• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

59 yaşlı müğənni: “Özümdən cavan sevgililərim olub” - FOTOLAR

  • Layihə
  • 11 Fevral 2016 15:45
  • 6 125 Baxış
59 yaşlı müğənni: “Özümdən cavan sevgililərim olub” - FOTOLAR

Onu "Beni hatırla" adlı mahnı məşhurlaşdırıb. Təkcə bu ifaya görə belə, türk musiqi tarixinə adını yazdıra bilən müğənni Ayşəgül Aldinç sonrakı illərdə də insanın ürəyinə toxunan möhtəşəm ifalara imza atıb. O, həm də aktrisa kimi fəaliyyət göstərib. Ancaq son illər o, səsindən, mahnılarından çox gözəlliyi ilə gündəmdədir. 59 yaşında olmasına baxmayaraq, hələ də cazibədarlığından heç nə itirməyən ulduzun gözəlliyini nəyə borclu olduğu hamını maraqlandırır. Jurnalist Ayşə Arman ötən ay "Sekiz" adlı yeni albomunu təqdim edən müğənnidən müsahibə alıb. Ancaq müsahibənin əsas mövzusu yeni albomundan çox, gözəlliyidir.

Cazibədar müğənninin yeni müsahibəsini Publika.az-ın "Şirin söhbət" layihəsində oxuya bilərsiniz.

- Sənə vermək istədiyim çoxlu suallar var. Ancaq ilk sualım bir az fərqli olacaq. Səncə, səndən ən çox soruşmağımı istədikləri şey nə ola bilər?

- Yəqin ki, gözəlliklə bağlı olar.

- Bəli! Səndən müsahibə alacağımı eşidən hər kəs bu gözəlliyi nəyə borclu olduğunu öyrənməyimi istədi.

- (Gülür) Hər halda genetika ilə əlaqəlidir. Təbii ki, həyat tərzinin də təsiri var.

- Sən də, bütün ulduzlar kimi "içmirəm, saat 22:00-da yatıram, idmanla məşğul oluram", deyəcəksən?

- Yox! İçki də içirəm, gec də yatıram, idmanla isə məşğul olmuram. Sadəcə, həddən artıq yeməməyə çalışıram. Əslində, bəzən çox yediyim də olur, sadəcə, ertəsi gün balansı qoruyuram. Tanınmasaydım da, özümə fikir verərdim. Lakin səhnədə olduğum üçün indi daha tədbirli olmağa məcburam. Heyranlarım məni həmişə baxımlı görməyə alışıblar və belə davam etməyimi istəyirlər.

- Bu çətin deyil?

- Zarafat edirsən? Dəhşət çətindir. İnsanın çiynində yükdür.

- Bəs necə bu qədər gənc, gözəl və seksual görünə bilirsən?

- Seksuallıq hisslərlə bağlıdır. Özünü seksual hiss edirsənsə, elə də görünəcəksən. Rəqəmlərə fikir vermirəm. Yaşımı tələffüz etmirəm, başqaları tələffüz edəndə də eşitməzliyə vururam.

- Yəni yaşı olmayan qadınsan?

- Eynilə. Artıq dünyada qaydalar, adət-ənənələr də dəyişib. Fikir ver, indi gənclər yaşlarından böyük, yaşlılar isə gənc görünürlər. Qəribədir.

- Üzün də möhtəşəm görünür. Botoks, dolğu, vitamin iynələrindən faydalanırsan?

- Texnologiyanın bəxş etdiyi nemətlərdən faydalanıram. Bütün bu sadaladıqlarını etdirmişəm. Ancaq mimikalarımı itirəcək dərəcədə botoks etdirmərəm. Bu mənada diqqətliyəm. Hər şey dozasında yaxşıdır.

- Bəs estetik əməliyyat?

- Yox. Hələlik, iynələrlə, vitaminlərlə, kremlərlə kifayətlənirəm.

- Daim gözəl qadın olmaq yorucu deyil?

- Çox yorucudur. Özünü marketə gedərkən belə baxımlı görünməyə məcbur hiss edirsən. Sevənlərini xəyal qırıqlığına uğratmaq istəmirsən.

- Yəni, sənin çirkin olmaq haqqın yoxdur.

- Həə. Bu çox narahatedicdir. Bu vəziyyət bütün həmkarlarım üçün keçərlidir. İndi yanında rahat ola biləcəyim, istədiyim qədər kökələ biləcəyim, makiyajsız gəzə biləcəyim, məni hər halımla sevən birini istəyirəm. Elə bir insanla yaşlanmalıyam.

- Bu günə qədər olan aşiqlərin səni hər halınla sevməyiblər?

- Birlikdə olduğum adamlar istər-istəməz müğənni, aktrisa Ayşəgül Aldinç kimi qəbul ediblər. Mən azad, ürəyi istədiyi kimi hərəkət edən, kişini dəyişməyə çalışmayan qadınam. Fərqli olduğumu düşünən kişilər əsl Ayşəgüllə tanış olanda "aa, bu, insan imiş" deyirlər. Məsələn, sadə bir qadını qısqanmağımı, bunu büruzə verməyimi mənə yaraşdırmırlar. Halbuki mən də qadınam, üstəlik, özümə hörmət etməyi niyə qısqanclıq kimi qəbul etdiklərini də bilmirəm. Sanki mənim yaşlanmağa, çirkinləşməyə, yorulmağa, hətta xəstə olmağa haqqım yoxdur. Məsələn, tanınmış jurnalistlər var ki, mənimlə bağlı köşə yazıları yazırlar. Halbuki, o adamlar da müəyyən yaş həddindədirlər. Böyük qarınlarına, tökülmüş, ağarmış saçlarına baxmadan bir qadın haqqında danışırlar. Qadını daim qüsursuz görmək istəyirlər. İnsanları yaşla vurmağa çalışmaq ayıbdır.

- Gözəlliyinin karyerandan ön planda olması səni narahat etmir?

- İlk illərdə narahat olurdum. Ancaq gördüyüm işlərin keyfiyyətinə inandığım üçün artıq belə məsələləri problemə çevirmirəm. Məni sevənlər bilir ki, keyfiyyətsiz layihədə olmaram. Yaxşı ki, gözəlliyin kifayət olmadığını, başımın içinin də doldurmalı olduğumu tez başa düşmüşəm.

-Səni Ajda Pekkan və Nəbahat Çehrə ilə müqayisə edirlər.

- İkisini də çox sevirəm, onlara hörmətim var. Ancaq nəzərə alın ki, mən onlardan gəncəm.

- Narahat olma, səni Penelope Kruza və Monika Belluççiyə də bənzədirlər.

- Bax onlar ola bilər. Onlarla müqayisə edin. Çünki qəribə də olsa, onlarla eyni fiziki xüsusiyyətlərə, eyni naz-qəmzəyə sahib olduğumu düşünürəm.

- Bildiyimə görə, eşq münasibətlərin uzun ömürlü olub. Hətta biri düz 20 il çəkib.

- 20 ildən də çox olub. Bəli, bütün münasibətlərim uzunömürlü olub.

- Bəs bir övladın olmağını arzulamamısan?

- Yox, istəməmişəm. Mən də "bu dünyaya uşaq gətirmək olar mı?" deyənlərdənəm. Övladım olsaydı, onunla əylənərdik, dost olardıq, gözəl tərbiyə edə biləcəyimə də inanıram. Ancaq heç vaxt istəməmişəm. Sənətimə mane olacaq deyə deyil. Sadəcə özüm də uşaq kimiyəm, hələ özümü böyütməklə məşğulam. Bəlkə də ona görə…

- "Necə oldu ki, bu adama aşiq oldum?" dediyin vaxtlar olub?

- Təbii ki, olub. Anam buna görə həmişə deyinir. Düşünəndə ona haqq qazandırıram. Bilirsən, mənə ən çox nə təsir edir? Bir adamın işində çox bacarıqlı olması… Birinə heyran oluram, sonradan bu hiss eşqə çevrilir. Bəzən də görürsən ki, həmin kişi sənə uyğun deyil, başqa dünyaların insanlarısınız, ancaq aranızda qəribə bir elektrik olur. Əvvəllər ancaq ürəyimin səsini eşidirdim, son vaxtlar daha məntiqli davranmağa çalışıram.

- Bu arada yeni albomunu təqdim etdin, xeyirli olsun. Özünü necə hiss edirsən?

- Yorğun və xoşbəxt. Albomun üzərində iki il yarımdır işləyirdik. Daha öncə heç əməkdaşlıq etmədiyim səkkiz sənətçi ilə işlədim. Dostlarım elə bilirdilər ki, keçmiş mahnıları yenidən səsləndirəcəm.

- Albomda kimlərin əməyi var?

- Kənan Doğulu, Göksəl, Mabel Matiz, Mor və Ötesi qrupundan Harun Tekin, Gökhan Türkmən, Yüksək Sadakat, Nada və Əflatunla işlədik. Bəziləri ilə duet oxudum, bəziləri sadəcə, "back vocal"də yer aldılar. Albomum bəyənilib, bu da məni sevindirir.

- Deyilənə görə, bu mahnıların sözləri keçmiş sevgililərə ünvanlanıb.

- Onu deyən kimdir, bilmirəm. Keçmiş sevgililər istəsələr, elə başa düşə bilərlər. Ancaq unutmasınlar ki, bu mahnıların sözlərini mən yazmamışam, sadəcə ifa etmişəm.

- Özündən gənc sevgililərin olubmu?

- Əlbəttə, olub. Niyə də olmasın? Dostlarımın da çoxu gənclərdir. Gənclər mənə yaxşı təsir edir.

- Ananız nə deyir bu vəziyyətə?

- Bu günə qədər həyatıma daxil olan heç bir kişini bəyənməyib (gülür). Anama heç kimi bəyəndirə bilmədim. Ən çox ona yanıram.

- Karyerana başladığın ilk gündən bəri anan sənə dəstək olub. Bu dəstək hələ də davam edirmi?

- Əlbəttə! Anam mənim ən böyük şansımdır. Allah onu başımdan əskik etməsin. Əgər bu gün maddi problemlərlə üzləşməmişəmsə, evim, maşınım, hər şeyim varsa, bunu anama borcluyam. Anam mənim "iqtisadiyyat naziri"m olmasa idi, bu gün burada ola bilməzdim.

- Səni Ayşəgül Aldinç edən qəbul etdiklərin idi, yoxsa rədd etdiklərin?

- Rədd etdiklərim! Şübhəsiz, qəbul etdiklərim də önəmli olub. Ancaq rədd etmək həmişə daha risklidir. Xüsusilə də, layihələri, külli miqdarda pulu rədd etmək asan deyil. Ürəyimə yatmayan təklifləri qəbul etsəydim, çox pulum olardı, ancaq gördüyünüz qadın ola bilməzdim.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR