"Qarabağ" pley-offda, "Bazel" 1/8 finala vəsiqə qazandı - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

"Qarabağ" pley-offda, "Bazel" 1/8 finala vəsiqə qazandı - (YENİLƏNDİ)

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə "Bazel"inin qonağı olub. "Sankt-Yakob Park" stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Görüşə sürətli hücumlarla başlayan “köhlən atlar” 2-ci dəqiqədə hakim haqsızlığı ilə üzləşib. Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçsə də, referi qolu qeydə almayıb. Buna baxmayaraq, ruhdan düşməyən qonaqlar ardıcıl 2 epizodda İbrahima Vadji ilə qola yaxın olublar. Lakin hər iki halda “Bazel”in qapıçısı Haynts Linder seneqallı hücumçunun fərqlənməsinə mane olub. Qolkiper az sonra Patrik Andradenin təhlükəli zərbəsini zərərsizləşdirib. 24-cü dəqiqədə Şahruddin Məhəmmədəliyev rəqibin təhlükəli hücumu zamanı çıxışda səhv yol verib. Amma özünü topa hamıdan tez çatdıran Maksim Medvedev komanda yoldaşını sığortalayıb. 29-cu dəqiqədə isə meydan sahiblərinin hücumçusu Artur Kabralın qol vurmasına Məhəmmədəliyev imkan verməyib. O, braziliyalı forvardla üzbəüz dueldən qalib ayrılıb. Oyunda hesab 33-cü dəqiqədə açılıb. Kabral baş zərbəsi isə “Qarabağ”ı meydanın mərkəzinə dəvət edib. İlk hissədə tərəflər çox çalışsa da, hesab dəyişməyib.

Fasilədən sonra da üstün oyun sərgiləyən ağdamlılar 2 dəqiqə ərzində iki real qol epizodu yaxalasa da, Vadji fürsətləri boşa verib. 53-cü dəqiqədə Məhəmmədəliyev Kabralın dubl etməsinin qarşısını alıb. Lakin “Bazel” cəmi 9 dəqiqə sonra istəyinə çatıb. Bu dəfə Patyim Kasami adını tabloya yazdırıb. 65-ci dəqiqədə Kabralın başla vurduğu top qapı tirinə tuş gəlib. 74-cü dəqiqədə isə 23 yaşlı forvard özünün 2-ci, komandasının 3-cü qoluna imza atıb. Bundan sonra “Qarabağ” ən azından fərqi azaltmaq üçün irəli atılsa da, cəhdlər heç bir nəticə verməyib.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Bazel” qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. “Qarabağ” isə mübarizəni pley-offda davam etdirəcək.

Qeyd edək ki, qrupun digər oyununda Qazaxıstan “Kayrat”ı Kiprdə “Omoniya” ilə qolsuz heç-heçəyə razılaşıb.

01:30

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda 3-cü qol vurulub.

Publika.az xəbər verir ki,74-cü dəqiqədə meydan sahiblərinin heyətində Artur Kabral dubl edib.

xxx

01:18

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda hesab dəyişib.

Publika.az xəbər verir ki, meydan sahiblərinin heyətində Paytim Kasami 62-ci dəqiqədə ikinci topu Ağdam təmsilçisinin qapısından keçirib.

xxx

01:01

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci hissə başlayıb.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi ilk yarıdan sonra minimal hesabla uduzur. Yeganə qolu 33-cü dəqiqədə Artur Kabral vurub.

xxx

00:45

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb. Yeganə qolu 33-cü dəqiqədə Artur Kabral vurub.

xxx

00:33

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, 33-cü dəqiqədə Artur Kabral meydan sahiblərini önə keçirib.

xxx

00:00

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.

Publika.az xəbər verir ki, "Sant-Yakop Park" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edir.

Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm