Özəl sektorda gəlir vergisi üzrə yeni güzəşt mexanizmi tətbiq olunacaq
Bizi izləyin

Ekopublika.az

Özəl sektorda gəlir vergisi üzrə yeni güzəşt mexanizmi tətbiq olunacaq

Ölkəmizdə sosial rifahın yüksəldilməsi, biznes mühitinin əlverişliliyinin artırılması və qeyri-neft sektorunda rəsmi məşğulluğun təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Bu barədə Publika.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2019-cu ildən özəl sektorda iş yerlərinin rəsmiləşdirilməsinə dəstək vermək üçün işçilərin gəlir vergisinə tətbiq edilən 7 illik güzəştlər cari ilin sonunda başa çatacağından 2026-cı ildən etibarən qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisinə dair yeni, mərhələli güzəştlərin tətbiqinə başlanılacaq. Məqsəd iqtisadi fəallığı dəstəkləmək, sahibkarların vergi yükünü azaldaraq yeni iş yerlərinin yaradılmasına təkan vermək və əmək bazarında rəqabətqabiliyyətliliyi artırmaqdır.

İslahatların nəticələrinin qorunub saxlanılması, müvafiq sahədə stabilliyin təmin edilməsi, həmçinin leqallaşma prosesinin davam etdirilməsi üçün, daha az gəlirlərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsi təklif olunur. Aylıq məbləğindən asılı olaraq 2500 manatadək gəlirlər 2026-cı ildən 3, 2027-ci ildən 5, sonrakı illərdən isə 7 faiz, 2500-8000 manat aralığında gəlirlər 10 faiz və 8000 manatdan yuxarı gəlirlər isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu zaman işçinin aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manat olan hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə qalacaq.

Eyni zamanda 2026-cı ilin 1 yanvar tarixindən qeyd edilən sektorda muzdlu iş üzrə işçinin aylıq gəliri 8000 manatadək olduqda, işçidən tutulan və işəgötürənin hesabına ödənilən sosial sığorta haqlarının dərəcəsi hazırda qüvvədə olan dərəcələrlə davam etdirilir. İşçinin əmək haqqının 8000 manatdan yuxarı hissəsinə görə isə dərəcənin 4 faiz azaldılaraq 25 faizdən 21 faizə endirilməsi, işçi üzrə 10 faiz, işəgötürən üzrə 11 faiz nəzərdə tutulur.

Özəl sektora münasibətdə tibbi sığorta haqqı dərəcələrində də dəyişiklik edilir. Belə ki, dəyişikliyə qədər işçinin əməkhaqqısının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, işəgötürən tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz tutulurdu.

1 yanvar 2026-cı il tarixdən etibarən isə işçi və işəgötürəndən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsinə görə isə, işçi və işəgötürən üzrə 0,5 faiz hesablanacaq. Bununla da, əməkhaqqının 2500-8000 manat intervalında icbari tibbi sığorta haqqının cəmi dərəcəsi 4 faizdən 1 faizə endirilir.

İşsizlikdən sığorta haqqının hesablanması isə hazırda qüvvədə olan qaydada davam etdirilir.

Yeni mexanizmlər sosial müdafiə sisteminin maliyyə dayanıqlığını gücləndirməyə, əmək bazarında yüklərin balanslaşdırılmasına və vətəndaşların rifah səviyyəsinin qorunmasına xidmət edəcək, həmçinin rəsmi məşğulluğun qorunması və əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviqinə şərait yaradacaq.

Dəyişikliklər bütövlükdə sahibkarlara və işçilərə yeni vergi dərəcələrinə rahat uyğunlaşmağa kömək edəcək. Yəni həm biznes subyektləri üçün, həm də işçilər üçün yük minimum olacaq. Həmçinin verginin mərhələli tətbiqi iqtisadiyyatda qiymətlərin və əmək haqlarının sabit qalmasına da dəstək verəcək. Nəticədə, həm işçilər, həm də sahibkarlar üçün daha yumşaq keçid təmin ediləcək.

Gəlir vergisi üzrə

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək:

Vergi tutulan aylıq gəlirin məbləği

Gəlir vergisinin dərəcəsi

2500 manatadək

3 faiz

2500 manatdan 8000 manatadək

75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

8000 manatdan çox olduqda

625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək:

Vergi tutulan aylıq gəlirin məbləği

Gəlir vergisinin dərəcəsi

2500 manatadək

5 faiz

2500 manatdan 8000 manatadək

125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

8000 manatdan çox olduqda

675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

2028-ci il yanvarın 1-dən:

Vergi tutulan aylıq gəlirin məbləği

Gəlir vergisinin dərəcəsi

2500 manatadək

7 faiz

2500 manatdan 8000 manatadək

175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

8000 manatdan çox olduqda

725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

Qeyd: İşçinin aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manat olan hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə qalır.

Sosial sığorta haqları üzrə

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı (01.01.2026-cı ildən):

Sığorta haqqına cəlb edilən aylıq gəlir

Sosial sığorta haqqı

cəmi

sığortaolunanın gəlirlərindən tutulan

sığortaedənin vəsaiti hesabına ödənilən

200 manatadək

25 faiz

3 faiz

22 faiz

200 manatdan 8000 manatadək

25 faiz

6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 10 faizi

44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 15 faizi

8000 manatdan çox olduqda

21 faiz

786 manat + 8000 manatdan çox olan hissənin 10 faizi

1214 manat + 8000 manatdan çox olan hissənin 11 faizi

İcbari sığorta haqları üzrə

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən icbari tibbi sığorta haqqı (01.01.2026-cı ildən)

Sığorta haqqına cəlb edilən aylıq gəlir

Cəmi

İcbari tibbi sığorta haqqı

Sığortalının hesabına

Sığortaolunanın hesabına

2500 manatadək

4 faiz

2 faiz

2 faiz

2500 manatdan yuxarı

1 faiz

0,5 faiz

0,5 faiz

Qeyd: Bununla da, əməkhaqqının 2500-8000 manat intervalında icbari tibbi sığorta haqqının cəmi dərəcəsi 4%-dən 1%-ə endirilir.

İşsizlikdən sığorta haqları üzrə

İşsizlikdən sığorta haqqının hesablanması hazırda qüvvədə olan qaydada davam etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm