiz cənab İlham Əliyevə məktub ünvanladım. Məktubuma cavab olaraq Gənclər və İdman Nazirliyinə xüsusi tapşırıq gəldi ki, bu məsələ kökündən araşdırılıb cavab verilsin. Bizi o zaman nazirliyə topladılar. Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılovla görüşdük. İclasda Federasiyadan məşqçilər heyəti, idmançılar, mən və qardaşım Hafiz Süleymanov var idi.
Ora əsəbi getmişdim. Ən azından bilirdim ki. Nəticə Vahid müəllimin xeyrinə həll olunacaq. Çünki orada Vahid müəllimin yaxın olduğu insanlar var idi.
Mənim haqqımda soruşanda hər kəs əksin dedi. Nəticələrim düzgün deyilmədi. Baxmayaraq ki, qaldırdığım çəkilərin sübutu olaraq videolarım var idi. Amma buna baxmayaraq azlıq çoxluğa tabe oldu. Qardaşımla mənim sözüm dinlənilmədi. Belə qərar verildi ki, mən cənab prezidentə səhv məlumat vermişəm.
Növbəti müraciətin anlamının olmayacağını bildim. Çünki Olimpiadanın başlamasına 3 həftə qalmışdı, bu da az müddət idi. Həmçinin Olimpiadaya kimlərin gedəcəyi ilə bağlı siyahı artıq göndərilmişdi”.
Qardaşı hazırladı, Avropa mükafatçısı oldu
“- Bəs ikinci dəfə olimpiadaya getməyiniz niyə alınmadı?
- Artıq Vahid müəllim yığmadan uzaqlaşdırılmışdı. Vahid Nəzərovun mənim yerimə seçdiyi Sərdar Həsənov yarışda “0”(sıfır) nəticə göstərmişdi. Biz 3 idmançı müraciət etdik ki, əgər o məşqçi yenə vəzifəsində qalsa, heç bir nəticəmiz olmayacaq. Onun yerinə bolqar mütəxəssis Yanko Rusev gətirildi.
Vahid Nəzərov postundan gedəndən, Yanko Rusev gələnə qədər milli komandamız baş məşqçisiz qaldı.
2009-cu ildə keçirilən Avropa çempionatında 2-ci yeri tutdum. O yarışa məni Hafiz müəllim hazırlamışdı. Nəticəm əla oldu - 125 birdən qaldırma, 160 təkanla qaldırmada ...
Azərbaycana qayıtdıqdan sonra yenidən qardaşım Hafiz müəllimin rəhbərliyi ilə məşq etməyə davam etdim.
2009-cu ilin iyun ayında Yanko Rusev Azərbaycana gəldi. Yığma komanda təlim-məşqlərə başladı. 2009-cu ildə mən komandanın kapitanı idim. Nəticələrim də əla idi. Dünya çempionatına hazırlıq vaxtı 145 birdən qaldırmada, 180 isə təkanla qaldırmada nəticə göstərdim. Bu da Dünya rekordu idi. Təbii ki, məşqdə olduğu üçün rəsmi olaraq qeydə alınmamışdı”.
Məşqçinin səhvi üzündən itirilən medal
“Hamı artıq əmin idi ki, dünya çempionatında medalı təmin edəcəm. Amma biz dünya çempionatına yollananda Yanko Rusevin zəif məşqçi olması özünü göstərdi. 145 kq-ın öhdəsindən gələn idmançı üçün dünya çempionatında 125 kq sifariş vermək gülməli idi. Onun üçün önəmli olmaya bilərdi, amma mən çox pis oldum. Çünki medal qazanacağıma əmin idim. Məşqçinin təklif etdiyi aşağı çəkini qaldırmaq üçün podiuma çıxmadım. Arxada da bununla bağlı mübahisəmiz oldu. Güman ki, kadrlara da düşüb bizim o davamız. Onu vurmaq istəyirdimm, Hafiz müəllim araya girib, qoymadı dava böyüsün.
Nə isə birinci yanaşmanı itirdik. İkinci yanaşmaya Hafiz müəllimin təkidi ilə 128 kq qaldırmağa çıxdım. 128-i qaldırdım, ardından 133 kq verdik onu da qaldırdım. Təbii bu mənim medal qazanmağıma bəs etmirdi. Çünki bir yanaşma itirmişdik.
Ümidlərimiz ancaq təkanla qaldırmaya idi. Təkanla qaldırma zamanı yenə məşqçi ilə mübahisəmiz başladı. Mən məşq zamanı 180 kq qaldırmışam. Yanko Rusev mənə 160 kq sifariş verir. Dedim yenə çıxmayacam. 165 kq-la başladım. Amma 170 kq-la başlasaydım 2-ci yeri tutacaqdım. Birinci yanaşmada 165 kq-ı çox rahat qaldırdım. 170 kq sifariş olundu. Bildirdim ki, 170 kq-a çıxmıram, 172 kq istəyirəm, birincilik üçün... Yenə böyük mübahisəmiz oldu.
172 kq-da biz çox mübahisə etdik deyə sanki məni həyəcan tutdu. Bu bəhanə olmasın. Əsəblərimi cilovlaya bilmirdim. “Ştanqa” yaxınlaşanda niyə getdiyimi bilmirdim. Özümü itirmişdim. İki dəfə 172 kq-ı sinəmə qaldırdım, amma qollarımda əsəbdən taqət qalmamışdı ki, yuxarı tullayım.
Alınmadı, dünya çümpionatında 5-ci oldum”.
“Federasiya ailə qurmağıma razı deyildi”
“ 2009-cu ildə özümə toy etdim, ailə həyatı qurdum. Amma federasiya ailə həyatı qurmağımı istəmirdi. Razı deyildilər mən ailə qurum. Çünki uğurlarımın azalacağını deyirdilər.
Artıq karyeramı bitirməkdə qərarlı idilər. Çünki 2010-cu ilin Avropa çempionatına 3 idmançı yollandı. Bu 3 idmançıdan 2-si xüsusi hazırlandı. O 2-si üçün güclü vitaminlər verildi. Mənim isə belimdə zədəm var idi. Məni göndərməməli idilər. Çünki daha böyük fəsadları ola bilərdi. Amma gedib çempionatda bürünc medal aldım. Məşqdəkindən 15 kq artıq qaldırmışdım. Özüm-özümə inana bilmirdim. Heç kim gözləmirdi bu nəticəni. Məşq zamanı çəkimiz yarışdakından artıq olur. Yarış zaman 62 kq-da idimsə, məşqdə 67-68 kq çəkidə oluruq. Yarış zamanı çəki salırıq”.
Razılaşma – Qurbanlıq idmançılar
“Azərbaycana gəldiyimiz zaman artıq şayiələr yayılmağa başlamışdı ki, “siz doppinqə düşəcəksiniz”. Əslində biz yarışa çıxan ərəfədə zəng gəldi ki, yarışa çıxma. Zəng edən bildirdi ki, çıxsanız dopinqdə ilişəcəksiniz. Mən o zaman bildirdim ki, qəbul etdiyim dərmanlardan xəbərim var, elə şey ola bilməz.
Qardaşım yanımda idi, ona dedim ki, bu yarışa çıxa bilmək üçün 8 kq çəki salmışam. Bu çəkini də salana qədər ölümdən qayıtmışam az qala, indi yarışa 2 saat qalıb.
Bu da onu göstərirdi ki, plan əvvəlcədən hazırlanıb, biz dopinqdə ilişməliydik. Çünki, əvvəlcədən şayiələri eşitmişdik, demişdilər ki, iki idmançını qurban vermək lazımdır.
Yarışdan əvvəl söz-söhbət var idi. Amma o söz-söhbətlərdə yaşlı idmançıların, karyerasını bitirmək üzrə olanların adı çəkilirdi. Mənim adım o siyahıda yox idi. Heç gözləmirdim də, çünki komandanın kapitanı mən idim.
Eşitmişdik ki, beynəlxalq federasiyanın rəhbərindən məlumat gəlib “siz iki idmançını qurban verin, növbəti olimpiya oyunlarında biz sizə medal verək”.
2010-cu ilin may ayında yığma ilə Bolqarıstana yollandıq. Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov bizə bildirdi ki, siz dopinqə düşmüsüz. Amma bu hələ təsdiqini tapmamışdı. Bizim hələ ümidimiz var idi ki, yalan olar. Beynəlxalq federasiyanın rəsmi saytında da adımız yox idi. Düşünürdük ki, bizimkilərin oyunudur.
İki gün idi məşqdə idik, təcili Azərbaycana qayıtdıq. Məsələ guya araşdırıldı. “Zirvə” İdman Klubunun prezidenti – Tofiq Heydərov testin nəticəsi ilə bağlı Almaniyaya yollandı. Orada Tofiq müəllimə probları göstərdilər ki, nəticələr açılanda sizə göstərəcəyik. Narahat olmayın, qayıdın geri. Belə çıxır ki, Tofiq müəllim ora boş-boşuna getdi. Yəni nəticə rəsmi nümayəndənin gözü qarşısında açılmalı idi.
Amma belə olmadığına görə, şübhələr özünü doğrultdu, bilindi ki, bunlar danışıqlar əsasında olub. Bununla bağlı yenə də federasiya heç bir iş görmədi. Hara müraciət etsək də, mənası olmadı”.
- Bu gün Vahid Nəzərovla münasibətləriniz necədir?
- Sadəcə, haradasa təsadüfən görəndə “salam-sağ ol” səviyyəsində. Onu da deyim ki, Vahid müəllim illər sonra, işdən artıq çıxmışdı, mənə dedi ki, çox təəssüf edirəm, kaş səni Olimpiadaya aparardım.
- Bəs qardaşınız Hafiz müəllimlə Vahid müəllimin münasibəti necədir?
- Onların münasibəti çox yaxşıdır. Onların münasibətləri pis ola bilməz. Bir yerdə fəaliyyət göstərirlər, bir yerdə yarışlara gedirlər.
- Qardaşınız sizə görə incimədimi ondan?
- Qardaşım mənə görə çoxlarından incimişdi. Köməklik etmədilər deyə. Düzünü desək, mənə görə hamı ilə düşmən olası da deyil...
(Davamı var)
Aygün İlqarqızı
Fotolar: Elnur Muxtar
-
Sosial11:36
Çağırış yaşının yuxarı həddinin azaldılması təsdiqləndi
-
Nida Xəbər 10:58
Rusiya hadisədən iki həftə əvvəl... - Qəza ilə bağlı şok faktlar üzə çıxdı
-
Maraq dünyası10:14
İlan ilində bu hədiyyələri vermək olmaz - Astroloq xəbərdarlıq etdi
-
İdman08:48
Miqrenin müalicəsində İNQİLABİ KƏŞF
-
ABŞ08:12
Bu ölkədə quş qripi mutasiyaya uğradı - İLK YOLUXMA
-
ABŞ08:00
ABŞ-da 4 yaşlı uşaq dayanacaqda GÜLLƏLƏNDİ - Anası öldürüb?
-
Region07:47
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir