İdman
“Qarabağ” üçün əsl fürsət: Həm tarix yazmaq, həm də revanş şansı
Sabah bütün Azərbaycanın gözü futbolumuzun məbədi hesab edilən Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq. Təmsilçimiz “Qarabağ” UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində Niderlandın "Ayaks" klubunu qəbul edəcək.
Rəqib tarixinin ən çətin və böhranlı günlərini yaşayır. Komandanın cari mövsümdəki çıxışını bir sözlə ifadə etmək lazım gəlsə, bu, “kabus” olardı. Hər zaman gənc istedadları və hücum futbolu ilə tanınan Amsterdam klubu, bu il həm Erediviziyada, həm də Avropanın bir nömrəli klub turnirində tanınmaz haldadır. ÇL-də turnir cədvəlinin aşağı pillələrində dolaşan komanda, ölkəsində çempionluq yarışından uzaq düşüb. “Ayaks” mövsüm ərzində heç cür lazımi sabitliyi yaxalaya bilməyib.

Mövsüm ərzində baş məşqçi postunda dəyişiklik də edilib. Con Heytinqanı hazırda “sükan arxasında” əyləşən Fred Qrim əvəzləyib. O da hələlik “qanayan yaranı” tam sağalda bilmir. “Ayaks” son 2 Erediviziya oyununda – “Sittard” (3:1) və “Qroningen” (2:0) ilə görüşlərdə qələbə qazansa da, azarkeşlərin komandaya olan əvvəlki inamı bərpa olmayıb.

“Ayaks”ın Çempionlar Liqasındakı performansı isə tam fəlakətdir. Amsterdam təmsilçisi bu mövsüm Avropanın ən nüfuzlu klub turnirində keçirdiyi 5 qarşılaşmanın hamısında meydanı məğlub tərk edib. Nəticə göz qabağındadır – liqada xalı olmayan yeganə komanda sonuncu sırada qərarlaşıb. “Ayaks”ın pley-offa yüksəlmək şansı demək olar ki, yoxdur. Komandanın motivasiyası son dərəcə aşağıdır və Bakıya, bəlkə də sadəcə prestij xatirinə səfər edirlər. Niderland nəhənginin əsas diqqəti dördüncü sırada qərarlaşdığı və lider PSV-dən 14 xal geri qaldığı Erediviziya yönəlib. Çempionat 2 tur sonra "ekvator xətti"nə çatacaq, lakin komandanın vəziyyəti risklidir. İndiki halda Amsterdam təmsilçisinin hətta yeni mövsüm Çempionlar Liqasından kənar qalmaq ehtimalı var.

Sabahkı qarşılaşma “Qarabağ” üçün sadəcə bir ÇL oyunu deyil. Bu matçın ikiqat əhəmiyyəti var. Birincisi və ən vacibi pley-off şansıdır. Rəqibin motivasiyasız və problemlər içində olması “Qarabağ” üçün göydəndüşmə fürsətdir. Ağdam təmsilçisi sabahkı matçda qələbə qazanaraq, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə yolunda həlledici addımı ata və Azərbaycan futbol tarixində yeni səhifə aça bilər.

İkincisi isə revanş. Futbol azarkeşləri yaxşı xatırlayır ki, bu iki komanda ötən mövsüm Bakıda UEFA Avropa Liqası çərçivəsində üz-üzə gəlmiş və həmin dueldən “Ayaks” 3 cavabsız qolla qalib ayrılmışdı. İndi isə şərtlər tamamilə fərqlidir. Qurban Qurbanovun komandası bu dəfə həm də tarix yazmaq, həm də məğlubiyyətin əvəzini çıxmaq niyyətindədir.
Ötən ilin oktaybrın 24-də baş tutan dueldə azarkeşlər üzərində ingilis dilindən tərcümədə “Ruhlar şəhərindən Avropaya” sözləri yazılmış xoreoqrafiya açmışdılar. Yazının əsas şəklində məhz həmin an təsvir olunub. Ağdam təmsilçisi bir qələbə ilə “köhnə qitə”ni bu dəfə yeni zəfəri ilə fəth edə bilər.
Heybət Məmmədov
-
Dünya11:30Netanyahu "qan-qan" deyir: Çıxmayacağıq!
-
İdman11:18“Qarabağ” üçün əsl fürsət: Həm tarix yazmaq, həm də revanş şansı
-
Dünya10:42Orban Ərdoğandan bu zəmanəti aldı: Kritik Rusiya amili
-
Sosial10:15Güllələnmiş meyiti tapılan Nicat bu şəxsin oğlu imiş - FOTO
-
MDB09:30Rusiya Xəzər dənizi üzərində 8 PUA vurdu
-
İdman09:12Vernidub "Neftçi"də bu qədər maaş alacaq - Fantastik məbləğ
-
Hadisə08:27Baldızı oğlunun güllələnməsi xəbərinə İsa Həbibbəylidən reaksiya
-
İdman08:24Türkiyə futbolunda böyük əməliyyatda məşhur şəxslər həbs edildi - SİYAHI
















.jpg)










.jpg)







