İKT
140 yaşlı xəttin özəl gününə BAXIŞ
6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür. Bu gün Prezident İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub.
Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilib.
İnformasiya-kommunikasiya texnologiyaları sektoru ölkə iqtisadiyyatının dinamik inkişaf edən aparıcı sahələrindən biridir. Bu məqsədlə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi, yeni avadanlıqların təmin olunması istiqamətində regionlarda bir sıra mühüm işlər aparılmaqdadır. Rayon, qəsəbə və kəndlərdə vətəndaşların dayanıqlı, təhlükəsiz və keyfiyyətli informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır və layihələr həyata keçirilir.
İqtisadçı Xalid Kərimlinin fikrincə, rabitə və informasiya sektoru digər sahələrin inkişafı üçün yardımçı mexanizmdir: “Bu sahə olmadan digər sektorların inkişaf etdirilməsi mümkün deyil. Həm də ciddi surətdə əlavə dəyər yaradır. Hazırkı iqtisadi güclər məhz bu sektor ətrafında formalaşır. Təsadüfi deyil ki, dünyanın ən böyük kapitalizasiya olunmuş şirkətləri məhz rabitə və informasiya sahəsində formalaşıb. Hesab edirəm ki, bu sahəyə yatırılan investisiyalar rentabellidir. 2020-ci ildə rabitə və informasiya sektorunun ümumi daxili məhsulda payı 2% idi. Son 9 ayın statistikasına baxanda bu pay 1,8 faizdir. Yəni rabitə və informasiya sektoru ÜDM-də nisbi payını qorumaqdadır”.
Azərbaycanın 140 yaşlı rabitəsinə işıq tutaq
Azərbaycanda rabitənin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə iqtisadiyyatında ilk xarici investisiyaların məhz telekommunikasiya sahəsinə qoyulması da Heydər Əliyevin uğurlu strategiyasının nəticəsi idi. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini vurğulayan ilk rəsmi sənəd olub.
Bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilərək Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması, telekommunikasiya və poçt xidmətləri bazarının daha da liberallaşdırılması məqsədilə mühüm işlər görülüb. 2004-cü ildə “Poçt rabitəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, 2005-ci ildə “Telekommunikasiya haqqında”, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul olunub. Prezidentin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) təsdiq edilib.
İnformasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması strateji məqsədləri ilə əlaqədar “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.11.2008-ci il tarixli sərəncamının, habelə 17 avqust 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülüb.
Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”in orbitə buraxılmasından 8 il ötür. Bu peykin dünyanın 30-dan çox ölkəsində daimi müştərisi var. “Azerspace-1” şəbəkə xidmətlərinə artan tələbatı ödəmək üçün bölgədəki dövlət və özəl təşkilatlara yüksək texnoloji imkanlar təqdim edir. “Azerspace-1” hazırda 60-dan çox televiziya və radio kanalını yayımlayır. Azərbaycan hazırda kosmik klubun fəal üzvüdür. Aerokosmik agentliyin əsas vəzifəsi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə və inkişafına yönəlmiş layihələrin həyata keçirilməsidir.
Bakı Sinqapur, Rio de Janeyro və Delhi kimi şəhərlərlə mübarizədən qalib ayrılaraq 2023-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ əldə edib. Bu konqres kosmik sektorun ekosistemini daha da inkişaf etdirmək, gələcək nəsillərə kosmosun əhəmiyyətini aşılamaq və ölkəmizdə kosmik sahədə təşəbbüslərə töhfə vermək baxımından yeni imkanlar açacaq.
Xatırladaq ki, orbitə müxtəlif məqsədləri yerinə yetirən 3 Azərbaycan peyki buraxılıb: “Azerspace-1” (2013), “Azersky” (2014) və “Azerspace-2” (2018).
Hələ 2018-ci ilin sentyabrında Prezident İlham Əliyev xalqı “Azerspace-2” peykinin buraxılması münasibətilə təbrik edərkən qeyd etmişdi ki, ölkə üçün peyklərə sahib olmağın əsas üstünlükləri bunlardır: Azərbaycan telekanallarının proqramlarını dünyanın digər ölkələrində yayımlamaq imkanı; Azərbaycanın və dünyanın istənilən yerində hadisələrin izlənməsi; kosmik sənayedə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi; hərbi potensialın gücləndirilməsi.
O cümlədən, “Azerspace-1” və “Azerspace-2” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onların əhatə dairəsi Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.
“Azersky” peykini isə Azərbaycan “Azərkosmos”la Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqavilə çərçivəsində əldə edib. Bu peyk Yer səthinin uzaqdan müşahidə edilməsinə imkan verir və sutka ərzində 6 milyon kvadratmetr ərazinin yüksək keyfiyyətli şəkillərini çəkmək üçün lazımi gücə malikdir.
Azərbaycan peyklərdən hərbi məqsədlər üçün də istifadə edəcəyini gizlətmirdi. Peyklər 44 günlük müharibə dövründə Azərbaycana əvəzsiz xidmətlər göstərdi, onların ötürdükləri məlumatlar sayəsində düşmənin cinayət əməllərini göstərə və yalan bəyanatlarını təkzib edə bildik. “Azersky” ermənilər tərəfindən Qarabağda qanunsuz olaraq meşələrin qırılması və xarici şirkətlərin iştirakı ilə filiz yataqlarından istifadə edilməsi, inşaat işlərinin aparılması və əkinçilik ərazilərinin istismarı kimi halları qeydə alıb. Kosmosdan əldə olunan fotoşəkillər sayəsində Azərbaycan ermənilərin torpaqlarımızda yanğınları necə törətdiklərinə və Qarabağda Azərbaycanın tarixi və mədəni irsi ilə vəhşicəsinə davrandıqlarına dair dəlillərə malikdir. Bu gün isə bu peyklər azad edilmiş ərazilərin şəkillərini çəkir. Bu da bir tərəfdən Qarabağın bərpası ilə bağlı işləri xeyli sürətləndirməyə imkan verir: mütəxəssislər əllərində məkanın detallı təhlili olan zaman birbaşa ərazidə olmadan da müəyyən hazırlıqlar görə bilərlər.
Bundan əlavə, peyk müşahidələri böyük kənd təsərrüfatı və ya digər layihələri həyata keçirərkən pula qənaət etməyə imkan verir.
Dəyəri 233 milyon ABŞ dolları olan “Azerspace-1” peykinin resurslarının 80 faizi kommersiya istismarındadır. Mütəxəssislərin proqnozlarına görə, ümumi dəyəri 190 milyon dollar olan “Azerspace-2” peyki isə Azərbaycan iqtisadiyyatına 400 milyon dollar həcmində gəlir gətirəcək.
“Azərkosmos”un 2020-ci ildə peyklərin kommersiya istismarından əldə etdiyi gəlirlər 45,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 3,9% çoxdur. Bu ilin birinci rübündə isə dövlət xəzinəsinə 10,6 milyon dollar daxil olub və bu, 2020-ci ilin birinci rübünə nisbətən 2% çoxdur.
“Azerspace-1” peykinin gəlirlərinin 80 faizi, “Azersky” peykinin gəlirlərinin isə 98 faizi xarici bazarlarda formalaşır. “Azərkosmos” dünyanın 25-30 ölkəsindən 100-dən çox özəl və dövlət şirkətini əhatə edən sabit müştəri bazasına malikdir. “Reuters”, MTV, “National Geographic” kimi media nəhəngləri məhz “Azərkosmos”u biznes tərəfdaşı kimi seçirlər.
2019-cu ildən bəri “Azersky” peyki vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı həyata keçirilir və bu çərçivədə peyk şəkillərinin işlənməsi və xidmət göstərilməsi mərkəzləri yaradılır.
Bundan əlavə, peyklər Azərbaycan telekanallarının xaricdə yayım imkanlarını genişləndirir, sürətli internetə çıxış keyfiyyətini artırır. “Azərkosmos”un istifadəyə verdiyi “Azconnexus” peyk internet platforması “Azconnexus” kabel internetinin, mobil rabitənin zəif və ya mövcud olmadığı, 3G/LTE şəbəkəsinin sürətinin aşağı olduğu ərazilərdə yerləşən müəssisələri sürətli internetlə təmin edəcək.
Qeyd edək ki, Azərbaycan sayca 4-cü peykini istifadəyə verməsi ilə bağlı araşdırmalara başlayıb.
“Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının dövlət orqanları üçün internet şəbəkəsi seqmentinin yaradılması, saxlanılması və inkişafının təmin edilməsi dövlət orqanlarında internet informasiya resurslarından istifadəyə diqqəti artırıb. 2000-ci ildən dövlət qurumları “gov.az” domenindən istifadə edirlər, bu, informasiya resurslarının sistemli qaydada təşkilinə və istifadəsinə şərait yaradır.
Rabitə və informasiya texnologiyaları sahəsinin inkişafında 11,3 dəfə artıma nail olunub. Son 15 ildə regionlarda 1600-dən çox ATS, 1000-dən çox poçt binası tikilib və ya əsaslı təmir edilib. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 1,6 dəfə, mobil telefon abunəçilərinin sayı 9,6 dəfə artıb, hər 100 nəfərdən 70-i internet istifadəçisi olub. 2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib.
Hazırda Azərbaycanda 9 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir, ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanılıb.
İşğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədilə 2021-ci ilin yanvarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının işini bərpa ediblər.
Respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, “CBC” TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.
İlham Əliyevin 2012-ci il 13 iyul tarixli fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb. Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Ölkədə 21 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.
Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az “elektron hökumət” portalı yaradılaraq istifadəyə verilib.
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Ölkə həyatına 1994-cü ildə daxil olmuş mobil telefon rabitəsi sosial-iqtisadi həyatda mühüm rol oynayır. 2020-ci ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı 11 milyonu ötüb.
Bu ilin 11 oktyabrında Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb.
Prezidentin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli sərəncamı ilə müəyyən edilmiş vəzifələrin icra edilməsi məqsədilə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” hazırlanıb. Onun hazırlanması zamanı telekommunikasiyanın inkişafının dəstəklənməsi, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, beynəlxalq və yerli bazarlara yüksək keyfiyyətli və rəqabətədavamlı informasiya texnologiyaları məhsullarının çıxarılması, yüksək texnologiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi və bu sahədə fəaliyyət göstərən subyektlər arasında effektiv koordinasiyanın qurulması kimi prioritet istiqamətlər nəzərə alınıb. Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.
Azərbaycanda hələ də internetlə təmin olunmayan yaşayış məntəqələri mövcuddur. Rəsmi qurumlar bildirir ki, 2024-cü ildə Azərbaycanın ən ucqar kəndində də internetə əlçatanlıq təmin olunacaq.
İnternet texnologiyaları üzrə ekspert Vahid Qasımov hesab edir ki, bu istiqamətdəki problemlərdən dövlət və özəl sektorun birgə fəaliyyəti sayəsində qurtulmaq olar.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin təşəbbüsü ilə “Aztelekom” və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyində provayderlərin birgə fəaliyyət planı üçün təkliflər hazırlanır. Artıq Bakı şəhərində və respublikanın rayonlarında provayderlərin fəaliyyəti üçün müəyyən ərazilər ayrılıb.
Ölkə Prezidenti işğaldan azad olunmuş ərazilərdə yeni texnologiyaların tətbiqi ilə bağlı tapşırıqlar verib. Hazırda həmin ərazilərdə yeni texnologiyalara əsaslanan “ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir layihələr həyata keçirilir.
Nazirliyin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən yüksək keyfiyyətli beynəlxalq və şəhərlərarası telefon rabitəsinin təmin olunması məqsədilə təxminən 2 ay əvvəl “Alcatel 1000 S-12” tipli stansiya yenilənərək müasir standartlara cavab verən İMS (IP multimedia subsystem) texnologiyasına əsaslanan platformaya keçirilib. Uzunmüddətli istismar nəticəsində avadanlıqların köhnəldiyini, həmçinin tələbatı ödəmədiyini nəzərə alaraq ölkə ərazisində stansiyanın müasir əsaslarda quraşdırılması işlərinə 2019-cu ildən başlanılıb. Ötən müddət ərzində Bakı şəhəri və Yevlax rayonu ərazisində yeni stansiyalar quraşdırılıb və uğurla sınaqdan keçirilib. Yeni stansiyalar tam istismara verilib.
Azərbaycan çoxsaylı Avropa təşkilatları və qurumları ilə əməkdaşlıq edərək rəqəmsallaşdırma prosesləri üzərində də işləyir.
İnternetə nüfuzetmə, mobil internet və fiber optik texnologiyalar Azərbaycanda rəqəmsallaşmanın baş verməsi üçün vacib sahələrdir. Azərbaycan İKT-nin inkişafı üçün lazım olan performans və yüksək standartları internetdə mövcud olan telekommunikasiya infrastrukturlarının spesifik sahələrində 46 faizdən 75 faizə qədər inkişaf etdirib (2019-cu ilin statistikası).
Rəqəmsallaşma prosesi internetə nüfuzetmə kəşfləri və statistikası nəticəsində daha da aktivləşir. İnternetə nüfuzetmə müəyyən bir ölkədə internet istifadəçilərinin sayı ilə demoqrafik məlumatlar arasındakı əlaqə kimi izah edilə bilər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin internetə nüfuzetmə statistikasına görə, əhalinin 80 faizi internetdən istifadə edir. 2019 və 2020-ci illər arasında aparılmış internet nüfuzetmə statistikasına əsasən, internet istifadəçilərində 2,0% artım qeydə alınıb.
Nazirliyin statistikasına görə, əhalinin 52 faizi ölkənin rəqəmsallaşdırma xəritəsini inkişaf etdirən aktiv mobil internet istifadəçilərindən ibarətdir. Tam mobil internet rəqəmsallaşdırılmasına nail olmaq üçün ilkin addım informasiya kommunikasiyasının və texnologiyanın təkmilləşdirilmiş idarəetmə və qeyri-faydalı struktur yolu ilə gücləndirilməsidir.
Azərbaycan iqtisadiyyatını inkişaf etdirəcək fiber optik rəqəmsallaşdırmanın üstünlükləri bunlardır: internetə keçidin və geniş internet zolağının gücləndirilməsi. Ölkənin fiber optika vasitəsilə rəqəmsallaşdırılması trans-Asiya və Avropa cəmiyyətindən xarici investorları cəlb edəcək.
Aytən Novruz
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO