Uğursuz nikah, sonsuz övlad sevgisi və böyük dəb imperiyası – FOTOLAR/VİDEO
Bizi izləyin

Layihə

Uğursuz nikah, sonsuz övlad sevgisi və böyük dəb imperiyası – FOTOLAR/VİDEO

1889-cu il Fransa tarixində ölkənin simvolu kimi tanınan Eyfel qülləsinin açılışı ilə yadda qalıb. Elə həmin il Parisdə daha bir əlamətdar hadisə baş verib. Parisin Fobur- Sen- Onere küçəsində qisa bir müddətdə soyadı Paris zərifliyi və dəbdəbəsinin rəmzinə çevrilən madmazel Janna Lanvinin kiçik şlyapa emalatxanası fəaliyyətə başlayıb.

Janna Lanvin istedadlı modelyer və uğurlu biznes ledi olmaqla bərabər, həm gözəl ana, həm də bir qadınlıq təcəssüm idi.

“Lanvin” XIX əsrin sonlarında Janna Lanven tərəfindən əsası qoyulmuş qədim və böyük fransız moda evlərindən biridir. Moda evinin yaranmasından 125 il keçməsinə baxmayaraq, o öz statusunu bu günə qədər qoruyub saxlayır.

Publika.az-ın “Brendlərin tarixi” layihəsinin bu sayında “Lanvin” moda evinin yaranma və inkişaf tarixi haqda bəhs etmişik.

Moda dünyasının Kozettası

Dünya şöhrətli moda evinin banisi modelyer Janna-Mari Lanven 1867-ci il yanvarın 1-də Parisdə anadan olub. Gələcəyin istedadlı modelyeri çoxuşaqlı ailədə göz açıb. O, tanınmış fransız jurnalisti Bernar Konstantin Lanvenin birinci qızı idi. Atasının qonorarı 11 uşaqlı ailəni dolandırmağa güclə çatırdı. Uşaqların təhsil almaq şansı barədə isə söhbət gedə bilməzdi. Janna evin ilk övladı olduğu üçün ailənin bütün yükü onun çiyinlərində idi. O, qardaş və bacılarının qeydinə qalmaqla yanaşı, ev işlərinə də nəzarət etməli idi.

Bəzi şayiələrə görə, Janna Lanvinin məşhur yazıçı Viktor Hüqonun “Səfillər” romanının əsas qəhrəmanı - Kozettanın prototipidir. Ailə ilə yaxından tanış olan Hüqo əsərdə Jannanın həyatını əks etdirib və əgər bu həqiqətdirsə, romandan xəbərdar olanlar üçün qızın uşaqlığının necə ağır keçdiyini təsəvvür etmək çətin deyil.

Böyük yolun başlanğıcı

Uşaqlıq illəri ağır və çətin şəraitdə keçən Janna 13 yaşından işləməyə başlayır. Əvvəlcə o, parfüm, baş geyimləri hazırlayıb satanların xidmətçisi kimi işləyir. Daha sonra dərzilik sənətinin incəliklərini dərindən mənimsəmək üçün Madam Fediksin məşhur atelyesinə şagird kimi yazılır. 18 yaşında Janna artıq sifarişlərin öhdəsindən gəlməyi çox gözəl bacarırdı. Sonralar bilik və bacarığını təkmilləşdirmək üçün Cordeau şlyapa atelyesinə dəvət aldıqdan sonra Barselonaya köçür. Madmazel Lanven Parisə yalnız öz şəxsi biznesinə başlamaq niyyəti ilə qayıdır.

Uğursuz nikah

1896 – cı ildə Janna gənc italyan zadəganı və qraf Lanven Emilio di Pyetro ilə ailə qurur. Bu nikah səkkiz il davam edir. Janna əri ilə xoşbəxt deyildi. Pyetro cıdır yarışları və qumar oyunlarını sakit ailə həyatından üstün tuturdu. Jannanın yeganə təsəllisi 1897-ci ildə dünyaya gələn qızı Marqarita Mari-Blanş olur. Janna Lanvenin həyatında bu mühüm hadisə baş verməsəydi, o, bəlkə də, dərzi olaraq qalacaqdı. Qızcığaz anasının həyatının mənası olmaqla yanaşı, onun üçün ilham mənbəyi idi. Yeri gəlmişkən, qeyd edək ki, ana-bala məhəbbəti moda evinin emblemində də öz əksini tapıb. 1922-ci ildən bu günə qədər bu emblem moda evinin bütün məhsullarını və qablaşdırma məmulatlarının bəzəyir. Amma gəlin, tələsməyək və 1922-ci ilə qədər hansı hadisələrin baş verdiyini ətraflı təsvir edək.

Kiçik şlyapa emalatxasından başlayan biznes

Şəxsi işini qurmaqda iddialı olan Janna Lanven 1889-cu ildə öz bizesini açmaq qərarına gəlir. Həmin il Janna Parisin ən məşhur küçələrinin birində kiçik şlyapa emalatxanası icarəyə götürür və bütün pullarını lazımi avandanlığın alınmasına xərcləyir. Niyə məhz şlyapa? Bəzi bioqrafların fikrincə, bu, sırf iqtisadi səbəblərlə bağlı ola bilərdi. Çətin ki, Lanvenin başqa parçaları almağa imkanı çatardı, onlar çox baha idi. Həm də şlyapalar o dövr fransız qadını üçün qarderobun mütləq atributu hesab olunurdu.

Onun şlyapaları elə ustalıqla və incəliklə yerinə yetirilirdi ki, hətta Parisin ən məhşur modapərəstiləri də onları özlərinə layiq bilirdi. Beləcə, yazımızın qəhrəmanı durmadan uğura dorğu addımlayırdı...

Üstəlik, bir çoxlarından fərqli olaraq, Janna işində müvəffəqiyyət qazanamaq, ictimaiyyətin diqqətini özünə cəlb etmək və rəğbətini qazanmaq üçün səy göstərmirdi. O, bacardığı qədər tədbirlərdən uzaq durur, öz işlərində isə yalnız hissiyyatına güvənirdi.

Ana-bala məhəbbəti

Janna Lanven qızını da gözəl geyindirməyi sevirdi. Onun qızı üçün tikdiyi geyim dəstləri varlı ailələrinin diqqətindən yayınmamışdı. Elit təbəqənin modapərəst xanımları balaca şahzadələrinin belə gözəl paltarlar geyinməsini istəyirdi. Məhz ana ilə qızın isti münasibətləri Jannanı “Lanvin” loqosu altında şəxsi biznesini qurmağa ilhamlandırmışdı.

Beləliklə, istedadlı modelyer gənc analar və onların balaca qızcığazları üçün dəbdəbəli geyim modellərinin eskizlərini çəkməyə başlayır.

1909 - cu il onun həyatında dönüş ili olur, Janna modelyerlikdən kutüryeyə çevrilməyi qərara alır. Həmin il işıq üzü görən ilk kolleksiya parisli xanımlarda böyük təəssürat oyadır. Çünki kolleksiya həm uşaqlar, həm gənc xanımlar, həm də orta yetkin qadınlar üçün nəzərədə tutulmuşdu. Nəticədə, Janna müxtəlif yaş kateqoriyası üzrə geyim istehsalı ilə məşğul olan ilk kutürye oldu. Qeyd edək ki, onun kolleksiyalarının yaradılmasında səyahətləri və kolleksiyasını topladığı impressionizm üslubunda rəsm əsərlərinin rolu böyük olub. Bu rəsmlər əsasında yaradılmış geyimlər müştərilərin çox xoşuna gəlirdi. Onun gənc qızlar üçün ingilis tikmələri ilə bəzədilmiş valehedici geyimləri də müştərilərin rəğbətini qazanmışdı.

Müxtəlif şəhərlərə səyahətdən ilhamlanan Janna

1917 – ci ildə Janna ikinci dəfə qəzet jurnalisti Tempslə evlənir. Cütlük vaxtının çoxunu səyahətlərdə keçirirdi. Müxtəlif şəhərlərə səyahətdən ilhamlanan Janna özünü müxtəlif mədəniyyətlərə və formalara həsr olunmuş obrazlar yaratmağa həsr edirdi. Gəzdiyi yerlərdən yeni, maraqlı parçalar əldə edir, bunun hesabına yeni zərif obrazlar yaratmağa nail olurdu. Jannanın əldə etdiyi təcrübə “Lanvin” moda evinin inkişafına böyük təsir göstərir.

1920-ci ildə moda evi artıq müəyyən mənada tanınırdı. Adlı-sanlı xanımlar Janna Lanvenin yaratdığı təkrarsız obrazların pərəstişkarlarına çevrilmişdi.

Janna Alber Arman Rato ilə birlikdə Parisin ən məşhur küçələrindən birində “Lanvin” mağazasını açır. Bu zaman “Lanvin”-in 22 yaşı var idi. Yəqin, Janna ilk mağazasını açanda heç ağlına belə gəlmirdi ki, bu mağaza 100 ildən sonra da Lanven stilinin pərəstişkarları üçün işləyəcək. Lakin moda dünyasının Kozettası əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, öz müştəriləri üçün tam bir dəb aləmi yaramaq istəyirdi. Nəhayət, 1922 – ci ildə Lanvin moda evinin loqotipini yaradır və yuxarıda dediyimiz kimi, bu loqo vasitəsilə qızına olan məhəbbətini əbədiləşdirir.

Moda evinin ölməz üslubu

Janna Lanvin drapirovka və parçalardan öz dövrü üçün yeni sayılan romantik və zərif modellər hazırlayırdı. Xüsusi qeyd etmək lazımdır ki, hətta maskulin tərzi dəbə minəndə kutürye qadınlığı vurğulayan romantik üsluba və öz ideallarına heç vaxt xəyanət etməmişdi. Xüsusilə, antik yunan ilahələrinin obrazlarını xatırladan modellər də dəbə məhz əfsanəvi modelyer sayəsində daxil olub. Onun analoqu olmayan uzun romantik donları bir növ ali cəmiyyətə mənsubluq əlaməti idi. “Кobes de style” adı verilən bu tərzli paltarları xanımlar adətən rəsmi qəbullara, karnaval və toylara geyinirdi. Nəfis tikmələr, dəbdəbəli işlənmələr, biser bəzəkləri, eləcə də, rəngli şüşə və metaldan hazırlanmış muncuqlar onun tikiş üslubunun səciyyəvi cəhətləri idi. Kutüryenin sevimli rəngi isə soyuq mavi və zərif bənövşəyi idi. O, bu rəngləri erkən intibah dövrünün məşhur florensiyalı rəssamı Fra Anjelikonun freskalarında görüb sevmişdi.

Moda evinin çiçəklənmə dövrü

1923 – cü ildə Lanvin Sport, 1926 – cı ildə isə “Lanvin” “Tailleur/Chemister” xəttini buraxır. Bütün karyerası boyu J. Lanven yeni – yeni xətlər istifadəyə verərək daima öz markasını genişləndirir: xəz, alt geyim kolleksiyası, kişi geyimləri, ətir xətti və.s.

Qeyd edək ki, moda evinin kişlər üçün istehsalı etdiyi geyim xətti də fransız aristokratiyasının nümayəndələri arasında böyük uğur qazanmışdı. O özünün zərif və dəqiqlliklə icra olunmuş təkrarsız geyimlər yaratmaq istedadı ilə şöhrət qazanmışdı, özünün peşəkarlığına və məşhurluğuna görə hörmət qazanan Janna Lanven digər fransız moda evlərinə sərmayə qoyur və müxtəlif sərgilərə sponsorluq edirdi. O, teatr və kino ulduzları üçün həm səhnə, həm gündəlik geyimləri də tikirdi.

İki dəb imperiyasının rəqabəti

1927-ci ildə “Chanel № 5” ətrinin yaranmasından iki il sonra “Lanvin” “Arpege” adlı parfümünü buraxır. Deyilənə görə, iki məşhur ətir arasında böyük rəqabət gedirdi. Bu hadisə dəb dünyasının iki əfasnəvi modelyerləri - madam Janna Lanven və Koko Şanel arasında incikliyə səbəb olmuşdu. Lakin onların hər ikisi indiyədək dünyanın ən yaxşı ətirlərindən biri olara qalmaqdadır.

Bəzi mənbələrdə göstərilir ki, iki moda evi arasında gedən rəqabət Jannanı 1930-cu ildə “Cartier” zərgərlik evindən yeni eynək modelinin sifarişinə təkan vermişdi. Tanınmış zərgər Lui Karter Janna üçün çərçivəsi tamamilə ağ qızıldan və qara brilyant qaşlarla işlənmiş eynək düzəltmişdi. Bu eynəkdə dekor elementi kimi pantera fiqurundan istifadə edilmişdi, onun gözləri əvəzində sapfir qaşı çıxış edirdi. Janna Lanven bu eynəkləri ilə Koko Şanelə qıcıq verməkdən böyük zövq alırdı. Onu da qeyd edək ki, “Panthera” modeli hələ də ən bahalı eynəklər kateqoriyasına daxildir.

Janna Lanven 1946- cı ildə özündən sonra böyük moda imperiyası qoyaraq dünyasının dəyişib. Onun istedadı hələ sağlığında layiqincə dəyərləndirilmişdi. Məsələn, 1909-ci ildən tanınmış kutürye əldə etdiyi nailiyyətlərə görə, Fransanın Yüksək Moda İttifaqının fəxri üzvü seçilib. 1926 -cı ildə isə Fəxri legion ordeni ilə təltif olunub.

Ağır sınaqlar dövrü

Lanvin” moda evi öz fəaliyyətini hətta İkinci Dünya Müharibəsi zamanı da davam etdirirdi. Lakin müharibədən sonrakı dövr “Lanvin” üçün ağır sınaq illərinə çevrilir. Jannanın ölümündən sonra moda evinin idarəçiliyi onun qızı Mari-Blanşa keçmişdi. Mari-Blanş 1958-ci ilə - ömrünün sonuna qədər moda evinə qayğıkeşliklə rəhbərlik edir. Madamın qızının ölümündən sonra isə “Lanvin”-i Jannanın qardaşoğlu İva Lanven idarə etməyə başlayır.

Antonio Kastilyo, Jül-Fransua Krayah, Klod Montana, Erik Berje, Dominik Morlotti, Osimar Versolato kimi istedadlı dizaynerlər müxtəlif illərdə brendlə əməkdaşlıq ediblər. Onlar moda evinin əvvəlki şöhrətini qaytarmaq üçün səylə çalışır, ona yeni həyta qazandırmaq istəyirdilər.

Yeni həyat

2001-ci ildə moda evinin kreativ direktor vəzifəsinə israilli modelyer Alber Elbaz təyin olundu. Elbazın moda evinin banisi ilə ortaq cəhətləri çox idi. Onun uşaqlığı da Janna Lanven kimi məhrumiyyət və çətinlik içində keçmişdi. Dizaynerin ailəsi Mərakeşdən İsrailə köçən mühacirlərdən idi.

Məşhur fransız moda evinə gəlməzdən əvvəl, “Yves Saint Laurent” –də çalışdığı illərdə Alber Elbazın işləri olduqca müəmmalı idi. Orada o, markanın üslubundan kənara çıxmağa qorxurdu. O artıq öz öhdəliklərindən yorulmuşdu. “Lanvin” isə ona çoxdan gözlənilən azadlığı bəxş etmişdi. Əvəzində Alber Elbaz markanın sönmüş şöhrətini bərpa etdi və “Lanvin” brendinin ayrılmaz üslubunu və yeni qadın obrazını yarada bildi. Məsələn, o, qadınları vulqarlıqdan və həddindən artıq açıq-saçıqlıqdan xilas edərək, qapalı geyimdə də seksual görünməyin mümkün olduğunu göstərdi. Elbaz “Lanvin” markasına verdiyi töhfələrə görə, 2005-ci ildə Amerika Dəb Dizaynerləri Birliyi tərəfindən "Beynəlxalq dizayner" nominasiyasında nüfuzlu mükafatla təltif edilib. 2007-ci ildə isə o da Janna Lanven kimi Fransa Fəxri legion ordeninin kavaleri adına layiq görülür, həmin ilin mayında isə “Time” jurnalı onu dünyanın yüz ən nüfuzlu insanları siyahısına daxil edir.

Alberin fikrincə, keyfiyyət təxəyyülü stimullaşdırmaq üçün olduqca zəruridir. Yeri gəlmişkən, sənətkar müsahibələrində yaradıcılığı ilə bağlı bunları etiraf edib: “İv Sen-Loran qadınlara hakimiyyət, Şanel isə azadlıq verib. “Lanvin”-ə gələndə, ancaq bir sual üzərində fikirləşirdim: “Bəs mən qadınlara nə verə bilərəm?"

Bu sualın ən gözəl cavabını dizaynerin pərəstişkarlarından biri verib: "Alber, mən indi “Lanvin”-dən olan ipək paltarda özümü təhlükəsiz hiss edirəm". Dizaynerin sözlərinə görə, bu, onun ünvanına deyilmiş ən xoş komplimentlərdən biridir.

Bizə isə dizaynerin qadınların nə istədiyini duymaq qabiliyyətinə heyrətlənmək qalır. Bu gün müasir qadınlar dünyada hər şeydən çox hiss özünü müdafiə olunmuş hiss etmək istəyir. Ən təəccüblüsü odur ki, o, zərif cinsin nümayəndələrini necə qorumaq lazım olduğunu yaxşı bilir, işinin öhdəsindən layiqlə gəlir.

Təsadüfi deyil ki, bu gün “Lanvin” –in çoxsaylı pərəstişkarları arasında Hollivudun tanınmış simaları da var. 2009-cu ildə isə “Lanvin” qeyd-şərtsiz beynəlxalq status əldə edib. Məsələ ondadır ki, həmin ilin mayında Mişel Obama bu brendə aid olan yüngül lent və metal applikasiyalarla bəzədilmiş krosovkada ictimaiyyət qarşısında çıxış etmişdi. Tamaşaçıların diqqətini cəlb edən krosovkaların qiyməti 540 ABŞ dolları idi. Mişel Obamanın bu brendə aid krosovkalar geyinməsi onun populyarlıq qazanmasında böyük rol oynayıb. 2009-ci il dekabrın 4-də ABŞ-da, Florida limanlarından birində “Lanvin”-in ilk butiki açılıb.

Alber Elbazın vida məktubu...

Təəssüf ki, “Lanvin” fransız moda evinin yaradıcı direktoru Alber Elbaz ötən il 14 illik fəaliyyətdən sonra vəzifəsindən istefa verdi. Modelyerin istefasına səbəb kimi onun “Lanvin”-in icraçı direktoru Mişel Yiban və moda evinin indiki sahibi Şou-Lan Vonq arasında fikir ayrılığının yaranması göstərilmişdi. Onun yerini kimin tutacağı hələlik bəlli deyil.

Elbaz vida məktubu yazaraq, bu illər ərzində onunla çalışan hər kəsə, o cümlədən, markanın müştərilərinə və jurnalistlərə dərin minnətdarlığını bildirmişdi:

"Lanvin atelyesindən olan bütün möhtəşəm həmkarlarıma heyranlığımı bildirmək istəyirəm. “Lanvin”-ə onun layiq olduğu gələcəyi arzulayıram. İnanıram ki, o, gələcəkdə də Fransanın lüks moda evləri sırasında olacaq və rəhbərlik arzuladığı biznesi qura biləcək".

Bir çox mənbələr iddia edir ki, moda evinin rəhbərliyi ilə Elbazın münasibətləri son bir neçə ayda çox pis olub. Dizayner tayvanlı maqnatdan “Lanvin”-i şirkətin potensialını yaxşı kapitallaşdıra bilən bir adama satmasını tələb edirdi. Çünki brendin "zəif strategiyası" və zəruri investisiyaların olmaması onu qane etmirdi.

Belə görünür, böyük fransız moda evini yenidən çətin günlər gözləyir. Hələlik kreativ direktoru vəzifəsini kimin tutacağı məlum deyil, amma bir şey dəqiqdir: Alber erası moda tarixində silinməz izlər buraxdı.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm