27 yaşlı aktrisa: “Onunla öpüşməli olduğumu öyrənəndə…” – FOTOLAR
Bizi izləyin

Layihə

27 yaşlı aktrisa: “Onunla öpüşməli olduğumu öyrənəndə…” – FOTOLAR

O, Bərən Saat, Tuba Böyüküstün kimi cazibədar aktrisalara rəqib göstərilir. Bu gənc xanım tamaşaçıların ürəyini təkcə aktrisalıq bacarığı ilə deyil, səmimiliyi ilə də qazanıb. Söhbət ekranların yeni ulduzu, aktrisa Burcu Biricikdən gedir. "Hayat şarkısı" ("Həyat mahnısı") adlı serialla ekranlara qayıdan aktrisa "Hürriyet"ə maraqlı müsahibə verib.

Gənc aktrisanın müsahibəsi ilə Publika.az-ın "Şirin söhbət" layihəsində tanış ola bilərsiniz.

- Müsahibələrinizin birində demisiniz ki, "şəxsi həyatımda aqressivəm".

- Bəzən yaxın ətrafınıza qarşı kobud olursunuz. Çünki bu, asandır. Onsuz da sizi bağışlayırlar. Mən də arada cadugərə çevrilirəm (Gülür).

- Niyə belə edirsiniz?

- Uşaqlıqdan bəri işləyib öz pulumu qazanmalı olmuşam. Heç vaxt şahzadə kimi əzizlənməmişəm. Öz ayaqlarım üstündə dayanmışam. Anam, babam, nənəm, dayım və qardaşımla yaşamışam. Evdə həmişə sözüm keçib, evin atası olmuşam. Məktəb vaxtı da ətək geyinməyi sevmirdim, oğlanlarla oynayırdım.

- Valideynləriniz boşananda neçə yaşınız var idi?

- Çox balaca idim. Anam müvəqqəti işlərdə işləyirdi. Atamla heç görüşmədim. Bu, mənim seçimim idi.

- Bəs indi qarşılaşsanız, reaksiyanız necə olar?

- Həyatda nə olacağını heç kim bilmir. Ola bilsin ki, sərt reaksiya vermərəm. Nifrət etmirəm, baş verənlərdə heç kimi günahlandırmıram.

- Qırmızı xalıda yeriməyi arzulayırdınız?

- Səmimi deyirəm, heç vaxt elə bir niyyətim olmayıb.

- Olduqca sadə həyat tərzi keçirirsiniz, qalmaqallı eşqlərlə, sensassiyalarla işiniz yoxdur.

- Bəli, həyatım sıxıcı və monotondur. Maraqlı heç nəyim yoxdur. Ötən gün yenə müsahibə verirdim. Jurnalist dedi ki, "boş vaxtlarınızda nə edirsiniz, bizə bir az fərqli cavab verin". Heç nə deyə bilmədim, çünki həyatımda hər şey eynidir, fərqlilik yoxdur.

- "Hayat şarkısı" serialı ilə ilk dəfədir ki, baş rol akstrisası kimi qarşımızdasınız. Artıq güclü aktrisalara rəqib göstərilirsiniz. Ekranlarda gördüyümüz bir çox gənc və gözəl aktrisanın arasından seçilməyinizin səbəbi nə oldu?

- Maska taxmıram. Olduğum kimiyəm, Burcuyam. Aktrisa olduğum üçün özümü fərqli davranmağa məcbur etmirəm. Məsələn, dostlarım deyir ki, qazandığın pulları geyiminə-keciminə xərclə. Amma mən, sadəcə, kamera qarşısına keçəndə makiyaj edirəm.

- Ulduz olmaq üçün hər kəsin özünə məxsus hiyləsi var. Belə danışmaq da sizin hiylənizdir?

- Kaş bunu düşünərək edə biləcək qədər ağıllı olsaydım. Onsuz da kamera qarşısında oynamalı oluram. Heç olmasa, real həyatda özüm olum.

- İkiniz də yarışmadan çıxıb məşhurlaşdığınız üçün sizi Bərən Saatla müqayisə edirlər. Bunu necə qarşılayırsınız?

- Bu, mənim üçün nə müsbət, nə də mənfi bir nüansdır. Bərən Saatın aktrisalığını və gözəlliyini bəyənirəm. Ancaq onunla müqayisə edilmək nə xoşuma gəlir, nə də məni narahat edir.

- Seriallarda, adətən, ilk dəfə eşqə düşən qızı canlandırırsınız. Bəs özünüz ilk eşqinizi xatırlayırsınızmı?

- Xatırlayıram. 15 yaşım olardı, platonik eşq idi. Ancaq sonradan eşqim qarşılıq tapdı. Uşaq idim hələ, aşiqdən çox xəstəyə oxşayırdım. Utanırdım, qızarırdım, tərləyirdim. Böyüdükcə, bu məsumluq itir.

- Birkan Sokullu, Kərəm Bürsin, Şükrü Özyıldız kimi Türkiyənin ən yaraşıqlı aktyorları ilə tərəf-müqabil olmusunuz. Fanatları sizi qısqanırlar?

- Bildiyimə görə, Kərəm Bürsinin heyranları, xüsusilə qısqancdır. Onunla tərəf-müqabil olan aktrisaları çox qısqanırlar. Ancaq məni sevdilər. Yəqin ki, məni təhlükə olaraq görməyiblər (Gülür).

- İlk öpüşmə səhnənizi də Kərəm Bürsinlə çəkmisiniz. Belə səhnələrdə çətinlik çəkirsiniz?

- Təbii ki, çətindir. Mənim üçün öpüşmək adi bir şey deyil. Çünki reallıqda Burcu öpüşdüyü adama aşiq olan qadındır. Ona görə, rol üçün öpüşməli olduğumu öyrənəndə çox gərginlik keçirdim. Yaxşı ki, canlandırdığım obraz da utancaq və ürkək idi. Ancaq səhnəni çəkəndə bunun eynilə, dialoq qurmaq kimi bir şey olduğunu anladım.

- Heç nə hiss etmədiniz?

- Yox. O qədər insanın gözü qarşısında öpüşəndə nə isə hiss etmək mümkünsüz olur.

- Əmrə Yetkinlə iki ildir ki, sevgilisiniz. Münasibətiniz necə başladı?

- Əslində, 4 il öncə tanış olmuşuq. Dostumun qohumudur, sadəcə salamlaşırdıq. Daha sonra yaxınlaşmağa başladıq.

- Evlilik təklifi etdimi?

- Bəli. Ötən yaz Baliyə gedəcəkdik. Bütün tətilimizi planlaşdırdıq. Ancaq orada vulkan püskürdüyü üçün təxirə salmalı olduq. Heç bir plan qurmadan Şri-Lankaya getməyə qərar verdik. Orada bütün gün təpələrə dırmaşdıq, sonda dağın zirvəsində yerə diz çökdü, əlindəki qırmızı üzük qutusunu görəndə gözlərimə inana bilmədim. Həyəcandan cavab verə bilməmişdim. Ancaq sonradan təklifini qəbul etdim. Bu yay evlənəcəyik.

- Evləndikdən sonra öpüşmə, sevişmə səhnələrinə qarışacaqmı?

- Bizim sahədə işləməsə də, işi yaxşı bilir. O mövzularda problem yaşamırıq. Məndən 7 yaş böyükdür. Ona görə də, həmişə onunla məsləhətləşirəm.

- Eşq sizi dəyişdirirmi?

- Yox. Sevəndə axmaq olmuram.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm