Əfsanəvi aktrisa: “Mən elə qadın olmamışam”
Bizi izləyin

Layihə

Əfsanəvi aktrisa: “Mən elə qadın olmamışam”

Katrin Denyovu "Fransanın meqaulduzu" adlandırırlar. 1943-cü il Parisdə dünyaya gələn 67 yaşlı aktrisa artıq çoxdan dünya kinematoqrafının incisinə çevrilib.

Məşhur fransalı xanım Katrin Denyov “Grazia” jurnalına müsahibə verib.

Publika.az-ın “Kokteyl” layihəsi çərçivəsində aktrisanın müsahibəsini təqdim edirik.

- Son çəkildiyiniz filmin adı "Yeni məsləhət" maraq oyadır.

- Film dini mövzuda çəkilmiş komediyadır. Burada söhbət Allahın var olmasından gedir, o, çox təhlükəli tipdir. Brüsseldə yaşayır, həmişə kompüter arxasında oturub insanlara hər cür pislik etməyə çalışır. Qızı isə ona mane olmağa səy göstərir.

- Filmdəki obrazınızı təsvir edə bilərsiniz?

- O, gözləniməzliklərlə doludur. Məsələn, o, zooparkdan qorillanın birini götürüb onu öz yatağına uzandırır (gülür). Amma qalan epizodların hamısını nəql etməyəcəyəm, tamaşaçılar özləri baxıb görərlər.

- 50 il ərzində siz yüzdən artıq filmə çəkilmisiniz. Belə təəssürat yaranır ki, artıq rejissora ehtiyac duymursunuz.

- Yox! Onsuz da, mən yalnız öz bildiyimi edəcəyəm. Hər bir yeniliyi həyata keçirməyə cəhd etmək istəyirəm. Eyni tipli personajları oynamaq aktyor üçün böyük təhlükədir, ona görə də, mən hər bir rolun bənzərsiz olmasına çalışıram.

- Bu illər ərzində kino sahəsində nələr dəyişib?

- Hər şeydən əvvəl texnika dəyişib: kameralar bir az balacalaşıb, onlar indi daha çox funksionaldır. Hər şeyə öyrəşmək lazımdır. Etiraf edim ki, əvvəlcə mənə çox çətin idi, axı, aktyor müəyyən qaydalara öyrəşir. Bu gün isə kamera demək olar ki, lap sənin yanında dayanır.

- Bəs sizin fikrinizcə, filmin sujetləri nə dərəcədə dəyişib?

- Filmin sujeti reallığı əks etdirir. Müasir dövrdə çəkilən filmlərdə insanların yaşayışı, sevgisi, hissləri göstərilir. Son 30 ildə dünya çox dəyişib. Cütlüklər indi tez evlənir və asanlıqla ayrılır, qadınlar azad sekslə məşğul olur, çəkinmədən hamilə qalır, mobil telefonlar peyda olub, həmçinin, kinoda siqaret çəkmək olmaz. Əvvəllər kiminləsə əlaqə saxlamağın çətinliyi haqqında bir film çəkmək olardı...

- Bəs siz özünüz telefondan fəal istifadə edirsiniz?

- Əlbəttə, bəzən onsuz heç cür keçinə bilmirsən. Amma bir şeylə məşğul olanda, məsələn, şam yeməyi zamanı telefonu söndürürəm.

- Yəni, müasir texnologiyalar əsri xoşunuza gəlmir?

- Zənnimcə, selfi bayağılıqdır. İnsanların yaşamaq əvəzinə, başqalarının həyatına tamaşa etməsi dəhşətlidir.

- Hansı populyar aktrisanı bəyənirsiniz?

- Mənə elə gəlir ki, ingilislər özünəməxsusluğu qoruya biliblər, onlar daha qeyri-adidir. Keri Malliqan həmişə çox xoşuma gəlib, o, qırmızı xalını bənzəyən aktrisalardan biridir. Həmçinin, Naomi Uotts və Keyt Blanşet də favoritlərim siyahısındadır.

- Müsahibələrinizin birində demişdiniz ki, müasir film ulduzları yoxdur. Nəyi nəzərdə tutursunuz?

- Məşhur şəxsiyyətlər insanlara həmişə sirli görünüb, rəqəmsal dövrün əvvəlində isə o sirr yoxa çıxıb. Əvvəllər biz yalnız xüsusi tədbirlərdə heyrətamiz görünürdük, indi isə biz daim baxımlı olmalıyıq.

- Bizim vaxtımızda başlayan aktrisaların yerində olmaq istərdiniz?

- Yox. Bu gün kino sənayesi moda ilə daha çox bağlı olub, hamı super modellər kimi görünməyə can atır, nəticə etibarı ilə onlar özünəməxsusluğunu itirir. Mən heç vaxt indiki aktrisalardan tələb olunan kimi arıq olmamışam. Əlbəttə, müəyyən məsələlərdə özünü xeyli dərəcədə məhdudlaşdırmaq olur, amma mən amerikalı deyiləm, kalorilər məni narahat etmir və idman zalına da getmirəm.

- Və əvvəlki kimi siqaret çəkirsiniz?

- İdeal insanlar mövcud deyil, düz demirəm? Bu da mənim tərgidə bilmədiyim vərdişimdir.

- Buna baxmayaraq, gözəl formada qalmısınız. Bunu nə ilə izah edərdiniz?

- Bağçılığa və nəvələrimə borcluyam. Mən ailəyə bağlı insanam, onlarla daha çox vaxt keçirirəm. Əlbəttə ki, tamamilə işsiz də qala bilmərəm. Əgər insan özünü, məsələn, kino və ya ədəbiyyata həsr edirsə, bu ona güc verir, hətta həyatı tamamilə boş olsa belə... Daimi çəkilişlərin məni gənc saxladığını deyə bilmərəm, amma həyat eşqimi artırdığını və ya enerji verdiyini dana bilmərəm. Və bir də, anamın verdiyi iki məsləhətə həmişə əməl etməyə çalışıram: Daha çox su içmək və günəş şüalarından qaçmaq.

- Bir çox dizaynerlər indiyə qədər sizi öz ilham pərisi hesab edir. Geyim sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

- Uzun müddət İv Sen-Loranla işləyirdim, amma onu dost adlandırmaq daha doğru olardı. Əlbəttə, hər bir aktrisa kimi gözəl geyməyi sevirəm, bu səbəbdən, çəkilişlərdə geyimləri daim dəyişməyə adət etmişəm. Böyük ayaqqabı kolleksiyam var. Keyfiyyətli və düzgün dabanlı ayaqqabı seçmək çox vacibdir. Bilirsiniz, bəzən mənə deyirlər: "Sizi cins şalvarda təsəvvür etmək mümkün deyil". Mən isə düşünürəm: "Niyə də yox?”

- Hələ 1968-ci ildə ABŞ jurnalı sizi "Dünyada ən gözəl qadın" adlandırıb. Bu statusdan sonra başqa qızların sizə münasibətini necə oldu?

- Problem olmadı. Mən heç vaxt başqa qadınları ələ keçirən, bədbəxtlik gətirən qadın olmamışam.

- Sarışın olmağa necə qərar verdiniz?

- Çoxları deyir ki, saçımın rəngini dəyişməyə məni keçmiş həyat yoldaşım məcbur edib. Ancaq bu, doğru deyil. Mən özüm üçün eksperiment etməyə qərara verdim və xoşuma gəldi. Yeni saç stilim məni xoşbəxt etmişdi.

- Bəs sizcə, xəyallarınızdakı kişi hansı keyfiyyətlərə malik olmalıdır?

- Asan xasiyyətli. Mən şən adamlarla yaşamağı sevirəm!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm