Heyrət ey büt, Surətin gördükdə...
Bizi izləyin

Köşə

Heyrət ey büt, Surətin gördükdə...

Heyrət ey büt, Surətin gördükdə...

“Heyrət ey büt, Surətin gördükdə lal eylər bizi...” 1993-cü il yay günləri Surət Hüseynovun silahlıları qarşısında iflic olmuş o zamankı hakmiyyətin yandaş KİV-lərindən birində belə bir başlıq verilmişdi. Füzulinin məşhur misraları azacıq təshihlə düzəldilmiş başlıq o günlərin siyasi mənzərəsini əla təsvir edirdi.

İndi bir həftədir o günləri yenidən xatırlayası olduq. Azərbaycan siyasətinin çox ziddiyyətli, zənci saçı kimi pırtlaşıq bir dövrünün əsas siyasi fiqurlarından biri olan Surət Hüseynov həyatla vidalaşdı.

Kim idi Surət? Nə baş vermişdi? Niyə baş vermişdi? Baş verənlər olmaya bilərdimi? 30 il əvvəlin ağrılı sualları hələ də təkrarlanır, hələ də çək-çevir edilir, hələ də hamını qane edəcək cavablar yoxdur.

İndi “Lələ” ilə təmasları olmuş şəxslərə istinad edib elə şeyləri xatırlamaq olar ki, bunun doğrudan da baş verdiyinə, şişirtmə etmədiyinə oxucunu inandırmaq belə mümkün olmazdı. Ancaq buna xüsusi lüzum yoxdur, məncə.

O dövrdən alınan əsas ibrət, əksəriyyəti qane edəcək bir cavab var - Surətin həyatı və zavalı, tərəqqisi və tənəzzülü “Azərbaycan siyasəti, Azərbaycan siyasətçisi, dövlət adından qərarlar qəbul edən yüksək rütbəli Azərbaycan məmuru necə olmamalıdır?” sualının cavabıdır.
Azərbaycan siyasəti bir daha elə vəziyyətə düşməməli, bir daha siyasi qütblər aralarındakı ixtilaflar silahlı yolla çözüməməlidir.

Azərbaycan ordusu bir daha sadəcə kalan pulu var deyə - pis həyat vərdişləri, amma böyük iddiaları olan gənc(lər)in ümidinə buraxılmamılıdır.

Azərbaycan dövlət aparatı bu qədər fərqli dünyagörüşlərə malik, bu qədər fərqli geosiyasi Məkkələrin biətçisi olan dəmdəməki siyasi qərarvericiləri bir daha bir komanda daxilində daşımamalıdır.

Azərbaycan siyasəti bir bütün Surətini görər-görməz lal-iflic vəziyyətinə düşməməli, hazırlıqlı, çevik, təsadüfi həvəskarların asan oxuyub bitirə bilməyəcəyi qədər çoxqatlı, çoxşaxəli, mürəkkəb olmalıdır.

Azərbaycan siyasətçisi Şerbaka, Şoniyaya, Qaydara, Narışkinə, Həqiqətpura, Nəvahandiana, Ocaqnejada, Robert Finnə, Hocaya ya Karamanoğluna ümid edib meydana atılmamalı, tribunalarda, efirlərdə guruldamamalıdır.
Nəhayət, real siyasətlə məşğul olan hər şəxs öz agendasını dəqiq cızmalı, maksimumlarını da dəqiq bilməlidir. Maksimum, yun direktoru və ya uğurlu iş adamı ola biləcək şəxs baş nazirliyə belə bəs deməyib “mən cavanam, gələcəyim var” deyəndə, fələyin onun üçün nə aqibət hazırladığının da fərqində olmalıdır. Qismətin budursa, “bir qısmat çörəyini ye” və “bəsimdir” deməyi bacar. Çox da ki Coni, İvan, Hoca ya Hacıağa daha da irəli atılmaq, efirdən hamını asıb-kəsmək üçün səni təşviq, bəlkə də təhrik edir. Boyundan yuxarı tullanma. Unutma ki, yetim quzudan qoç, bir bütün Surətin gördükdə sarısını udub lal olandan qəhrəman çıxmaz. Ətrafınızda sizə nə qədər dahi, böyük, ulu başqan deyən olur-olsun, axı elə olmadığınızı özünüz hamıdan yaxşı bilirsiniz. İçinizdəki Surət potensialını özünüz də dəf edin. Özünüzə yazığınız gəlmir, gəlməsin, bir az ölkəni də düşünün, ölkə heyfdir...

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm