Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib
Bizi izləyin

İKT

Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib

Şəhid və qazi ailələri daim könüllülərin diqqət mərkəzindədir

Müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli ilinin 9 ayını geridə qoyduq. Bu ilin başlanğıcında silahlı qüvvələrimizin işğalçıya qarşı apardığı ədalət savaşı xalq və ordu birliyinin təcəssümünə çevrildi. Xalqımız yumruq kimi birləşərək şanlı qələbə naminə bütün gücünü səfərbər edərək cəsur əsgərlərimizə dayaq, arxa oldu. Hər kəsin vətən fədaisinə çevrildiyi bu müddət ərzində “Azercell könüllüləri” xeyriyyə təşkilatı da aktiv fəaliyyət göstərib. Azercell əməkdaşlarından ibarət olan bu komanda həm müharibə iştirakçılarının özlərinə, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrə xüsusi qayğı nümayiş etdirib.

“Azercell könüllüləri” 30 ilə yaxın fasilədən sonra üçrəngli bayrağımızın dalğalandığı əksər zonalara böyük həvəslə əsgər payı çatdırıblar. Şirkət əməkdaşlarının topladığı yardımlar Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Füzuli, Laçın rayonlarında döyüş bölgəsində olan 1200-dən çox əsgərə göndərilib.

Ötən il Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində “Azercell könüllüləri” Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın, eləcə də qazilərimizin övladlarına əsl bayram sevinci yaşadıblar. Bayramdan öncə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlıların, eləcə də “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin arzuladıqları hədiyyə siyahısı sosial şəbəkələrdə açıqlanıb. Nəticədə könüllülər və sosial media vasitəsilə onlara dəstək verən dostların köməyilə ölkə üzrə ümumilikdə 500-dən çox uşağa məhz özünün istədiyi hədiyyələr təqdim olunub.

Gələcəyimiz olan körpələrimiz 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də Azercell-in könüllülər tərəfindən unudulmayıb. Bu bayramda 100 uşağa müxtəlif hədiyyələr göndərilib.

Azercell könüllüləri uşaqlarla yanaşı, ikinci Vətən Müharibəsinin şəhid və qazi ailələrini də diqqətdən kənarda qoymayıblar. Azərbaycanın bütün bölgələrində reallaşdırılan aksiya çərçivəsində könüllülər Novruz bayramında 300 qəhrəmanımızın ailəsinə gündəlik ərzaq mallarından ibarət sovqat, 50 AZN dəyərində kupon təqdim ediblər. Hər kəsdə paylaşma ovqatını gücləndirən müqəddəs Ramazan və Qurban bayramlarında isə “Azercell könüllüləri”nin sayəsində 200-ə yaxın şəhid və qazi yaxınlarına, həmçinin aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb.

Eyni zamanda, könüllülər Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və mülki infrastrukturuna vurulan zərərdən əziyyət çəkən vətəndaşlarımıza da dəstək olublar. Gəncə və Bərdədə 130 belə ailəni ziyarət edərək, onları bayram sovqatı ilə təbrik ediblər.

Koronavirus pandemiyası dönəmində tətbiq edilən sərt karantin rejimində də “Azercell könüllüləri” nümunəvi fəaliyyətləri ilə yadda qalıblar. Onlar paytaxt və regionlarda 400 ailəyə baş çəkərək tənha yaşayan ahıllara, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstəriblər.

Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi “Azercell könüllüləri” mütəmadi şəkildə aztəminatlı ailələrə maddi və mənəvi dəstəklərini əsirgəmirlər. 20-dən çox ailənin problemləri daimi olaraq təşkilatın diqqətindədir. Bəzi ailələrə maddi yardım göstərilir, bəzilərinə mənzil şəraitinin yaxşılaşması, sağlamlıqla bağlı problemlərin həlli üçün ödənişlərinin həyata keçirilməsi istiqamətində dəstək verilir.

“Azercell könüllüləri” bu cür fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı, həmrəylik prinsiplərinin güclənməsi istiqamətində aparılan işlərə öz əvəzolunmaz töhfəsini verirlər. Qeyd edək ki, təşkilat rəsmi olaraq 2004-cü ildən etibarən fəaliyyət göstərir, və minlərlə xüsusi qayğıya ehtiyacı olan insanlar dəstək olub. Aztəminatlı vətəndaşlarımıza, şəhid və qazi ailələrinə, həmçinin kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqlara yardım etmək, onları gələcək uğurlara istiqamətləndirmək “Azercell könüllüləri” üçün böyük önəm kəsb edir. Sosial məsuliyyət öhdəliklərinə sadiq qalan əməkdaşlarımız gələcəkdə də bu yanaşmanı davam etdirəcəklər. “Azercell Könüllüləri” keçirdikləri xeyriyyə aksiyalarına qoşulan və iştirak edən tərəfdaş şirkətlərə, sosial şəbəkə izləyicilərinə öz təşəkkürünü bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm