Cazibədarlığın sirri bənövşəyi möcüzədədir - FOTOLAR
Bizi izləyin

Layihə

Cazibədarlığın sirri bənövşəyi möcüzədədir - FOTOLAR

"Qiymətli daşlar" deyəndə ağlımıza ilk növbədə əsrlərə meydan oxuyan qədim daşlar gəlir. Ancaq XXI əsrdə olmağımıza baxmayaraq, hələ də torpağın altında yatan möcüzələrin çoxundan xəbərsizik. Odur ki, bir çox qiymətli daş növü yaxın tarixlərdə kəşf edilib. Onlardan biri də rəngi və kövrəkliyi ilə diqqət çəkən suqulit daşıdır.

Publika.az-ın "Mücrü" layihəsində bu dəfə suqulit daşının tarixindən, zəriflik simvoluna çevrilməsindən və təbii ki, faydalı xüsusiyyətlərindən bəhs edəcəyik.

Yapon kəşfi

Suqulit ilk dəfə 1944-cü ildə kəşf edilib. Daşı tapan yaponiyalı mütəxəssis Ken-İçi Suqi olub. Elə buna görə də, daşa onun adı verilib. Suqulitin ən dəyərli növləri bu gün belə məhz Yapon adalarında çıxarılır. Bununla yanaşı, Afrika və Hindistanda da xeyli suqulit yataqları var.

Əsrarəngiz bənövşəyi rəng

Suqulit bizə sadəcə 72 ildir ki, məlumdur. Buna baxmayaraq, artıq suqulitin xeyli xüsusiyyətləri üzə çıxarılıb. Tünd bənövşəyi rəngdə olan suqulit ən dəyərli növ hesab edilir. Daşın qəhvəyi, açıq çəhrayı, sarı və qara rəngli növləri də xeyli baha qiymətə satılır.

Onun tündlüyü tərkibindəki manqandan asılıdır. Daş nə qədər tünd olarsa, bir o qədər keyfiyyətli hesab edilir.

Zərifliyin simvolu

Bazara son illərdə çıxsa da, suqulit öz rəngi və parlaqlığı ilə hər kəsin ürəyini fəth edib.

Parlaqlığına görə zümrüd, yaqut kimi daşlardan geri qalmayan suqulit qısa müddətdə Hollivud ulduzlarının mücrüsündə öz yerini alıb.

Suqulit çox kövrək olduğu üçün ondan, əsasən, boyunbağı, sırğa, broş kimi zinət əşylarının hazırlanmasında istifadə edilir. Çünki üzük, qolbaq kimi aksessuarlarda istifadə edildikdə ən kiçik zərbədə qopub tökülmək riski var.

Suqulit digər daşlara nisbətən, az tapılır. Bu da onun kövrəkliyi ilə bağlıdır. Möhkəmlik şkalasında 6 dərəcə ilə qiymətləndirilən bu daşı çıxarmaq, təmizləyib formaya salmaq xeyli zəhmətlidir. Zərgərlər suquliti əsasən, firuzə, malaxit və mərcan kimi daşlarla kombinasiya edirlər. Zinət əşyalarını bu üç daş ilə bəzədikdə həm göz oxşayan mənzərə yaranır, həm də daşlar bir-birini dəstəkləyərək faydalı xüsusiyyətlərini daha da artırırlar.

Suqulitin min bir faydası

Suqulit də faydalı xüsusiyyətlərə malik olan daşlardandır. Mütəxəssislər daşın tərkibindəki oksigen, sodium, dəmir, litium, alüminium, kalium və manqan minerallarının olduğunu nəzərə alaraq onun bir çox problemin həlli ola biləcəyini deyirlər.

Deyilənə görə, üzərində suqulit daşı gəzdirənlər ətraf mühitin mənfi təsirindən qorunur. Belələri asanlıqla əsəbiləşmir, neqativ enerjidən təmizlənirlər.

Suqulitin ən möcüzəli xüsusiyyəti istənilən xəstəliyə təsir edə bilməsidir. Belə ki, bu daş xəstənin tez sağalmasına kömək edir, xəstəliklərin əlamətlərini aradan qaldırır. Qorxu, narahatçılıq kimi hissləri yox edir. İnsanın özünə inamını artırır. Daha cəsarətli və aktiv olmağa sövq edir.

Suqulit zehni fəaliyyəti gücləndirsə də, beyni yormur. Əksinə, insana dinclik verir. Ona görə də, zehni əməklə məşğul olanlara suqulit daşından istifadə etmək məsləhətdir.

Suqulit ağrılara qarşı da təsirlidir. Məsələn, ağrı hiss etdiyiniz yeri suqulitlə masaj etsəniz, problem aradan qalxacaq.

Bu daşın uşaqlar üçün xüsusilə faydalı olduğu deyilir. Uşağın otağına və ya çantasına suqulit daşı yerləşdirilə bilər. Beləliklə, uşaq gün boyu pozitiv enerji ilə əhatə olunacaq. Həm də onun öyrənmə qabiliyyəti, oxuduqlarını dərk etmə bacarığı artacaq.

Suqulit iş adamlarına da kömək edə bilər. Çünki diqqəti artırır, zehni təmizləyərək stressi yox edir.

İş həyatında başqaları ilə yola getmək, insanları manipulyasiya etmək əhəmiyyətli olduğundan suqulitdən faydalanmaq lazımdır. Çünki bu daş qrup şəklində görülən işlərdə ən yaxşı köməkçidir.

Suqulit daşı immunitet sistemini gücləndirir. Maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir. Xərçəng xəstəliyinə qarşı təsirli olduğu deyilir. Ruhi problemləri aradan qaldırır.

Su onun düşmənidir!

Suqulitin fərqli cəhətlərindən biri də onun təmizlənməsi zamanı özünü büruzə verir. Belə ki, bir çox qiymətli daşı su və ya sirkə ilə təmziləmək məsləhət görülsə də, suquliti bu cür təmizləmək olmaz. Çünki su və sirkə suqulitin rəngini soldura və onun ləkələnməsinə səbəb ola bilər. Ən yaxşı üsul suquliti günəşin altında saxlamaq və ya bezə sarıyıb torpağa basdırmaqdır. Günəşin altında yarım saat, torpaqda isə 1 gün qalmalıdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm