Qurbanov AFFA-dakı iclasın detallarını açıqladı: Premyer Liqaya neçə komanda gələcək?
Bizi izləyin

İdman

Qurbanov AFFA-dakı iclasın detallarını açıqladı: Premyer Liqaya neçə komanda gələcək?

“İclasın gündəliyindəki əsas məsələlərdən biri də inkişaf strategiyası idi. Nəhayət strategiya qəbul olundu. Futbolun fundamenti oradan başlayır”.

Bu sözləri Publika.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov komitənin ötən gün keçirilən iclasında verilən qərarları şərh edərkən deyib. O, inkişaf strategiyasının kimlər tərəfindən və hansı maliyyə ilə icra olunacağı ilə bağlı sualımıza belə cavab verib:

“Layihənin idarə edilməsi və kimlərə həvalə olunması daxili əmrlərlə olacaq. Layihəni yəqin ki, əvvəlcə AFFA maliyyələşdirəcək. Ancaq daha böyük vəsaitlərlə bağlı məsələ növbəti iclaslarda müzakirə olunacaq. Çox gözəl layihədir, orada yazılanlar yerinə yetirilsə, hər şey yaxşılığa doğru dəyişəcək”.

Azərbaycan Premyer Liqasında komanda sayının artırılması və legioner limitin ləğvi ilə bağlı məsələyə də toxunan Səməd Qurbanov bunları gələcəyə doğru müsbət addım hesab etdiyini deyib:

“Hamı bu qərarın lehinə səs verdi. Bilirik ki, komanda sayı nə qədər çox olsa, o qədər yaxşı olar. Hətta istəyərdik ki, komanda sayı 12 yox, daha çox olsun. Amma komanda sayının artması ilə limitin ləğvi yerli və legioner futbolçular arasında rəqabət yaradacaq. Azərbaycanlı futbolçular əsas heyətdəki yerlərini itirməmək üçün çalışmalı olacaqlar. Elə komanda olacaq ki, 11 azərbaycanlı ilə oynayacaq. 14 klub olsaydı, bu, rəqabəti bir az da gücləndirəcəkdi. Milli komandanın baş məşqçisinin seçim imkanlarını artıracaqdı.

Yerli futbolçuları oynadan klublara bonus veriləcək. Bu məsələ ilə bağlı detallar da sonrakı iclasda dəqiqləşdiriləcək”.

İcraiyyə Komitəsinin üzvü yeni mövsüm üçün Birinci Liqadan 3 klubun gələcəyini bildirib. Eyni zamanda 12 komandalı çempionatın hansı formatla keçirilə biləcəyindən danışıb:

“Bu məsələ müzakirə olundu. Aşağı liqadan elitaya 3 komanda gəlməli, Premyer Liqanın sonuncusu isə aşağı düşməlidir. Bu yaxınlarda keçiriləcək iclasda bu məsələ tam olaraq dəqiqləşəcək.

Formata gəlincə, 3 dövrəli çempionatın keçirilməsi gözlənilir. Bu məsələyə də sonrakı toplantıda baxılacaq”.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm