Azərbaycanda oyunun satılması ilə bağlı cavab: “Cəfəngiyatdır”
Bizi izləyin

İdman

Azərbaycanda oyunun satılması ilə bağlı cavab: “Cəfəngiyatdır”

Tovuzun “Turan" klubunun keçmiş yarımmüdafiəçisi Valeri Onile Azərbaycandakı karyerası ilə bağlı danışıb.

O, Moldova mətbuatına açıqlamasında Azərbaycanda iştirak etdiyi bir oyunun satıldığını deyib. Həmin oyun “Neftçi” və “Qarabağ” arasında olub:

"Bizi "Neftçi"nin sabiq baş məşqçisi (Nizami Sadıqovu nəzərdə tutur – red.) çalışdırırdı. Oyunların birində onun keçmiş komandasını qonaq edirdik. Onlar çempionluq uğrunda mübarizə aparırdılar. Bizə öncədən oyunu uduzacağımızla bağlı heç bir söz deməmişdilər. Amma oyuna çıxarılan start heyət hamını təəccübləndirmişdi. Çünki meydana çıxanların çoxu əvəzedici heyətdə olanlar, oynamayanlar idi. Ən maraqlısı onda idi ki, ilk hissədən sonra biz 2:0 öndə idik. Paltardəyişmə otağına gedəndə gördük ki, baş məşqçimiz rəngi qaçmış halda oturub. O, bizə dedi ki, uşaqlar, kömək edin, bu gün uduzmalıyıq, amma heç kimi şübhələndirməmək şərtilə. Nəticədə, biz həmin oyunu 2:3 hesabıyla uduzduq (sözügedən matç 2009-cu ilin 5 dekabr tarixində baş tutub – red.). Təbii ki, təcrübəli futbolçular meydana çıxıb bu "şou"da iştirak etmək istəmirdilər. Onlar baş məşqçiyə etirazlarını da açıq-aşkar bildirdilər".

Məsələ ilə bağlı “Neftçi”nin o dövrdəki baş məşqçisi Vaqif Sadıqovun münasibətini öyrəndik. Publika.az-a danışan baş məşqçi bunun cəfəngiyat olduğunu deyib:

“Hər kəsə təklif edirəm, hadisə olan vaxtı danışmaq lazımdır. Düşünürəm ki, belə bir hadisə olmayıb. Hər hansı futbolçu haradasa hansısa fikir bildirirsə, buna inanmaq lazım deyil, buna ehtiyac da yoxdur. Yenə təkrar edirəm, belə bir hadisə baş verməyib, cəfəngiyatdır”.

Xatırladaq ki, Unibank Premyer Liqasının XIII turunun "Turan" – "Neftçi" oyununu araşdırmaq məqsədilə yaradılan komissiya öz qərarını açıqlayarkən oyunun danışıldığını təsdiqləməmişdi: “Deyilənlər həqiqəti əks etdirmir və heç bir fakta əsaslanmır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm