Əri Monika Beluççi ilə işləyən aktrisa: “Qısqanmadım!” – FOTOLAR
Bizi izləyin

Layihə

Əri Monika Beluççi ilə işləyən aktrisa: “Qısqanmadım!” – FOTOLAR

Əri Monika Beluççi ilə işləyən aktrisa: “Qısqanmadım!” – FOTOLAR

Belçim Bilgin Türkiyənin ən gənc və cazibədar aktrisalarındandır. O, aktrisalıq karyerasına yeni başladığı illərdə ölkənin ən məşhur rejissor, aktyor və prodüsserlərindən olan Yılmaz Ərdoğanla ailə quraraq gündəmə gəlmişdi. Daha sonra rol aldığı filmlər, boşanacağı ilə bağlı iddialar və aktrisa Bərən Saatla olan dostluğu sayəsində daim gündəmdə qaldı.

Bir çoxları onun məşhurluğunu məhz həyat yoldaşı Yılmaz Ərdoğanla əlaqələndirir. "Bu evlilik olmasa, Belçimdən aktrisa olmazdı", deyənlərin əksinə, o, özünə güvənir. 4 illik fasilədən sonra "Kördüğüm" adlı serialla ekranlara qayıdan aktrisa müsahibə verərək nəinki ilk dəfə şəxsi həyatından danışıb, tənqidlərə də cavab verib.

Maraqla qarşılanan həmin müsahibəni Publika.az-ın "Şirin söhbət"ində oxuya bilərsiniz.

- Bir çoxlarını maraqlandıran sualla başlayaq: deyilənə görə, Yılmaz Ərdoğanla boşanmısınız, ancaq bunu mediadan gizlədirsiniz. Doğrudurmu?

- Yox. Bu suallardan bezmişəm. İnsanlara niyə başqasının evinin içində olanlar bu qədər maraqlı gəlir, heç başa düşmürəm də...

- Belə bir deyim var: od olmayan yerdən, tüstü çıxmaz...

- Şəxsi həyatımla bağlı detallardan danışmayacam. Ancaq onu deyə bilərəm ki, bir-birini çox sevən cütlüyük, aramızdakı münasibət asanlıqla pozula bilməz.

- Evlənib övlad sahibi olduqdan sonra eşqin mahiyyəti dəyişir?

- Təbii ki. Başqa cür ola da bilməz, təbiətə qarşı gələ bilmərik. Məhəbbət forma dəyişdirərək yaşamağa davam edir.

- Kıvanç Tatlıtuğ, Mərd Fırat, Nejat İşlər və İbrahim Çelikqol kimi bir-birindən yaraşıqlı aktyorlar tərəf-müqabiliniz olub. Həyat yoldaşınız Türkiyənin ən yaraşıqlıları ilə rol almağınızı qısqanırmı?

- Qısqanmır. Bax bu heç ağlıma gəlməmişdi. Hakan, görəsən, Yılmaz məni sevmir? (Gülür). Zarafat bir yana, Yılmaz peşəsinə əhəmiyyət verən insandır. Bizim işimiz hissləri tamaşaçıya ötürməkdir, bunu edərkən qarşımızda müxtəlif partnyorlar ola bilər. Buna başqa məna yükləmək lazım deyil.

- Siz də qısqanmırsınız?

- Yox. Professional aktrisa kimi bilirəm ki, hər hansı bir səhnə ilə öpüşmə və ya sevişmə səhnəsi arasında elə bir fərq yoxdur.

- Dürüst olun. Yılmazın partnyoru Monika Beluççi olanda da bu fikirdə idiniz?

- Təbii ki. Məncə, insanlar uzunmüddətli münasibət yaşayır, evli qalırlarsa, bu, onların bir-birinin "kupça"sını aldıqlarını göstərmir. Evlilik insanın ağlına, qəlbinə möhür vurmaq deyil. Həyat yoldaşımın Monikaya və ya başqa birinə aşiq olmağının qarşısını qısqanclıqla ala bilmərəm. Ancaq özümü yeyib-bitirərəm. Əgər kimisə həqiqətən sevdiyini iddia edirsənsə, bilməlisən ki, qeyd-şərtsiz sevməlisən. Həmin insan başqa birinə qarşı nə isə hiss edə bilər. Bunu sənə hiss etdirmədən yaşayıb, sənə qarşı dürüst davrana bilirsə, onu bağışlamalısan.Əlbəttə, ürəyin titrəyəcək, münasibətinizin forması dəyişəcək, ancaq işin içində yalan və sirr olmadığı üçün əsəbiləşə bilməyəcəksiniz. Heç kim bir başqasının mülkü, əşyası olmamalıdır.

- Hazırda həyat necə gedir?

- Çox yoruluram, ancaq xoşbəxtəm. Onsuz da serial vaxtımın çoxunu alır. Həm də öz şirkətimi yaratmışam. Adı "Big Bloom"dur. Bundan sonra filmlər çəkəcəm.

- Türkiyə və dünyada yaşananlar oğlunuz Rodinin gələcəyi baxımından sizi narahat edirmi?

- Rodin ötən gün rəsm çəkib. Eyfel qülləsinə çıxan adam təsvir edib. Göy üzündə qırmızı, iri bir ay çəkib. Adamın başının ətrafında qırmızı kölgələr qoyub. Dedi ki, "bu qırmızılar Ankarada partlayan bombalardır". Təəssüf ki, artıq uşaqlar da bombadan, onun hər an, hər yerdə partlama ehtimalı olduğundan xəbərdardırlar. Bir ana olaraq, əlbəttə, narahatam.

- Rodin artıq altı yaşındadır. Onunla birlikdə vaxtınızı necə keçirməyə üstünlük verirsiniz?

- Oğlum futbolu çox sevir. Vaxtımızın çoxunu futbola sərf edirik. Futboldan heç başım çıxmırdı, indi isə Beşiktaş futbol klubu ilə bağlı hər şeyi bilirəm.

- Gənc yaşda evlənib, ana oldunuz. Heç "çox tələsdim", deyə düşünmüsünüzmü?

- Yox. Çünki oğlum mənim üçün həyatın mənasıdır.

- Gecə klublarına gedib dostlarınızla əylənmək yerinə, evli və uşaqlı olmaq darıxdırıcı deyil?

- Əylənmək üçün gecə əyləncələrinə ehtiyacım yoxdur. Həyatıma nəzər yetirəndə hər şeyi vaxtında etdiyimi düşünürəm. Təsadüflərə inanmıram, mənim hekayəm də belə olmalı imiş.

- İlk eşqinizi xatırlayırsınızmı?

- Bəli, Yılmaz Ərdoğan...

- 32 yaşındasınız. 10 ildir ki, sizi ekranlarda görürük. Sanki yaşınıza uyğun deyilsiniz, özünüzü lazım olandan daha ağır aparırsınız. Bunun səbəbi həyat tərzinizdir?

- Həqiqətən belə düşünürsünüz? Elə deyiləm.

- Niyə 4 il fasilə vermişdiniz?

- Kinoya çəkiləndə daha xoşbəxt oluram. Ancaq seriallara fasilə verməyimin əsas səbəbi oğlum idi. İndi böyüyüb, artıq işə getməyin nə demək olduğunu başa düşür.

- Bəs, niyə bu seriala çəkilmək istədiniz?

- Çünki rejissor Ömər Faruk Sorak idi. "Aşk tesadüfleri sever" filmindən sonra onunla yenə işləmək istəyirdim. Qismət bu seriala imiş.

- İkinci dəfədir ki, aktyor İbrahim Çelikqolla tərəf-müqabil olursunuz…

- İbrahimlə bir-birimizi tanıyırıq və sevirik. Açıq, səmimi danışa bilirik. Bu münasibət işimizdə də öz əksini tapacaq.

- Yılmaz Ərdoğanın həyat yoldaşı olduğunuz üçün haqqınızda danışılanları necə qiymətləndirirsiniz?

- Vecimə deyil. Zaman onlara haqqsız olduqlarını göstərəcək.

- Onsuz da uzun müddətdir ki, bu işdəsiniz. Daha çox vaxt lazımdır?

- Çox gözəl filmlərə çəkilmişəm. Hamısını sevirəm. Amma hələ də, özümü sübut edə biləcəyim rola çəkilə bilməmişəm. Çünki diqqətə layiq qadın rolları tapmaq çox çətindir. Lakin "Annemin yarası" filmini gözləyin. O filmdəki rolum bir çox baxımdan iddialara qarşı meydan oxumaqdır.

- Belə bir fikir formalaşıb. Deyirlər ki, "Belçimlə yola getsən, Yılmazın filmində rol ala bilərsən". Doğrudan belədir?

- Yılmaz Ərdoğan elə insan deyil. Kaş mümkün olsaydı, mən də məhz bu məqsədlə yaxınlaşan tanışlarıma elə bir fürsət yarada biləydim.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm