Nurlana Aydın: “Evlilik bu həqiqətləri ortaya çıxarır...” – FOTOLAR
Bizi izləyin

Layihə

Nurlana Aydın: “Evlilik bu həqiqətləri ortaya çıxarır...” – FOTOLAR

Ötən il türk vətəndaşı ilə ailə quran məşhur aparıcı Nurlana Aydın Publika.az-ın “Te Amo” layihəsinin bu həftəki qonağı oldu.

Bir çox televiziya layihələrinin, o cümlədən, 106 FM radiosunun proqram direktoru və aparıcısı Nurlana Aydın layihəmizə uyğun olaraq, qadın və kişi münasibətlərinə aid ənənəvi suallarımızı cavablandırıb.

Nurlana Aydın ağıllı və güclü qadınların kişilər üçün ağır yük olduğunu hesab edir. O, evlilik həyatının qadını müdrikləşdirdiyini, qısqanclığın isə sevginin birinci düşməni olduğunu etiraf edib...

- Kişilər hansı qadınlara ilk baxışda və ömürlük aşiq olur?

- Cinsindən asılı olmayaraq, hər kəs ilk növbədə xarici görünüşünə fikir verir. Bir çox insan bunu təkzib etsə də, bu, inandırıcı səslənmir. İnsanla danışmadan, söhbətinin təsiri altına düşməmişdən qabaq qeyri-şüuri olaraq qarşı tərəfin zahiri görünüşünə diqqət edirik. Məhz kişilərin seçiminə gəldikdə, onların ilk baxışda qadının zahiri görkəminə, ünsiyyət zamanı ağlına və xasiyyətinə aşiq olmaq ehtimalları daha yüksəkdir. Əslində, hər kişi yanında müdrik və güclü qadının olmasını arzulayır. Amma sonradan bu, bir çoxları üçün ağır yükə çevrilir və sərf etmir. (Gülür)

- Evlilik qadını müdrikləşdirir?

- Evlilik hər iki tərəfin zəif və güclü tərəflərini ortaya çıxarır. Qadın da, kişi də birgə həyatı paylaşarkən daha müdrik olmağa başlayır. Təbii haldır, çünki istənilən halda evlilik bir təcrübədir. Təcrübəli insanlar isə ağıllı insanlardır.

- Sizcə, sevgi ilə ağlın ümumi bir cəhəti var?

- Bəli, var. Ürəkdən bəyəndiyimiz və sevdiyimiz insanı məhz ağlımızda ideallaşdırıb, onun mənfi tərəflərini gizlətməyə çalışırıq. Kaş ki, ağılla sevmək mümkün olsaydı …

- Futbol, yoxsa serial?

- Əhvalımdan asılıdır. Bir çox xanımlardan fərqli olaraq, o qədər də çox seriala baxmıram. Cəmi 2 serial izləyirəm. Lakin serialla sevdiyim futbol klubu Real Madridin oyunu eyni vaxta təsadüf edərsə, şübhəsiz, futbolu seçərəm.

- Necə düşünürsünüz, qadın eyni zamanda həm ailədə, həm karyerada uğurlu ola bilər?

- Qadın əvvəl karyera sahibi olub, sonradan ailə qursa yaxşıdır. Qarşı tərəfin dəstəyi varsa, əlbəttə ki, bunları birlikdə uğurla etmək olar. Əsas odur, buna vaxtın və gücün çatsın.

- Qısqanclıq və məşhurluq münasibətlərə necə təsir edir?

- Qısqanclıq sevginin birinci düşmənidir, adətən qısqanan insanın özünə inamı və güvəni olmur. Belə adamlar kompleksli olur. Ona hər şey şübhəli və qaranlıq gəlir. Özünəəmin insan heç vaxt qısqanclığı əlində bayrağa çevirmir. O, bəyənmədiyi məqamları düzəltməyə və onları qarşı tərəflə sakit şəkildə müzakirə apararaq, aradan qaldırmağa çalışır.

- Qürur və qərəz sevgini zədələyir?

- Yəqin ki, zədələyir. Qərəzli olmamağa çalışmaq lazımdır, lakin qadının qüruru birinci yerdə dayanmalıdır. Şəxsən mən qürursuz insanlardan, xüsusilə, qadınlardan qorxuram.

- Yaxşı gündə, pis gündə...

- Yaxşı gündə də, pis gündə də ağlınızı qoruyun …

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm