Layihə
Kris Botti: “Musiqi ilə sevişirəm” - FOTOLAR
25 ildir ki, truba çalır. Həyatında musiqidən başqa heç nə yoxdur. Bir neçə dəfə "Grammy" mükafatına layiq görülüb. Söhbət dünyanın məşhur caz trubaçısı Kris Bottidən gedir. 52 yaşlı amerikalı musiqiçi hazırda Türkiyədədir. O, İstanbulda konsert verəcək.
Qeyri-adi həyat fəlsəfəsinə sahib olan musiqiçinin Türkiyə mətbuatına verdiyi müsahibəsini Publika.az-ın "Şirin söhbət"ində oxuya bilərsiniz.
- Caz bizə həyatla bağlı nə öyrədə bilər?
- Bir musiqi alətində çalmağı öyrənmək həyatda diqqətinizi tək bir məşğuliyyətə cəmləməyin heç də pis olmadığını göstərir. Bu gün gənclər eyni anda bir çox şeylə məşğul olmaq istəyir. Nəticədə də heç nə əldə edə bilmirlər. Caz həyatıma daxil olduqdan sonra hər şeyi unutdum, çünki bu iş musiqinin həyatımızın mərkəzinə keçməsini tələb edir. Bütün həyatınızı musiqiyə sərf etməlisiniz. Kiçik yaşlardan etibarən saatlarla trubada ifa etmişəm, buna davam edəcəm.
- Başqa bir peşə ilə məşğul olmaq heç ağlınıza gəlməyib?
- Heç vaxt deməmişəm ki, "musiqidə uğur qazana bilməsəm, gedib satıcı işləyəcəm, ya da başqa iş tapacam". Ya musiqiçi olacaqdım, ya da ölənə qədər musiqiçi olmaq üçün çalışacaqdım. Başqa çarəm yox idi, musiqini çox sevirdim. Uğurları asanlıqla qazanmamışam. İşə başlayanda məhəllələrdə qorxunc konsertlər verirdim, eşidən məhəllədən qaçırdı. Sonra küçələrdə qısa konsertlər verərək pul qazandım. Heç vaxt qismətə təslim olmadım.
- Truba çalmağı niyə bu qədər çox sevirsiniz?
- Bilmirəm, truba çalanda gözlərim qaralır, reallıqdan qopuram, inanılmaz dərəcədə həyəcanlı oluram. Bu hiss əvəzedilməzdir. Ona görə də, musiqidən qopa bilmədim. Hər şey özünü idarə edə bilməkdən başlayır. Coni Mitçell (red: müğənni) deyirdi ki, "musiqiçi olmaq üçün 1 faiz istedad, 99 faiz dəlilik lazımdır". Daxilindəki dəlini idarə edə bilməsən, karyera qura bilməzsən.
- Bu günə kimi Pol Saymon, Areta Franklin, Natali Koul, Bett Midler, Frenk Sinatra, Coni Mitçell, Stinq kimi musiqi divləri ilə birlikdə səhnəyə çıxmısınız. Onlardan nə öyrəndiniz?
- Stinq bir dəfə mənə dedi ki, "həyat oyundur. Etməli olduğun tək şey özünə inanmaq və zərləri atmaqdır..." Öz həyat yolumda Stinqi yamsıladığımı etiraf edirəm. Mütəmadi olaraq səhnədə olmağı, musiqi ilə yatıb, musiqi ilə oyanmağı, hər hansı şəhərə çatan kimi yoqa ilə məşğul olmağı, musiqi alətinə hər şeydən çox vaxt ayırmağı Stinqdən öyrənmişəm. Onun sayəsində möhtəşəm karyeram və həyatım var.
- Yəqin ki, Frenk Sinatra ilə də unudulmaz xatirələriniz olub.
- Onunla bir səhnəni paylaşmaq şansını əldə etmişəm. O, dinləyicilərlə yaxın ünsiyyətdə idi. Keçmiş konsert görüntülərini izləsəniz, öz gözlərinizlə görəcəksiniz. O, əlçatmaz deyildi, əksinə, konsertə gələnlərlə zarafatlaşır, onlara toxunur, yaxın olmaqdan çəkinmirdi.
- Bu il onlarla şəhərə gedəcəksiniz, turne təqviminiz yenə doludur. Mütəmadi olaraq əlinizdə çamadanlarla ora-bura qaçmaq sizi yormur?
- İlin 300 gününü yollarda, orada-burada keçirirəm. Başqa cür necə yaşamalı olduğumu bilmirəm. Həyatımda musiqidən başqa heç nə yoxdur: nə pişik, nə it, nə bitki, nə də qadın. Musiqi ilə sevişirəm. Amma həyatım möhtəşəmdir. Çünki həyatda axtardığım hər şeyi musiqidə tapmışam. Xüsusilə də, 10 ildir ki, musiqi həyatımın mərkəzindədir və mən daha öncə bu qədər xoşbəxt olduğumu xatırlamıram.
- Səhnəyə çıxmadan öncə sizə uğur gətirdiyinə inandığınız hər hansı vərdişiniz varmı?
- Yox. Əvvəllər konsertdən öncə sake (red: ənənəvi yapon içkisi) içirdim. Artıq onu da içmirəm.
- 2013-cü ildə "ən yaxşı instrumental albom" nominasiyasında "Grammy" mükafatının sahibi oldunuz. Sizə "Grammy ovçusu" deyirlər. Bu haqda nə düşünürsünüz?
- Musiqiçinin "Grammy" mükafatına olan münasibəti aktyor və aktrisanın "Oscar"a olan münasibətindən fərqlənir. Mənim üçün əsl "Grammy" hər gün səhnəyə çıxıb bacarığımı nümayiş etdirməkdir. Turnelərə çıxmayan, yaxşı performanslar göstərməyən, ancaq "Grammy"si olan o qədər çox musiqiçi var ki... Məncə, səhnəyə çıxıb pərəstişkarlarımla görüşə bilmək əsl mükafatdır. Bundan daha qiymətli heç nə yoxdur.
- Caz festivallarında cazmenlərdən çox populyar simalara yer verilir. Siz də illərdir ki, cazla pop musiqisini tarazlayan, caza yeni nəfəs gətirən sənətçilərdən birisiniz. Sizcə, insanlar niyə caz dinləməkdən çəkinirlər?
- Caz hazırda daha yetkin və zövqlü kütləyə xitab edir. Məncə, musiqi janrlarına tənqidi yanaşmaq olmaz. Mənim üçün iki cür musiqi var: yaxşı musiqi və keyfiyyətsiz musiqi. Önəmli olan budur. Mən də əlimdən gəldiyi qədər insana toxunan, insanı başqa aləmlərə aparan, keyfiyyətli musiqi yaratmağa çalışıram.
- Sizcə, dinləyiciləriniz musiqinizi anlaya bilirlərmi?
- İnsanlar səhnədə, sadəcə, mənim və trubamın olacağını biləndə konsertə gəlmək istəmirlər. Çünki bir adam və bir ədəd musiqi alətindən nə gözləməli olduqlarını bilmirlər. İşin acınacaqlı tərəfi odur ki, hələ də səhnədə izləməmiş dostlarım var. Ancaq məni bir dəfə izləyəndən sonra "Konsert bitənə kimi ağladım", "Həyatımda belə bir şey görməmişdim", deyənlər də olur. Odur ki, insanların musiqi ilə bağlı qəliblərini yıxmaq üçün əlimdən gələni edəcəm.
Ləman Sultan
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO





















.png)
.jpg)














