Prezidenti axtarışda olan klubda şok yaşanır: "Araz-Naxçıvan" dağılır?
Bizi izləyin

İdman

Prezidenti axtarışda olan klubda şok yaşanır: "Araz-Naxçıvan" dağılır?

Ötən gündən bəri ölkənin gündəmi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir qrup şəxsin qaçalmalçılıq və digər cinayətlərin törədilməsində iştirakının ifşa edilməsidir.

Onlar arasında “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslər də var.

Adı çəkilən hər üç şirkətin rəhbəri Ramin Axundovdur. Axundov istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk edib. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.

O, Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan” klubunun da prezidentidir. Təsadüfi deyil ki, klubun formasının üzərində “Səmayə Logistic”in adı həkk olunub.

Hazırda axtarışda olan Ramin Axundov futbol ictimaiyyətinə də yaxşı tanış olan Zaur Axundovun qardaşıdır. Zaur Axundov isə Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının prezidentidir. “Araz-Naxçıvan”da məhz onun kurasiyasındadır.

Publika.az-ın məlumatına görə, baş verən proseslər Premyer Liqa klubuna ciddi şəkildə təsir göstərə bilər. Azərbaycan çempionatının iddialılarından olan komanda ötən mövsüm UEFA Konfrans Liqasında ölkəmizi təmsil edib və bir mərhələ keçməyə müvəffəq olub.

Lakin hazırda “Araz-Naxçıvan”ın başını “qara buludlar” alıb. Maraqlıdır ki, klub rəhbərliyi baş məşqçi dəyişikliyinə getdiyi gün prezident Ramin Axundovun axtarışa verildiyi elan edilib. Naxçıvan təmsilçisi komandanın uğurlarında – xüsusilə tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmasında əsas əməyi olan və çətin şəraitdə çalışan Elmar Baxşıyevi göndərməklə tənqid hədəfinə çevrilib. Onun göndərilməsi birmənalı qarşılanmır.

Rəhbərlik və klubun sponsoru ilə bağlı yaranan vəziyyət “Araz-Naxçıvan”da maliyyə baxımından da problemlər yarada bilər. Komandanın heyətində tanınmış və bahalı futbolçular çıxış edir. Onların bəzilərinin məvacibləri olduqca yüksəkdir. Ən çox maaş alan futbolçu isə Patrik Andradedir. O, ayda 35 min dollar qazanır. Belə yüksək maaş alan bir neçə oyunçu var. Onların böyük hissəsi legionerlərdir.

Belə vəziyyətdə klubun fəaliyyətini necə davam etdirəcəyi, maaşların və xərclərin hansı formada qarşılanacağı müəmmalıdır. Düzdür, “Araz-Naxçıvan” dövlətdən maliyyə yardımı alır. Lakin həmin məbləğ xərclərin qarşılanması üçün kifayət deyil.

Vəziyyətə nəzarət və ya müdaxilə edilməzsə, Azərbaycan futbolunda növbəti klub böhranı yaşana bilər. Hətta “Araz-Naxçıvan”ın fəaliyyətinin davam etdirilməsi problemə çevrilə bilər.

Hazırda klubda hər kəs şokdadır. Məsələ ilə bağlı kimsə açıqlama vermək istəmir. Həm rəsmilər, həm də futbolçular narahatlıqla hadisələrin necə cərəyan edəcəyini gözləyirlər. Məsələ ilə bağlı kluba sorğu göndərmişik, amma hələ ki, cavab almamışıq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm