Şahruddin ruslara “Qarabağ”ın tarixi uğurundan danışdı: İndi bunu hamı tam dərk etmir
Bizi izləyin

İdman

Şahruddin ruslara “Qarabağ”ın tarixi uğurundan danışdı: İndi bunu hamı tam dərk etmir

“Bu, bütün klubun uzunmüddətli və zəhmətli işinin nəticəsidir və təbii ki, baş məşqçinin rolu çox böyükdür”.

Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına açıqlamasında deyib. O, Azərbaycan klubunun Çempionlar Liqasının pley-off mərhələsinə tarixi çıxışını şərh edib və bu uğurun böyük zəhmət tələb etdiyini bildirib:

“Bu, bütün klubun uzunmüddətli və zəhmətli işinin nəticəsidir və təbii ki, baş məşqçinin rolu çox böyükdür. Qurban Qurbanovun qurduğu sistem, onun baxışı, səbrli yanaşması və gördüyü bütün işlər olmasaydı, bu mümkün olmazdı. Ümumiyyətlə, postsovet məkanından olan, bu cür büdcəyə malik bir klubun hər il avrokuboklarda çıxış etməsi belə böyük nailiyyət sayılır. “Qarabağ” isə bununla kifayətlənməyib, Avropanın ən güclü klubları ilə bərabər səviyyədə mübarizə apardı. Yalnız “Liverpul”la son oyunda (0:6) uğursuz çıxış etdik, digər bütün matçlarda isə özümüzü çox layiqli göstərdik.

Bu, Azərbaycan futbolu üçün həqiqətən böyük nailiyyətdir, böyük tarixdir. Ola bilsin ki, indi bunu hamı tam dərk etmir, amma illər keçdikcə insanlar ölkəmizdə belə bir komandanın olduğunu daha çox xatırlayacaq və danışacaqlar”.

Məhəmmədəliyev Azərbaycan klubunun tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsinin ölkədə futbolun inkişafına təsir göstərə biləcəyini bildirib:

“Dövlət başçısı tərəfindən futbola hər zaman çox böyük maraq olub. O, bu idman növünü sevir, nəticələri daim izləyir. Belə bir məqamdan mütləq istifadə etmək lazımdır. Ölkədə futbola maraq partlayışı var, uşaqlar oynamaq və məşq etmək istəyir. Bu mərhələdə vacib qərarlar qəbul olunmalıdır.

Ümid edirəm ki, Çempionlar Liqasının pley-offuna çıxmaq təkcə “Qarabağ” üçün yox, ümumilikdə Azərbaycan futbolunun inkişafı üçün də bir təkan olacaq. Düşünürəm ki, bu, insanların anlaması üçün dönüş nöqtəsi olmalıdır: akademiyalara, gənclərə və uşaqlara yatırım etmək lazımdır, çünki əsas baza budur. Ümid edirəm ki, belə də olacaq. Bu cür fürsətlərdən yapışmaq və irəli doğru hərəkətə başlamaq lazımdır.

Bütün uşaqların futbola getmək istədiyi, hər kəsin özünü hansısa futbol ulduzunun adı ilə çağırdığı anı əldən vermək olmaz. Uşaq futboluna sərmayə qoymaq və nəticəni 10 ildən sonra gözləmək lazımdır ki, heyətdə iki yox, artıq 11 azərbaycanlı futbolçu olsun”.

Şahruddin sonda Çempionlar Liqasının pley-off mərhələsində PSJ ilə oynamaq istədiklərini bildirib. O, parisilərin rusiyalı qapıçısı Matvey Safonovun əsas səbəb olmadığını qeyd edib:

“Daha çox, əlbəttə ki, PSJ ilə üz-üzə gəlmək istəyirəm. Bu istək Matvey Safonovla bağlı deyil, daha çox onunla əlaqədardır ki, bu klub daha ulduzlu və adlı-sanlı komandadır. Hər zaman ən güclülərə qarşı oynamaq istəyirsən. Hamımız başa düşürük ki, həm “Nyukasl”, həm də PSJ ilə oyunlar çətin olacaq. Amma buna baxmayaraq, daha çox parislilərin ulduzları ilə qarşılaşmaq maraqlıdır. Seçim etmək isə bizdən asılı deyil”.

“Qarabağ” Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlində 22-ci yeri tutaraq turnirin pley-off mərhələsinə yüksələn 16 komanda sırasına düşüb. Azərbaycan təmsilçisinin 1/8 finala vəsiqə uğrunda rəqibi PSJ və ya “Nyukasl” olacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm