Azərbaycanda toy biznesi niyə çökür? - Rəqəmlər təəccübləndirdi
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda toy biznesi niyə çökür? - Rəqəmlər təəccübləndirdi

Son dövrlər Azərbaycanda bir sıra məşhur müğənnilərlə Mədəniyyət Nazirliyi arasında yaranmış qalmaqal fonunda ölkədə toyların sayının kəskin şəkildə aşağı düşməsi faktı diqqəti cəlb edir.

Publika.az xəbər verir ki, Oxu.Az- toy biznesi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, Azərbaycanda nikahların sayında son üç ildə müşahidə olunan azalma tendensiyası toy biznesində özünü daha kəskin formada göstərir.

Rəsmi statistikaya əsasən, 2022-ci ildə ölkədə 61 min 939 nikah qeydə alınmışdısa, 2023-cü ildə bu rəqəm 54 min 200-ə, 2024-cü ildə isə 49 min 508-ə düşüb. Cari ilin ilk 9 ayında isə ölkədə cəmi 36 min 332 nikah rəsmiləşib. Bu rəqəmlər göstərir ki, cəmi iki il ərzində nikahların sayı təxminən 20 faiz azalaraq toy biznesində kəskin durğunluq yaradıb.

Nikahlarla bərabər toyların daha sürətlə azalmasının digər səbəbi son zamanlar evlənən cütlüklərin bir şadlıq mərasimi ilə kifayətlənməsidir. Əgər əvvəlki illərdə ailələr həm qız, həm də oğlan evində ayrı-ayrılıqda toy təşkil edirdilərsə, son illərdə bu praktika xeyli dəyişib. İndi cütlüklərin böyük qismi birgə toy edərək xərci və hazırlıq işlərini yarıya endirməyə çalışır. Bu isə toy biznesində, xüsusilə şadlıq evlərində, musiqi kollektivlərində, foto-video studiyalarında və gəlinlik salonlarında sifarişlərin ümumi sayını azaldır. Restoran sahibləri bildirirlər ki, əvvəl bir ailə iki toy sifarişi verirdisə, indi bu birdən-birə tək tədbirlə əvəz olunur. Beləliklə, toy sayında statistik azalma ilə yanaşı, real bazar həcmi daha da sürətlə daralır.

Saytın əməkdaşının Bakıdakı şadlıq saraylarından birinin inzibatçısı olan Ələddin Şahbazov ilə söhbəti zamanı məlum olub ki, son vaxtlar sünnət toylarının da sayında ciddi azalma var. Şahbazov bildirib: "Əvvəllər, konkret pandemiyadan əvvəl ay ərzində azı 5 sünnət toyumuz olurdusa, indi 1 dənə belə toy olanda sevinirik. Toyların sayı çox azalıb. Bunun səbəbini təkcə əhalinin imkansızlığında deyil, həm də daha qənaətcil olmasında görürəm. Məsələn, əvvəllər toya çağrılan qonaqların sayı orta hesabla 300-400 nəfər olurdusa, faktiki indi 150-250 nəfər arasındadır".

Başqa tərəfdən inkişaf etmiş ölkələrdə evlənməklə bağlı yanaşmaların dəyişməsi Azərbaycandan da yan keçməyib. Belə ki, yeni nəsil arasında nikaha yanaşma dəyişir. Gənclər karyera və təhsilə daha çox önəm verir, nikah yaşını gecikdirir. Boşanma statistikasının yüksək olması da nikaha inamı zəiflədir. Eyni zamanda, yüksək toy xərcləri və Bakı kimi böyük şəhərlərdə mənzil probleminin kəskinləşməsi gənclərin nikah qərarını təxirə salmasının əsas iqtisadi səbəbidir.

Toyların sayının az olması səbəbindən artıq Bakının məşhur şadlıq saraylarının bir-neçəsi profilini dəyişib. Məsələn, Bakının 9-cu mikrorayon ərazisindəki "Leyla" şadlıq sarayı profilini dəyişərək xeyir-şər evinə çevrilib. Nikah sayının azalması və toyların birləşdirilməsi sektorda bir sıra problemləri dərinləşdirib: Şadlıq evləri boş günlərlə üzləşir, bəzi obyektlər qiymətləri endirir və ya banket, korporativ tədbirlər kimi alternativ xidmətlərə yönəlir. Müğənnilərin bazarı daralır, xüsusilə yeni və az tanınan ifaçılar toy sifarişi tapmaqda çətinlik çəkirlər. Foto-video xidmətləri arasında kəskin qiymət rəqabəti yaranıb. Gəlinlik və bəy libası salonları satış dövriyyəsinin azalması səbəbindən daha çox kirayə modelinə üstünlük verməyə başlayıblar. Zərgərlik, mebel və cehiz mağazaları da nikahların azalmasından dolayı ciddi satış problemi ilə üzləşiblər.

Bu faktlar Azərbaycanda toy sənayesinin ciddi bir transformasiya dövründən keçdiyini və iqtisadi-sosial təzyiqlərin bu sektorda çalışan bütün subyektlərə təsir etdiyini göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm