"Araz Naxçıvan"ın prezidentindən AFFA-ya sərt ittihamlar
Bizi izləyin

İdman

"Araz Naxçıvan"ın prezidentindən AFFA-ya sərt ittihamlar

"Araz Naxçıvan"ın prezidentindən AFFA-ya sərt ittihamlar

“Araz Naxçıvan”ın hakim səhvlərinə etiraz əlaməti olaraq çempionatda iştirakını dayandırdığı barədə məlumat yayılmışdı.

Klub rəhbərliyi hakimlərin onlara qarşı qərəzli davrandığını iddia edirdi. Publika.az xəbər verir ki, "Araz Naxçıvan"ın prezidenti Orxan Cabbarov baş verənlər aydınlqı gətirib. Klub rəhbəri AFFA-nın strategiyasını kəskin şəkildə tənqid edib.

- “Sumqayıt” - “Araz Naxçıvan” oyunundan sonra baş verənləri bir də sizdən eşidək...

- Artıq deyiləsi söz yoxdu. Daha doğrusu, sözümüz çoxdu, amma qurum dediyimiz sözlərə bir qədər “barmaqarası” yanaşır. Səbəbini heç aydınlaşdıra da bilmirik. Cənab prezidentin futbolun inkişafı üçün imzaladığı sərəncam deyəsən federasiyanı maraqlandırmır. Biz, eləcə də digər klublarımızın bir məqsədi var: Azərbaycanda futbolu küləviləşdirmək. Ancaq bəzi qurumlar nə edir: yalnız haqlarımızı tapdalayır. Uzun illər Muxtar Respublikada futbol olmayıb, insanlar yeni yaradılmış komandaya azarkeşlik etmək üçün bütün rayonlardan stadiona axın edirlər. Niyə? Çünki bizim məqsədimiz öncədən bəlli idi - sadəcə futbol üçün çalışmaq və cənab prezidentin sərəncamına əsasən hərəkət etmək. İndi görürük ki, bu yolda bizə maneçilik törədirlər.

- Sizə kimlərinsə maneçilik törətdiyini dediniz. Bu yolda kimlər yolunuzu kəsir?

- İlk növbədə hakimlər. Premyer Liqaya yüksəldikdən sonra hakimlər oyunlarımızda verdikləri qərəzli qərarlarla gündəmi zəbt etdilər. İlk olaraq Qəbələdə olmayan yerdən qapımıza penalti təyin olundu. İndi mən soruşuram: Rəhim Həsənova niyə təyinat vermirlər? Deməli, səhv etdiyini Hakimlər Komitəsi təsdiq edir. Buna etiraz etmədik, dedik insandı, hakimdi, səhv edə bilər. Lakin “Sumqayıt”la oyunda artıq səbr kasasını daşırdılar. İki epizodda qeydə alınmayan penalti və qol futbolçuları da ruhdan saldı. Deyək ki, bu oyunda epizodların birini hakim görmədi, səhvini qəbul etmək olar. Bəs digər, hesaba alınmayan qol? Anlamadığım bir şey var: xalqın gözü tərəzidi, yoxsa Hakimlər Komitəsinin? Yaxud bunlar gördükləri işi bacarmırlar?

- Bu etirazlar barədə PFL-ə rəsmi müraciət etmisiniz?

- Yox. Sadəcə biz inanırıq ki, Hakimlər Komitəsi özlərini gülünc vəziyyətdə qoymayaraq, bu qərarların nə dərəcədə düzgün və ya yalnış olduğuna qərar verərlər. Nədə olmasa, qurumda futbol anlayışı olan insanlar olacaq. Ancaq PFL rəhbəri Ramin Musayevlə görüşümüz olub və mübahisəli epizodların bir daha araşdırlacağına söz verilib.

- Bəs “Araz Naxçıvan”ın çempionatdan çıxarılması ilə bağlı nə deyə bilərsiz?

- Ola bilər. Hər oyunumuz hakim səhvləri ilə nəticələnsə, məğlubiyyətlə üzləşib bunu qəbul edəcəyiksə, bəri başdan desinlər, xərc çəkib səfər oyunlarına getməyək, 3 xalı elə rəqibə “hədiyyə” edək. Onsuz da bu 3 xalı Hakimlər Komitəsi rəqibə verir (gülür).

- Mətbuatda qeyd olunub ki, bu gün “Araz Naxçıvan” PFL-ə rəsmi məktubla müraciət edib. Bu doğru xəbərdi?

- Bəli, rəsmi məktub yazılıb. Klub rəhbəri kimi, “Sumqayıt” - “Araz Naxçıvan” oyununu idarə edən hakimlərin "Araz Naxçıvan” azarkeşlərinin hər hansı bir təzyiqinə məruz qalmamalarını düşünərək belə bir müraciət ünvanladıq. Onu da qeyd edim ki, sosial şəbəkələrdə və ya hər hansı mətbuu orqanda “Araz Naxçıvan” barədə çıxan məlumatlar klubumuzun rəsmi saytında açıqlanmırsa, bunlar əsassızdı. Sadəcə mənə maraqlıdı - “Araz Naxçıvan”ın başına gələnlər, digər klubların başına gələcəkmi? Bu suala da siz cavab verin.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm