Futbol meydanını döyüş meydanına dəyişən hakim: O, hansı oyundan sonra məşhurlaşıb? - MÜSAHİBƏ -FOTOLAR
Bizi izləyin

İdman

Futbol meydanını döyüş meydanına dəyişən hakim: O, hansı oyundan sonra məşhurlaşıb? - MÜSAHİBƏ -FOTOLAR

Biz onu Xankəndidə keçirilən tarixi matçdan sonra daha yaxından tanıdıq. İşğaldan azad edilən şəhərimizdə keçirilən Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK matçı (1:0) baş hakim kimi məhz ona həvalə edilmişdi. O, Vətən müharibəsi iştirakçısı Əli Əliyev idi. Torpaqlarımızın azadlığı uğrunda başlayan mübarizənin ilk günündən döyüş meydanında ədalət təmsilçisi ədalətin bərqərar olmasında pay sahibi oldu.

O, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Vətən müharibəsindəki xidmətlərinə görə mükafatlandırılan döyüşçülər sırasındadır. Döyüş meydanından sonra futbol meydanlarına qayıdan Əli Əliyev Azərbaycan çempionlarının oyunlarına daim təyinat alır.

Zəfər gününü fürsət bilərək, zəfərimizdə pay sahibi olan Vətən müharibəsi iştirakçısı hakimlə həmsöhbət olduq. Əli Əliyev Publika.az-a müsahibəsində döyüş yolundan, Prezident tərəfindən mükafatlandırılmasından və gələcək arzularından danışdı:

– Vətən müharibəsindəki döyüş yolum 2020-ci il sentyabr ayının 20-si gələn zənglə başladı. Hərbi komissarlıqdan zəng gəldi və ora dəvət aldım. Ayın 21-i hərbi komissarlığa, oradan da N saylı hərbi hissəyə getdim və bir həftə təlimlərdə iştirak etdim. Sentyabrın 27-də döyüşlər başladı. Biz Füzuli istiqamətində irəlilədik, orada tapşırıqları icra etdikdən sonra Xocavənd istiqamətində döyüşlərə qoşulduq.

– Həmin günləri necə xatırlayırsınız? Əlbəttə ki, orada heç nə asan olmur. Yaşadığınız çətinliklər, güc aldığınız məqamlar, sevincli, kədərli anlarınız...
– Müharibə çətindir, asan müharibə olmur. Çətinliyi ondadır ki, yanındakı döyüş yoldaşların yaralanır və ya şəhid olur. Bu, əlbəttə ki, ağlasığmaz qədər çox ağır hissdir. Amma eyni zamanda, o ağrı bizə daha çox motivasiya verirdi, irəli getməyə, qisas almağa sövq edirdi. Ən sevincli anımız 8 noyabr oldu. Komandirlərimiz bizə düşmənin təslim olduğunu və müharibənin bitdiyini bildirdilər. Qələbə xəbəri bizə çox böyük sevinc və qürur hissi yaşatdı. Həm qalib gəlmişdik, həm də şəhidlərimizin qisasını almışdıq.

– Vətən müharibəsindəki xidmətləriniz mükafatsız qalmayıb...
– Xidmətlərim mükafatsız qalmadı. Cənab Prezident tərəfindən Laçının azad olunması və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olundum. Əlbəttə ki, bu, mənim üçün böyük qürur hissidir. Bu medallara layiq görüldüyüm üçün çox sevinirəm.

– Artıq tarixi zəfərdən 5 il keçir.
– Tarixi zəfərdən 5 il keçməsinə baxmayaraq, o günləri hələ də çox yaxşı xatırlayıram. Qalib xalqın nümayəndəsi kimi içimdə bir rahatlıq və özgüvən hiss edirəm.

– Siz azad Qarabağda futbol matçı idarə edən ilk hakim kimi tarixə düşdünüz. Həmin oyunu idarə edəcəyinizi öyrənəndə, Prezident İlham Əliyevlə görüşəndə və matç vaxtı hansı hissləri yaşadınız?
–Bu təyinatı aldığımı və həmkarlarımın da müharibə iştirakçıları olduğunu öyrənəndə çox sevindim. PFL, AFFA və Hakimlər Komitəsinin rəhbərliyinə minnətdaram ki, bu oyunu bizə etibar etdilər. Cənab Prezidentin də həmin oyunda iştirak edəcəyini öyrənəndə ikiqat sevindim və qürurlandım. Oyun başlamazdan əvvəl fikirləşirdim ki, bir vaxtlar biz bu torpaqları azad görməyi arzulayırdıq. İndi isə o arzular gerçək olub, biz bu torpaqlarda futbol idarə edirik. Prezidentin orada olması bizə həm böyük qürur, həm də məsuliyyət hissi verirdi.

– Əlbəttə ki, hər bir futbolçu meydanda hakimə hörmətlə yanaşmalıdır. Lakin Azərbaycan mentalitetində dəyərlər var. Onlardan biri torpaqlarımız uğrunda döyüşən insanlara, qazilərə, şəhidlərə hörmətdir. Futbol ailəsində də bu dəyərlər yaşayır. Əvvəlki dönəmlə müqayisədə Vətən müharibəsindən sonra meydanda futbolçuların, məşqçilərin, azarkeşlərin sizə olan münasibətində dəyişiklik olubmu?
– Mən özüm hakimlik etməmişdən əvvəl futbol oynamışam. Hətta bəzi Premyer Liqa komandalarında da çıxış etmişəm. “Qarabağ” komandasının heyətində əvəzedicilər liqasında 2016//17-ci il mövsümündə Azərbaycan çempionu olmuşam. Döyüşdən öncə də futbolçular, məşqçilər məni tanıyırdı, amma Vətən müharibəsindən sonra, xüsusən də “Qarabağ” – MOİK görüşündən daha çox tanınmağa başladım.

Bizim işimiz çox çətindir. Mən çalışıram həmişə bacardığım qədər ədalətli oyun idarə edim. Nə qədər çalışsaq da, təbii ki, bəzən səhvlər olur. Bir-iki saniyə içində oyun epizodları ilə bağlı qərar verməlisən. Bəzən oyunun gedişində elə məqam olur ki, qərar verməyə çətinlik çəkirsən. Qarşından oyunçu keçir, mövqe düzgün olmur. Epizodu görürsən, amma düzgün dəyərləndirə bilmirsən. Səhvsiz insan yoxdur. Amma əsas odur ki, səhvləri bilərəkdən etməyəsən, nəticə çıxarasan və gələcəkdə təkrarlamayasan.

– Artıq azərbaycanlı hakimlərin soraqları beynəlxalq arenalardan gəlir. Siz də təyinatlar alırsınız. Gələcəklə bağlı planlarınız, arzularınız nələrdir? Hansı turnirlərə təyinat almağı arzulayırsınız?
– Bu, çox sevindirici haldır ki, azərbaycanlı hakimlər artıq Çempionlar Liqası və Avropanın mötəbər turnirlərində təmsil olunurlar. Mən də öz hakim yoldaşlarımın uğurlarına həmişə sevinirəm. Əlbəttə, mən də çox çalışıram və istəyirəm ki, Azərbaycanı layiqincə beynəlxalq oyunlarda təmsil edim.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm