İdman
Atasını KQB gecəylə götürdü – “Qışqırdım ki, Nizami, qurban olum, qapını aç” – FOTOLAR
Zülfüqar Süleymanov ağırlıqqaldırma idman növündə öz sözünü deyən idmançılarımızdandır.
Onun qazandığı nailiyyətlərə nəzər saldıqda medal kolleksiyasının zəngin olduğunu görmək mümkündür. O, məşhur ağır atlet Hafiz Süleymanovun qardaşı, tanınmış idmançılar ailəsi – Süleymanovlar ailəsinin üzvüdür.
Publika.az “II taym” layihəsi çərçivəsində dopinq qəbul etməkdə günahlandırılaraq karyerasını bitirməyə məcbur edilən Zülfüqar Süleymanov haqda məlumat verəcəyik.
(Əvvəli bu linkdə - http://publika.az/p/31719 )
- Həyat yoldaşınız bütün bunlar baş verəndə necə münasibət göstərirdi?
- O bilirdi ki, mən idmanla nəfəs alıram. Nə əldə etmişəmsə, idman sayəsində qazanmışam.
Yoldaşım yanımda olub hər zaman. O, mənim yanımda olmasaydı, ola bilsin ki, Azərbaycanı tərk edər, ya da içkiyə, narkomaniyaya qurşanardım.
Sağ olsun ki, yoldaşım mənə nə Azərbaycandan getməyə imkan verdi, nə də pis əməllərə qurşanmağa. Yoldaşım mənə ruh düşkünlüyü yaşamağa imkan vermədi.
Hələ bu işlər olmamışdan öncə hər ay 2000 manat maaş alırdım, birdən-birə məvacibim düşdü 200 manata. Təsəvvür edin, xərclərimi artıq 10 dəfə azaltmalı olmuşdum. Amma yoldaşım sağ olsun, mənə deyirdi ki, sənin gələcəyin idmandadır. Stimul verirdi.
Çətinliklərimiz çox olsa da, düşünürəm ki, bu, mənim üçün bir sınaq idi. Şükür Allaha, bu sınaqdan üzüağ çıxa bildim.
Prezidentə təşəkkür
“Normalda insan 300-500 manat maaş alır. Onunla nə ev, nə də maşın almaq imkanı yoxdur.
Amma mən qazandığım nailiyyətlərə görə, ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən mükafatlandırıldım. Ev, maşın verdilər. Buna görə Prezidentimizə minnətdaram”.
Ən ağır gün və yenidən qayıdış
“2012-ci ilin oktyabrında atam rəhmətə getmişdi. Mən də uzun müddət idi birinci dəfə verilən dopinq cəzasını çəkirdim. Yığmadan uzaqlaşdırılmışdım. Atamın 7-si günü İsgəndər müəllim mənə zəng etdi ki, 2012-ci ilin dekabrın sonunda Prezident kuboku keçiriləcək. Əgər hazırsansa, iki ay qalıb, səni o yarışa buraxaq.
Gülə-gülə mənə dedi səni təbrik edirəm, hazırlaş, gəl. Mən də ona dedim: “Hansı səbəblə məni təbrik edirsiniz. Yarışa hələ çıxmamışam, nə təbrik?! Mən atamı itirmişəm, yarış əhvalında deyiləm".
15 gün sonra yollandım İsgəndər müəllimin yanına. Vitaminlər verdi mənə, dedi, hazırlaş. Hər oğulun işi deyil ki, beynəlxalq turnirə məşqçisiz evdə hazırlaşsın. Noyabrın 18-də yığma Azərbaycana qayıdanda mən də qatıldım onlara. 15 gün məşq etdim. Kubokda 3-cü oldum. Yenidən dönüşüm burdan başladı. Bundan əlavə, 3 ay sonra Avropa çempionatından bürünc medal gətirdim. Bu da növbəti bir uğur idi. Daha sonra İndoneziyadakı Beynəlxalq turnirdə də 3-cü oldum.
Hətta “Eurosport”un diktoru mənim haqqımda danışanda da demişdi ki, bu idmançı yenidən idmana qayıtdı və medal qazandı.
4 il cəza vermişdilər 2,6 ildən sonra qayıtdım. Heç kim bunu gözləməzdi”.
Qeyri-ixtiyarı qışqırıq
- İstərdim bir az da atanızla bağlı danışasınız. Sosial şəbəkədə bir videonuz var idi. “Ştanq”ı qaldırarkən “ata” deyə qışqırırsınız. ( http://publika.az/p/17598 )
- Həmin gün atamın doğum günü idi. Anam zəng etmişdi ki, gəl, bizi qəbir üstə apar. Həmin günü bizim 3 məşqimiz var idi. Məşqçimiz Zlatan Vanevdən icazə istədim ki, qəbir üstə getməliyik. O, “bu gün ağır məşq günümüzdür. Növbəti gün gedərsən” dedi.
Təbii, növbəti günlərin mənası yox idi. Doğum günü getməliydim. Amma elə oldu ki, gedə bilmədim.
Həmin günü atamın xəyalı ilə məşqə getmişdim. Hər gün məni məşqə yola salan atam o günü yanımda yox idi.
O çəkini (170 kq) qaldırdığım zaman atam ağlımda dövr edirdi. Heç özümdən aslı olmayaraq, “ay ata” deyə qışqırmışam. Elə məşqi çəkən məşqçimiz Zlatan Vanev idi. Sonradan videoya baxdım ki, qeyri-ixtiyarı olaraq “ata” deyə qışqırmışam. Normalda əsla elə qışqıracaq adam deyiləm.
Qardaşım Hafiz müəllim də o çəkini qaldırmağıma baxmışdı, amma qışqırmağıma fikir verməmişdi. Orda olan idmançı yoldaşlarım dedi ki, bildinmi sən “ştanq”ı qaldıranda “ata” deyə qışqırıbsan. Birinci elə bildim mənimlə zarafat edirlər. Bir neçə dəfə baxdım videoya, gördüm doğurdan da elədir”.
Medalları istədilər – vermədi
“Qaldırdığım çəki (170) ən yaxşı nəticəmlərimdən idi. Amma artırmalıydım və artırdım da...
Həmin ili düşünürdüm ki, Avropa çempionatına getsəm, orada Valentin Xristovla da düşsəm, onunla da mübarizə apara biləcəm. Çünki çox yaxşı hazırlaşmışdım. Mən bir nömrə ola bilərdim.
Yarışa bir həftə qalmış bizə bəd xəbər dedilər. Bildirdilər ki, bütün komanda dopinqdə cəzalandırılıb. Yəni təsdiqini tapmayan bir dopinq cəzası komandaya yazıldı.
Üstündən bir müddət keçmişdi ki, mənə federasiya rəsmiləri tərəfindən zəng olundu ki, “bütün medallarını gətir təhvil ver, çünki dopinqdə cəzalandırıldığın üçün, medallar federasiyaya qaytarılmalıdır”. Mən də onlara dedim ki, nəyə əsasən mən medalları qaytarmalıyam?!
O medalları mən qan-tərlə qazanmışam. O medalları geri qaytarmağım üçün görün nə qədər əziyyətimi tapdalamalıyam”.
Növbəti iftira
“Növbəti dəfə dopinqdə günahlandırılmağı gözləmirdim. Çünki Zlatana da güvənirdik.
Münasibətlərimiz də yaxşı idi. Hətta məni tərifləyirdi də. Müsahibələrinin birində də mənim haqqımda mübariz bir idmançı olduğumu, mənə güvəndiyini demişdi.
Məşqçinin də belə deməsi məndə də xüsusi ruh yüksəkliyi yaratmışdı. Çünki özümdə də inam yaranmışdı ki, baş məşqçimiz mənim haqqımda belə fikirdədir. Buna görə də mənimlə bağlı növbəti dopinq iftirasının olacağını gözləmirdim.
Mən yenidən məşqə qayıtdığım zaman da, məşqçiyə demişdim ki, əgər az da olsa şübhə varsa, (günahlandırılacağıma) mən yarışdan öncə qan testi verməyim və qatılmayım yarışa. Çünki bu növbəti dopinq qalmaqalı mənim karyeramın sonunu gətirə bilər. Bunu istəmirdim. Gələcəklə bağlı daha böyük arzularım var idi. Hətta Olimpiada arzularım var idi. Özümü orada gömək istəyirdim.
Amma məşqçimiz Zlatan Vanev mənə narahat olmaq üçün əsas olmadığını dedi.
Qalmaqal ortaya çıxanda o də çox məyus olmuşdu”.
“Saunadakı əziyyətdə qardaşıma və Nizami Paşayevə yalvardım”
“Mən hər yarışa çıxanda 8 kq çəki salıram. Ən böyük əziyyət isə çəkini 63-kq-dan 62-kq-a salmaq olur. Çünki bədəndə artıq çəki deyilən bir şey olmur. Sümük və əzələdir. Tər də çıxmır ki, çəki düşsün. 2010-cu ildə olmuşdu belə bir hal. Birinci dopinqə düşdüyüm yarışda ...
Çempionata gedərkən mənimlə Hafiz müəllim də gəlmişdi. Qardaşım Hafiz Süleymanov və ən titullu idmançılarımızdan Nizami Paşayev məni qalan bir kilonu salmaq üçün saunaya aparmışdılar. Yarışın başlanmasına da 2-3 saat qalıb. Mənim çəkim isə heç olmasa 50 qram da düşmürdü.
Nə isə, elə oldu ki, Nizami Paşayev mənimlə saunaya girdi. Qardaşım da saunanın qapısını çöldən tutdu. Qaçmayım deyə...
5 dəqiqə ərzində Nizami Paşayev məni duzla sürtdü ki, tərləyim, çəki sala bilim. Daha sonra Hafiz Süleymanov içəri girib duzla sürtməyə başladı, Nizami Paşayev çölə çıxıb qapını tutdu. İçəridəki istidən ürəyim də partlaya bilərdi həmin an.
Bu zaman içəridən qapını döyürdüm ki, “Nizami, qurban olum, qapını aç, nifrət edirəm bu idmana”.
Artıq əsəblərim pozulmuşdu, çəki düşmürdü. Əsəbdən heç nə gözümə görünmürdü. Deyirdim ki, başımı daz qırxdırım bəlkə azalar çəkim. Nizami Paşayev gülərək dedi ki, “sənin saçında 50 qram çəki yoxdu, bunun nə mənası var”.
Əziyyətlə o çəkini mənə saldırdılar. Saunaya 3 giriş etdik -15 dəqiqə, 10 dəqiqə, sonuncuda 8 dəqiqə güclə durdum.
Saunadan çıxanda Nizami Paşayevlə Hafiz Süleymanov qoluma girərək məni leş kimi apardılar. Aparıb tərəzinin üstünə qoyanda düz 62 kq idim. 1 qram belə çox deyildi. Tərəzinin üstündə durmağa belə taqətim yox idi.
Hakimlər işarə edirdilər ki, əlinizi çəkin onun üstündən çəkini dəqiq qeydə ala bilək. Onlar əllərini çəkən kimi, yerə otururdum. (gülür) Hakimlər deyirdi ki, 1 saniyə belə olsa dur ayaq üstə çəkini qeydə alaq. Heyim yox idi ki, düz durum. Nəhayət, çəkimi yazdılar.
Bu qədər əziyyətdən sonra – yarışa 1 saat qalmış mənə zəng edib deyirlər ki, dopinqə düşəcəyinizlə bağlı şübhələr var. O an sanki başıma qaynar su tökdülər.
Övladları ...
“İki oğlum var. Böyük oğlumun adı Uğur, kiçiyinin adı Raufdur. Hər yarışa gedəndə televizorun qarşısında oturub məni izləyirlər. Sonra evə gələndə mənim hərəkətlərimi yamsılayırlar (gülür). Hətta “ştanqı” qaldırarkən qışqırmağımı belə yamsılayırlar.
Avropa çempionatından qayıtdığım zaman uşaqlar ikisi də səhər saat 5-də hava limanına məni qarşılamağa gəlmişdilər. Onları hava limanında görəndə bir anlıq şok keçirdim. Bir tərəfdə media nümayəndələri, bir tərəfdən də onlar əllərində güllə üstümə gəlirdi.
Güman edirəm ki, onlar böyüyəndə atalarının edə bilmədiklərini edəcəklər, uğurlar qazanacaqlar.
Amma onlara yön verməyəcəm, özləri hansı yolu istəsələr onu da seçəcəklər.
Atam danışa bilmirdi, hisslərini jestlərlə çatdırırdı
“Atam mənim yarışlarımı televiziyadan izləyirdi. 1996-cı ildə iflic keçirmişdi. Hafiz o zaman Türkiyədə idi. Hafiz Süleymanov da Türkiyə adına Olimpiadada yarışacaqdı. Həmin il atam iflic oldu. Bundan sonra danışa bilmədi.
Sözlərini jestlərlə, əlləri ilə başa salmağa çalışırdı. Bir əli də işləmirdi. Mən yarışdan gələn zaman üstümə gəlirdi, qucaqlayırdı. Əli ilə göstərməyə çalışırdı, hətta qışqırmağımı belə göstərməyə çalışırdı. Atamın bu sevinci mənim üçün böyük stimul idi”.
Qəhrəman ana və dünyanın ən böyük idmançı ailəsi
“Təvazökarlıqdan uzaq olmasın, onu da deyim ki, dünyada belə bir ailə yoxdur ki, 4 qardaş Avropa və dünya çempionatından medal gətirsin.
Ailədə 13 uşağıq, 9 qardaş 4 bacı ... Qardaşlardan 8-i idmanla məşğul olub. 3-ü dünyadan köçüb, 4 qardaş ağırlıqqaldırma ilə məşğul idik, 5 qardaş isə güləşlə ...
Anam isə qəhrəman anadır. 10-cu uşağa görə anaya qəhrəmanlıq verirdilər. Həmin medal da mənə görə verilib, 10-cu uşaq mən olmuşam. Ona görə mənə deyirdilər ki, sən dünyaya gəlməmişdən medalını almısan və deyirdilər ki, gələcəkdə daha çox medallar qazanacaqsan. Bu da hardasa özünü doğrultdu”.
- İndi nə işlə məşğulsuz?
- Hazırda idmandan uzaq bir peşədə çalışıram, administrator işləyirəm... Amma bu müvəqqətidir. Çünki özümü bu işdə görmürəm. Mənim yerim idmandır. Çox istəyərəm idman sahəsində bir işim olsun.
“Atamı KQB gecəylə apardı”
“- Qardaşınıza - Hafiz Süleymanova SSRİ dövründə “vətən xaini” dedilər...
- Bu hadisə 1989-cu ildə baş vermişdi. Mənim o zaman 7 yaşım var idi. Hadisələri o qədər də dərk etmirdim. Türkiyəyə getməsini adi hal kimi dərk edirdim, qlobal problem kimi yox...
Həmin vaxt atamı KQB işçiləri gecə ilə aparmışdı. O vaxt pasport çıxarmaq çətin idi, müəyyən müddət aparırdı. Amma 1 gecənin içində atama pasport düzəltdilər. Atam Bakıdan uçdu Moskvaya, Moskvadan da Türkiyəyə...”
“Adidas” sevgisi – Qardaşı ilə uzun illər sonra ilk görüş
1995-ci il idi, Hafiz evə zəng etmişdi Türkiyədən. Mən o zaman güləşdə idim. O zaman da “Adidas” idman malları çox məşhur idi. Hafiz evə zəng edəndə soruşdu ki, nə istəyirsən? Mən də “Adidas” mayka, kepka, idman ayaqqabısı al dedim. (gülür)
Hafizi bir də 1996-cı ildə gördüm. Artıq mənim 14 yaşım var idi.
Uzun illər sonra onu ilk dəfə görən kimi boynuna tullandım. Görən kimi tanıdım, çünki mən ona çox oxşayıram. Hamı da bizi bənzədirdi.
Amma onu da deyim ki, Hafiz həmişə biz qardaşların adlarını qarışdırırdı.
Təsəvvür edin, neçə ildən sonra ilk dəfə evə qayıdıb, mənə ayaqqabı gətirmişdi, 2 yaşında uşağın ayağına uyğun idi.
Baxıram, istədiyim “adidas”, amma gülürəm ki, bu, mənim ayağıma olar?!
Qardaşının medalları
“Hafiz Türkiyədən gələndə - 2001-ci ildə medallarının hamısını gətirmişdi. Onun ən böyük çamadanında ancaq medalları idi. Mən o medallarla şəkillər çəkdirmək istədim. Amma o qədər ağır idi heç yarısını boynumdan asıb saxlaya bilmədim”.
Aygün İlqarqızı
Foto: Elnur Muxtar
-
Sosial12:32
Dron hücumu: Bakıdan Minvoda uçan təyyarə geri döndü - FOTO
-
Dünya12:06
Kadırov maddi yardım təklif etdi: Azərbaycan bu cavabı verdi
-
Sosial11:54
Abşeronda dəhşətli hadisə: Həbsdən çıxan kişi... - VİDEO
-
Sosial11:36
Çağırış yaşının yuxarı həddinin azaldılması təsdiqləndi
-
Nida Xəbər 10:58
Rusiya hadisədən iki həftə əvvəl... - Qəza ilə bağlı şok faktlar üzə çıxdı
-
Maraq dünyası10:14
İlan ilində bu hədiyyələri vermək olmaz - Astroloq xəbərdarlıq etdi
-
İdman08:48
Miqrenin müalicəsində İNQİLABİ KƏŞF
-
ABŞ08:12
Bu ölkədə quş qripi mutasiyaya uğradı - İLK YOLUXMA