• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Türk gözəllərinin əvəzolunmaz bəzəyi - FOTOLAR

  • Layihə
  • 21 Yanvar 2016 20:58
  • 5 141 Baxış
Türk gözəllərinin əvəzolunmaz bəzəyi - FOTOLAR

Milli geyimlər ölkənin maddi mədəniyyəti, xalqa xas olan xüsusiyyətləri özündə əks etdirir. Onlar xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Millətin etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri milli geyimlərlə yanaşı, bəzək əşyalarında da öz əksini tapır.

Xüsusilə, Osmanlı imperiyasının mövcud olduğu dövrlər Türkiyə tarixinə qızıl hərflərlə yazılıb. Bu, türk mədəniyyəti, o cümlədən, dəb sahəsi üçün mühüm mərhələ olub. O dövrün geyimləri hər zaman böyük maraqla qarşılanıb. Təsadüfi deyil ki, Türkiyənin adı adətən, şərq motivləri, ipək parça üzərində işlənən bədii tikmə sənəti və daş-qaşlarla assosiasiya olunur.

Yeri gəlmişkən, zinət əşyaları Osmanlı tarixindən bəhs edən “Möhtəşəm 100 il” serialının qəhrəmanlarının obrazında da xüsusi rol oynayıb. Onların hər birini ayrı-ayrılıqda əsl incəsənət əsəri adlandırmaq olar. Hazırda imperiya xəzinəsi kolleksiyasında sərgilənən eksponatlar, seçmə nümunələr olmaqla, əsasən qızıl və digər qiymətli materiallardan hazırlanmış nadir zərgərlik nümunələrindən ibarətdir. Nadir qiymətli daş-qaşlar, zümrüd və brilyantlarla bəzədilmiş zərgərlik nümunələri kolleksiyanın tərkib hissəsidir.

Publika.az-ın “9 don” layihəsinin bu sayında “Möhtəşəm 100 il” serialında oyanayan aktrisaların sultan obrazını tamamlayan zinət əşyalarından söhbət açmışıq.

İlk növbədə, sultanların imicində böyük rol oynayan inanılmaz dərəcədə gözəl taclar, saç aksessuarları və digər baş geyimləri haqqında danışmaq istərdik.

Baş geyimlərinin geniş yayılmış növlərindən biri də təbii ki, taclar idi. Taclar tarixən Osmanlı imperiyası dövründə hərəmxana qızlarının obrazının ayrılmaz hissəsi idi.

Tacları böyük hökmdarların və imperatorların, kral və kraliçaların ən mühüm aksessuarı adlandıra bilərik. Çox az insana nəsib olan, kraliça, sultan və şahzadələrin daşıdıqları bu baş geyimi bu gün də dünyanın ən bahalı aksessuarı hesab olunur. Taclar çox özəl və qiymətli qaşlarla, brilyantlarla bəzədilən zinət əşyalarından daha qiymətlidir.

Osmanlı sultanlarının baş geyimləri gözəlliyinə və rəngarəngliyinə görə olduqca cəlbedici və maraqlı idi. Bura ipək kəlağayılar, ləçək, örpək və s. daxil idi. Qeyd etmək lazımdır ki, tacları həm tül fata, həm də fatasız taxmaq olardı.

Türk sultanlarının baş geyimləri digər ölkələrin taclarından xeyli fərqlənirdi. Belə ki, türk sultanları saçlarını çələng formasında aksessuarlarla bəzəməyi daha çox sevirdi. Sözsüz, onların üzü bahalı daş-qaşla işlənmişdi. Əgər özünüzü həqiqi şərq gözəli kimi hiss etmək istəyirsinizsə, özünüzə bir cüt belə saç bəzəyi alın.

Bu serialda gördüyümüz bəzək əşyaları müasir dəbə təsirsiz ötüşməyib. Unutmaq lazım deyil ki, müasir moda ilham mənbəyini çox vaxt şərqdə tapır. Belə ki, bir çox zərgər və bəzək əşyalarının satışı ilə məşğul olan şirkətlər sultanların obrazına bəzək qatan saç aksessuarlarının surətini istehsal etməyə başladı. “Möhtəşəm 100 il” serialından ilhamlanan istehsalçıların Osmanlı dövrü üslubunda hazırladıqları bəzək əşyalarını modapərəstlər böyük məmnuniyyətlə qəbul etdi. Əlbəttə, onlar gündəlik istifadə üçün uyğun deyil. Bugünkü reallıq da üzərimizdə belə təmtərağı daşımağa imkan vermir. Lakin siz axşam tədbirinə və toya hazırlaşırsınızsa, bu dəbdəbəni özünüzə rəva görə bilərsiniz. Əmin olun ki, Osmanlı üslubunu özündə əks etdirən zinət və bəzək əşyalarında siz diqqətdən kənar qalmayacaqsınız.

Serialın qəhrəmanları öz prototipləri kimi, bəzək məsələsində xeyli səxavətli davranıb. Onların bərbəzəyi saç aksessuarları ilə məhdudlaşmırdı. Qiymətli daş-qaş sultanların sahib olduğu statusu vurğuladığı üçün təmtəraqlı boyunbağılar, üzük, kəmər və sırğalar onların obrazından əskik olmurdu. Saray qızları boyunbağı, üzük və sırğaları həvəslə taxırdı. Qızların boyunbağıları kifayət qədər rəngarəng idi. Bu sapa düzülmüş mirvari boyunbağı, zümrüd, firuzə, sapfir, yaqut qaşlı kolye də ola bilərdi. Sultanların mücrüsünün ən qiymətli daşı isə sözsüz ki, mirvarilər idi.

Serialın qəhrəmanlarının sırğaları da böyük olması ilə xarakterik idi. Qiymətli metal və daşlardan düzəldilmiş bəzək güclü təsir bağışlayırdı.

Əlbəttə, üzüklər diqqətdən yayına bilməz. Hürrəm Sultan üzüklərə qarşı çox həssas idi. Onun bir-birindən gözəl iri qaşlı üzükləri vardı. Bu cür üzüklər bəzək funksiyasını yerinə yetirməklə yanaşı, sultan statusunun rəmzi sayılırdı. Sultan Süleyman üzüyü Hürrəm Sultana sevgi, sədaqət və hörmət əlaməti olaraq bağışlamışdı. Sultanın özü də həmişə tək qaş üzük taxardı. Bir qayda olaraq, həmin üzüyün qaşı nadir daşdan, həm də bir ədəd düzəldilirdi. Belə bəzək əşyaları böyük əhəmiyyət kəsb edirdi.

Belə üzüklər indiyə qədər həm mənəvi, həm də nadir olmasına görə, bütün zinət əşyalarından daha dəyərli hesab olunur. Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin Ləl-cəvahirat İxracatçıları Birliyinin rəhbəri Ayxan Güner Hürrem Sultanı canlandıran aktrisanın istifadə etdiyi yaşıl qaşlı üzüyün 1 milyondan çox satıldığını bildirmişdi.

Türk gözəllərindən nümunə alaraq siz də iri formalı üzük taxa bilərsiniz. Lakin yadda saxlayın ki, iri qaşlı üzük taxdıqda digər aksessuarlardan istifadə etməmək daha yaxşıdır.

Xüsusi vurğulamaq lazımdır ki, ləl-cəvahiratlar sultan qızların cehizində önəmli yer tutardı. Evlənərkən bir padşah qızına bir almaz klon, almaz bilərzik, bir dəst zümrüd qaşlı sırğa hədiyyə edər, qıza daş-qaşla bəzədilmiş ayaqqabı geyindirilərdi. Sultan II Mahmudun qızı Mihrimah sultan evlənəndə cehizində bahalı və qiymətli daş-qaşla dolu qutular olubmuş. Sultan Əbdülməcidin qızı Münirə Sultan evlənəndə cehizindəki çox dəyərli tək qaş brilyant üzük və salxım formalı zümrüd qaşlı sırğası diqqət çəkmişdi.

Bu gün istehsalçılar bahalı zinət əşyaları ala bilməyən təbəqə üçün onların eynisinin ucuz variantlarını istehsal edirlər. Məsələn, dəyərli mirvarini sünisi ilə əvəz etmək olar. Bu cür bəzək əşyalarını klassik qara don, yaxud şərq üslubunda tikilmiş paltarla geyinmək olar.

Osmanlı dövrünün gözəlləri, əsasən tünd çalarlı zinət əşyalarına üstünlük verirdi. Bu rənglər qəhrəmanların geyimləri ilə gözəl ansambl yaradırdı. Burada stilistlərin zəhməti də böyükdür. Aydın görünür ki, stilistlər hər bir obraz üzərində əməlli-başlı baş sındırıblar.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR