• USD 1,7000 0,00% EUR 2,0067 +0,22%
    • GBP 2,3508 +0,58% RUB 0,0231 +0,43%

Ayaqlarını gizlə, sinəni aç! – 32 yaşlı gözəlin cazibədarlıq siyasəti - FOTOLAR

  • Layihə
  • 15 Yanvar 2016 17:45
  • 5 520 Baxış
Ayaqlarını gizlə, sinəni aç! – 32 yaşlı gözəlin cazibədarlıq siyasəti - FOTOLAR

Bir neçə gün öncə baş tutan "Qızıl qlobus" mükafatları gecəsində əsl şıqlıq yarışı yaşandı. Gecənin ən diqqət çəkən ulduzlarından biri də aktrisa Oliviya Uayld oldu. Bu xanım dəbdəbəli gecələrdə təkcə gözəlliyi, zərifliyi ilə deyil, həm də stili ilə rəqiblərini kölgədə qoya bilir.

Elə buna görə də, Publika.az-ın "Onların stili" layihəsində Oliviya Uayldın stilindən yazmağa qərar verdik.

Genetika ilə keçən istedad

32 yaşlı aktrisanın iki vətəndaşlığı var. Çünki atası irlandiyalı olsa da, Oliviya Nyu-Yorkda dünyaya gəlib. 2 yaşından bəri aktrisa olmağı arzulayan Oliviyanın istedadı genetikdir. Onun ailəsində, demək olar ki, hər kəs sənət və siyasətlə məşğuldur. Anası prodüser, aktrisa və jurnalist işləyib, atası jurnalistdir. Əmiləri isə yazar kimi tanınıblar.

Lənətli 13 rəqəmi ona uğur gətirdi

Oliviya Uayld "Wilde In Time", "Tron", "Cowboys vs Aliens" və "Turistas" kimi filmlərdə rol alsa da, yalnız "The O.C." filmindəki Aleks Kelli rolu ilə debüt edə bilib. Onu populyarlaşdıran isə "House MD" adlı serialdakı gənc doktor rolu olub. Aktrisa həmin obraza verilən 13 ləqəbinin ona uğur gətirdiyinə inanır.

2006-cı ildə "FHM" jurnalının "ən seksual 100 qadın" siyahısında 95-ci yerdə qərar tutaraq cazibədarlıq mövzusunda Hollivudun digər ulduzlarından geridə qalmadığını sübut edib. Bundan 3 il sonra isə "Maxim" jurnalının eyni adlı siyahısında zirvədə yer alaraq qalmaqal yaradıb.

Hər kəs Oliviyanın gözəlliyinə heyran olsa da, onun aktrisalıq bacarığı da kölgədə qalmamalıdır. O, bu günə kimi bir neçə mükafata layiq görülüb. 2006-cı ildə "US Comedy Arts" festivalında "ən yaxşı aktrisa", 2008-ci ildə isə "Vail Film Festival"ında "yüksələn ulduz" mükafatlarını alıb.

İki kişi, bir uşaq

Oliviya 2003-cü ildə prodüser, fotoqraf və gitaraçı Tao Raspoli ilə ailə qurub. Onlar 5 il evli qalsalar da, 2011-ci ildə münasibətləri pozulub və cütlük boşanıb.

Aktrisa bir neçə ay sonra aktyor Ceyson Sudeykis ilə görüntülənib. Hazırda nişanlı olan cütlüyün bir oğlu da var.

Gözlər və dodaqlar ön planda...

Qırmızı xalı gecələrinin ən füsunkar xanımlarından olan Oliviya nadir udluzlardandır ki, onun geyim tərzindən çox, makiyaj stili müzakirə edilir. Aktrisanın stili o qədər bəyənilir ki, hətta kosmetika brendləri onunla əməkdaşlıq etmək üçün yarışırlar. O, bir neçə il "Revlon" markasının siması olub.

Bəs, Oliviya Uayld makiyajını qeyri-adi edən nədir?

Aktrisanın üz quruluşu olduqca maraqlıdır. Belə ki, sümükləri çox kəskin şəkildə hiss edilir. O, konturlama texnikası ilə üzünün doğru bölgələrini kölgələndirir və haylayterlə vurğulayır. Beləliklə, seksual üz quruluşuna qovuşur. Aktrisa tünd və ya açıq rəngdə dodaq boyasından istifadə etməsindən asılı olmayaraq, gözlərini mütləq vurğulayır. Qəhvəyi, qızılı, şərab rəngli göz kölgələri ilə mavi gözlərinin cazibəsini daha da artırmağı bacarır. Adətən, kölgəli göz makiyajı edir. Ancaq sadəliyə üstünlük verdiyi günlərdə layner çəkir. Tez-tez dodaqlarını qırmızı rəngə boyayır. Qırmızı dodaq boyası onun ağ dərisi ilə həmahəng görünür. Gözlərində qəhvəyi və ya qara rəngli kölgələrdən istifadə etdikdə isə bej rəngli dodaq boyasına üstünlük verir. Hər iki stil aktrisaya çox yaraşır.

Göz qamaşdıran saçlarının sirri

Oliviyanın makiyajından sonra ən çox maraq oyandıran gözəllik sirri saçları ilə bağlıdır. Belə ki, onun par-par parıldayan, sağlam saçları heç kimin nəzərindən yayınmır. Saçlarına mütəmadi olaraq qulluq edən Oliviya sirrinin doğru boya seçmək olduğunu deyir. Aktrisa tərkibində amonyak olmayan boyalar seçdiyini, beləliklə, saçlarının sağlamlığını qoruduğunu deyir. Bir vaxtlar sarı saçı sınaqdan keçirən Oliviya yaxşı ki, bu rəngin ona yaraşmadığını tez başa düşərək qəhvəyi saçlara geri döndü.

Cazibədar ulduz qüsursuz üz cizgilərinə sahib olduğu üçün hər növ saç düzümünə çəkinmədən müraciət edir. Qat-qat kəsilmiş, dalğalı saçları daha çox xoşlayır. At quyruğu və toppuz da sevimli saç düzümlərindəndir.

Ayaqları gizlə, sinəni aç!

Oliviya Uayldın qırmızı xalı stili bir çox qadına ilham verir. Çünki o, özünü dəb qəliblərinə salmır. Geyimləri öz zövqünə və əhval-ruhiyyəsinə uyğun seçir. Odur ki, aktrisanı dəvətlərdə müxtəlif stillərdə görmək mümkündür. Bir dəfə sadə və zərif libasla görüntülənirsə, növbəti dəfə ya dəbdəbəli, ya da kişisayağı geyinir.

Geyimdə onun ən sevdiyi rənglər qara, ağ, şərab rəngi, tünd yaşıl və çəhrayı ilə bənövşəyinin müxtəlif çalarlarıdır.

Maraqlıdır ki, ən sevdiyi yeməyin pizza olduğunu deyən aktrisa olduqca arıqdır. O, çiyindəki sümüklərin ilk baxışda hiss edilməsinin gözəllik simvolu olduğunu düşünür. Ona görə də, üst hissəni açıqda qoyan sinə dekoltesinə üstünlük verir. Kürək dekoltelərini də çox sevir. Həyatdakı tək kompleksi isə ayaqları ilə bağlıdır. Ona görə də, heç vaxt mini geyinmir. Maksi və midi libaslar seçir. Hətta poza verərkən belə ayaqlarını gizləmək üçün əlindən gələni edir.

Gündəlik həyatda hippiyə çevrilən gözəl

Qırmızı xalıda zərif və şıq görməyə öyrəşdiyimiz Oliviya gündəlik həyatda dəblə ayaqlaşmağı ağlının ucundan belə keçirmir. Rahatlıq daha önəmli olduğundan onun küçə stili hippi tərzinin təsiri altındadır. Saçaqlı çantalar, uzun sviterlər aktrisanın gündəlik stilinin əsasını təşkil edir. Oliviya Uayldın diqqət çəkən cəhətlərindən biri də eyni geyim və ya aksessuardan dəfələrlə istifadə etməsidir. Yəni, ulduzlar kimi "bir geyindiyimi, bir daha geyinmərəm", - demir.

Hollivudun moda ikonalarından olan Oliviya Uayldın ilham verən fotolarını toplamışıq.

Ləman Sultan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR