Hibrid müharibənin məqsədləri və hədəfləri
Bizi izləyin

İKT

Hibrid müharibənin məqsədləri və hədəfləri

Hibrid müharibənin məqsədləri və hədəfləri

Çoxqütblü dünyanı təhdid edən hibrid müharibələr, yeni ideoloji təhdidlər ölkələrin və xalqların qarşısında mühüm vəzifələr qoyur. İdeoloji təhlükəsizliyin təmin edilməsi üçün vacib element hesab olunan hibrid təhdidlərə qarşı hazırlıqlı, ayıq-sayıq olmaq əsas şərtlərdən biridir. Siyasi, iqtisadi, tarixi, dini və s, maraqların toqquşduğu, gərginliyin tarıma çəkildiyi dünyada heç bir ölkə səssiz, barıt qoxusu gəlməyən müharibələrdən çəkinməyib. “İnformasiya silahı”ndan istifadə olunan bu müharibələrdə heç vaxt atəşkəs olmur və burada heç bir sərhəd, cəbhə xətti, minalanmış ərazilər də yoxdur. Dövlətlərin, xalqları həyatına nüfuz etmiş ideoloji savaşlar və ona qarşı mübarizə aparmaq yaşamımızın ayrılmaz hissəsinə çevrilib.

Hibrid təhdidlərin tərifi

Elmi və siyasi ədəbiyyatda hibrid təhdidin tərifi belə verilir.

Hibrid təhdid — hərbi güc tətbiq etmədən və ya birbaşa müharibə elan etmədən, rəqib dövləti daxildən sarsıtmaq üçün ənənəvi hərbi, kiberhücumlar, dezinformasiya, iqtisadi təzyiq və gizli əməliyyatların birlikdə istifadə edildiyi kompleks mübarizə üsuludur. Bu metodun məqsədi dövlətin sabitliyini pozmaq və qərarvermə prosesinə təsir göstərməkdir. Bu təhdidlər "müharibə və sülh" arasındakı boz zonada həyata keçirilir.

Hibrid təhdidlərin əsas xüsusiyyətləri bunlardır.

Gizli və açıq metodların sintezi: Klassik hərbi gücün kiberhücumlar və kəşfiyyat fəaliyyətləri ilə birləşdirilməsi.

• İnformasiya Müharibəsi: Dezinformasiya və manipulyasiya vasitəsilə ictimai rəyi çaşdırmaq.

• Kiberhücumlar: Dövlət qurumlarının, infrastrukturun rəqəmsal sistemlərinə müdaxilə.

• İqtisadi və Siyasi Təzyiq: Enerji resurslarından silah kimi istifadə və ya siyasi sabitliyin pozulması. (Bax: https://mod.gov.az/images/pdf/87c0a9f9b43f470ea8659f4f8938da89.pdf?utm_source)

Hibrid müharibənin tarixi çox qədimdir. Dövlətlər, qoşunlar işğal edəcəkləri şəhərləri zəbt etməmişdən öncə ora elçilərini, casuslarını göndərib özləri haqqında vahimə görüntüsü yaradırdılar, qarşı dətəfdə qorxu hissini gücləndirirdilər. Hücumdan öncə şəhər darvazalarının rüşvət və s. şirnikləndirici vasitələrlə ələ alınması klassik hibrid müharibənin elementi hesab oluna bilər. Müharibədən öncə aparılan krallar, şahlar arasında aparılan məktublaşmalarda da informasiya təhdidlərindən geniş istifadə olunurdu. Osmanlı və Səfəvvi hökmdarları arasında Çaldıran müharibəsindən öncə aparılan yazışmalar buna nümunədir. (Bax: https://millikimlik.az/tag/sah-ismayil-s%C9%99f%C9%99vi/page/7/)

Çinlilər, romalılar uzun illər hunların yenidən hücum edəcəkləri qorxusu, düşüncəsi ilə yaşayıblar, buna qarşı sədlər çəkiblər, istehkamlar qurublar. Hunlar haqqında yayılan əfsanələr uzun illər başqa dövlətlərin, xalqların qorxulu röyasına çevrilmişdi.

Bu gün də dövlətlər, xüsusilə də, supergüclər öz orduları haqqında əfsanələr, şişirdilmiş məlumatlar tirajlayır, süni-intellektin imkanlarından istifadə edərək digərlərinə əzələ nümayiş etdirirlər. Biz bunu SSRİ-Əfqanıstan, ABŞ-Əfqanıstan, ABŞ-Vyetnam, Rusiya-Ukrayna, ABŞ və İsrailin İrana qarşı müharibələrində müşahidə etdik. Hərbi əməliyyatlara başlamazdan öncə hücum edən tərəf hücum edəcəyi ölkənin daxili sabitliyini pozmaq, gücünü zəiflətmək, hərbi əməliyyatlara legitimlik qazandırmaq üçün hibrid təhdidlərdən istifadə edir, ideoloji, informasiya həmlələri həyata keçirir.

Azərbaycan da ideoloji müharibələrdən, hibrid təhdidlərdən zaman-zaman əziyyət çəkib, haqsız, təxribat xarakterli hücumlara məruz qalıb. Bu hücumlar təkcə bir ölkədən – tarixi torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlamış Ermənistan tərəfindən deyil, həm də onun himayədarları tərəfindən həyata keçirilib. Bu hücumlar, hibrid təhdidlər bu gün də müxtəlif müstəvilərdə davam etdirilir və biz hər gün bunun şahidi oluruq. Azərbaycana qarşı aparılan informasiya savaşının, qarayaxma kampaniyasının detalları barədə növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.

Təsadüfi deyil ki, xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Azərbaycan Milli Məclisində xüsusi komissiya yaradılıb. Komissiya rəqəmsal platformalarda və müxtəlif media kanallarında ölkəmiz əleyhinə aparılan dezinformasiya kampaniyasını araşdırır, dövlətimizə qarşı aparılan qeyri-dost hərəkətləri təhlil edir və nəticəni ictimaiyyətə açıqlayır.

Araşdırmalar zamanı məlum olub ki, ölkəmizə qarşı aparılan aparılan dezinformasiya kampaniyası vahid mərkəzdən idarə olunur, hibrid hücumlar çoxsəviyyəli təzyiq strategiyasının bir hissəsidir. Bu anti-Azərbaycan strategiya ictimai rəyi çaşdırmağa, cəmiyyətdə qütbləşmə yaratmağa, dövlətə və onun institutlarına inamı sarsıtmağa hesablanmış informasiya manipulyasiyalarından ibarətdir.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, suverenlik iradəsinin güclənməsi, eyni zamanda, ölkəmizin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə, nəqliyyat dəhlizlərinin yaradılması və regional inkişaf məsələlərində müstəqil qərarların qəbul edilməsi, beynəlxalq tərəfdaşlıqların daha da gücləndirilməsi onun hədəflənmiş kampaniyaya, əsassız ittihamlar ehtiva edən məqsədyönlü dezinformasiyaya məruz qalmasına səbəb olub.

Azərbaycan Respublikası hər cür hibrid təhdidə və informasiya məkanının pozulmasına qarşı öz hüquqlarını qorumaqda qətiyyətini dəyişməyəcək. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya davam edən dezinformasiya kampaniyası fonunda vətəndaşlarımızı yalnız Azərbaycanın dövlət qurumları və rəsmiləri tərəfindən verilən məlumatlara istinad etməyə və inanmağa çağırır” – deyə, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının rəsmi açıqlamasında qeyd olunur. (Bax, https://azertag.az/xeber/parlamentin_xarici_mudaxilelere_ve_hibrid_tehdidlere_qarsi_komissiyasi_olkemiz_eleyhine_aparilan_hibrid_hucumlara_dair_achiqlama_yayib_video-4032083)

Elmi-texniki nailiyyətlərin və rəqəmsal texnologiyaların sürətli inkişafı informasiya istehsalı və yayım dairəsini xeyli genişləndirib. Çoğrafi məsafəni aradan qaldıran sosial media platformaları müxtəlif növ məlumatları əlçatan etsə də, toplum üzərində güclü informasiya təzyiqlərini də artırıb. İnformasiya cəmiyyətinin yaranmasında müstəsna rol oynayan internet, sosial şəbəkələr və süni intellekt əsaslı platformalar insanların dünyagörüşünün, davranışının, ideologiyasının formalaşmasında yaxından iştirak edir. Rəqəmsal mühit və informasiya cəmiyyətinin formalaşmasının müsbət tərəfləri ilə yanaşı, təhlükəli yanları da olmamış deyildir. Çoxşaxəli informasiya vasitələri həqiqətə söykənməyən, məqsədli şəkildə yayılan dezinformasiyalara meydan olur. Bu da öz növbəsində xaotik vəziyyət yaradır və bizi ideoloji təhdidlərlə üz-üzə qoyur. Bu mənada Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında bir sıra mühüm mövzularla yanaşı ideoloji təhlükəsizlik məsələsinə toxunması təsadüfi deyil. Prezident bunun dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

Qeyd etdiyimiz kimi, digər ölkələr kimi Azərbaycan da ideoloji təhdidlərdən zərər çəkməkdədir. Bu təhdidlərə qarşı həm dövlət, həm də vətəndaş cəmiyyəti tərəfindən sistemli tədbirlər görülür. İdeoloji təhdidlərə qarşı ayıq-sayıq olmaq, milli-mənəvi dəyərlərə bağlılıq və sağlam informasiya savadlılığı cəmiyyətin qorunmasının başlıca şərtlərindəndir.

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan əleyhinə hibrid müharibəyə qarşı əhalinin sayıqlılığının artırılması” layihəsi çərçivəsində hazırlanıb.

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm