Köşə
Amerika niyə çökmür? - Nə vaxt ki, on minlərlə azərbaycanlı...
Amerikada faiz dərəcələri ilə bağlı qəbul edilən qərarlar bir çoxunda yenidən yersiz fərziyyələr, bir qismində mənasız ümidlər yaradıb - Amerika çökür, dollar sistemi sıradan çıxır, “Pax Americana”nın (dünyada Amerika hökmranlığını təmin edən sistem) sonudur. Bir az irəli gedib atlantizmin, hətta liberalizmin sonundan yazanlar da var.
Əvvəl dollardan başlayaq. Sıradan çıxırmı?
Dollar ötən əsrin 30-cu illərindən etibarən dünyada hökmranlıq edir. Bütün bu müddət ərzində də onun sürətli və qaçılmaz ucuzlaşmasını proqnozlaşdırırlar. Hələ Varşava müqaviləsi ölkələri hesablaşmalarda sovet rubluna keçəndə ilk dəfə dolları əvəz edəcək valyutadan bəhs edirdilər. Avronun dövriyyəyə buraxılmasından, 2008-ci ildə ABŞ-da başlayan qlobal maliyyə böhranından, daha çox isə Rusiyanın Ukraynaya təcavüzündən sonra bu müzakirələr daha da artıb.
Dolların, onu dünyada əsas valyuta edən iki mühüm funksiyası var. Birincisi, dollar qlobal ehtiyat-yığım valyutasıdır.
İkincisi, dollar qlobal tədiyə valyutasıdır. Yalnız amerikalılar deyil, bütün dünya mal və xidmətlərə görə dollar ödəyir.
Ötən ilin sonunda dünyada təxminən 12 trilyon dollar ekvivalent ehtiyat toplanıb, bunun 60%-i dollarda, təxminən 20% -i avroda saxlanılır. Yuanın payı 3% -dir ki, bu da yapon yeni və Britaniya funt-sterlinqindən (hər biri 5%) azdır. 2010-cu ildə dollar bütün beynəlxalq hesablaşmaların 85%-ni, 2022-ci ildə isə 88%-ni təşkil edib (BBC).
Dolların alternativi yoxdur, çünki “Avropa muzeydir, Yaponiya qocalar evidir, Çin həbsxanadır, bitkoin isə təcrübədir”. Çinin öz valyutasını beynəlmiləşdirməyə çalışması yuanın üstünlüyünə deyil, dollar, avro və yuanın birlikdə mövcud olacağı çoxqütblü pul dünyasına gətirib çıxarır (maliyyə tarixçisi Nil Ferqyuson ).
“Pax Americana”nın sonu haqda deyilənlər də dolların süqutu haqda deyilənlər qədər əsassızdır. İndiki yeni oyunçuların təşəbbüsləri yaxşı halda çoxqütblülük vəd edir. Həm də bu, yeni qütblərin dərhal Vaşinqton qədər əhəmiyyətli, həlledici olması demək olmayacaq. Elə bir qüdrətə çatmaq üçün bütün sahələrdə davamlı inkişaf, böyük yanlışlardan qaçmaq, yalnız iqtisadi deyil, həm də “yumşaq güc” (mədəni) və siyasi mərkəz kimi cəlbedicilik qazanmaq lazımdır. Nə zaman ki, hər il on minlərlə azərbaycanlı dünyanın ən fərqli ölkələrindən olan milyonlarla digərləri kimi “Greencard” udub ABŞ-a köçmək sevdasından vaz keçsə, o zaman “PaxAmerica”nın tədricən aparıcı mövqelərini itirməkdə olduğunu iddia edərsiniz.
...Osvald Şpenqler hələ 1918-ci ildə Avropanın süqutu haqda əsər yazmışdı. Vladimir Lenin yoldaş ondan iki il əvvəl Sürixdə imperialist Almaniyanın pulunu alıb məşuqələri ilə inqilab xəyalları quranda "İmperializm kapitalizmin son mərhələsidir" adlı dastan bağlamışdı. Hər iki əsər I Dünya müharibəsindən ta 1990-cı illərəcən yetərincə populyar idi, tanınmış solçu intellektuallar, onların Əli Şəriəti, Ənvər Əbdül Məlik kimi şərqli ardıcılları da təsirlənib buna bənzər əsərlər qələmə almışdılar. Fukuyamanın “Tarixin sonu” əsərinə də Şpenqlerin proqnozlarının təkrarı kimi baxmaq meyli vardı.
Amma Leninin qurduğu dövlət də, sistem də, dolları əvəz etməyə iddialı sovet rublu da çökdü, "kapitalizmin çürüməkdə olan mərhələsi", yəni liberalizm hələ də var və yaşarılığını sübut edir.
Fransız intellektualı Emmanuel Todd 2000-ci ildə mövzunu lap konkretləşdirib "Pax America-nın sonu. İmperiyadan sonra" adlı gözəl bir araşdırma qələmə alıb. Maraqlı olan bilirsiniz nədir? Müəllif bu qədər ciddi siyasi-iqtisadi analitik əsərdə Asiyanın yeni böyük gücünün Çin olduğunu görməyib, Yaponiyanın ABŞ-ı əvəz edəcəyini yazmışdı. Belə kobud səhv niyə yaranır? Arzunu reallıq kimi verməkdən, atlantizmə, Amerikaya nifrətdən. Demək ki, Böyük Quru, mərceyi-təqlid, elmin peyğəmbəri, iqtisadiyyatın Kassandrası saydığımız adamların gözəl- gözəl sözlərinə çox da bənd olmağa dəymir. Bəzən hamının gördüyü ən adi həqiqətləri belə görə bilməyəcək qədər infantildirlər.
Nə atlantizmin, nə də “Pax Amerikana”-nın sonu deyil. Bu dünya hələ “Pax Britannica”dan, “Русский мир”dən xilas olmayıb, Vaterloonun üstündən 200 il sonra da Fransa Avropada, Afrikada, hətta bizim Cənubi Qafqazda mühüm ölkədir. İsveç imperiya iddialarından imtina etməsindən 400 il sonra da digər qonşularının geosiyasi seçimlərinə təsir edə bilir, Skandinaviyanın ən mühüm ölkəsi olaraq qalır.
ABŞ-ın sonunun çatdığını iddia etmək korafəhmlik, bunu istəyənlərin cəbhəsində səf tutmaq isə sadəcə dəlilikdir. Yaxın bir əsrdə buna heç cəhd etməyə, enerjini, vaxtı yanlış istiqamətlərdə xərcləməyə dəyməz. Kimin necə yanaşmasından asılı olmayaraq, bu fikir gerçəkdir- “ Bu gün dünyada çox problem var ki, ABŞ təkbaşına həll edə bilməz, amma ABŞ-ın iştirakı olmadan həll edilə biləcək problemlər ondan da azdır (Hillari Klinton). ABŞ-ın Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın şərtlərini qəbul etməyə məcbur etməsi haqda ötən həftə rus mediasının yarım dezinformasiyaları, bundan əvvəlsə İran mediasının Zəngəzur dəhlizinə “NATO-Turan dəhlizi” yarlıkı yapışdırıb icrasına qarşı Pekin-Moskva-Tehran koalisiyası qurmağa çağırması regional və qlobal münaqişələrdə ABŞ-la onu beynəlxalq imperializmin dayağı ya şeytani-kəbir adlandıranlar arasında fərqi də ortaya qoyur. Alternativ olmağa həvəslənənlər ən azı bizə münasibətdə daha qərəzli, daha ədalətsizdir...
İdeoloji seçimlərə gəlincə, təəssüf ki, bəşəriyyət nə kapitalizmdən yaxşı formasiya, nə də liberalzimdən qalib ideologiya kəşf etməyib. Ediləndə baxarıq...
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Elm və təhsil21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika17:28İlham Əliyev fərman imzaladı
-
Sosial17:00Əli Əsədov qərar imzaladı
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır







.jpg)























