• USD 1,7000 0,00% EUR 1,8799 0,00%
    • GBP 2,1349 0,00% RUB 0,0265 0,00%

Məhəbbətdən doğan böyük dəb imperiyası - FOTOLAR

  • Layihə
  • 17 Fevral 2016 17:45
  • 2 714 Baxış
Məhəbbətdən doğan böyük dəb imperiyası - FOTOLAR

“Escada” yüksək keyfiyyətli məhsulları ilə seçilən beynəlmiləl, lüks, həmçinin, dünyanın ən tələbkar xanımlarının rəğbətini qazanmış dəbdəbəli moda şirkətidir. Dünya şöhrətli brendin tarixi 1976-cı ildən başlayır. Alman markasının yaradıcıları Marqareta və onun həyat yoldaşı Volfqanq Leydir.

Məhəbbət nələrə qadirdir?

“Escada”nın uğur tarixi gözəl Marqareta xanımın dinamik və əlçatmaz arzularını həyata keçirməyə hazır olan bir adamla - Volfqanq Leylə görüşündən sonra başlayıb. Onlar bir-birini sevirdi. Lakin bu cütlüyü bir-birinə sevgidən başqa, işgüzar əlaqələr birləşdirirdi. Belə ki, Marqareta və həyat yoldaşı Volfqanq möhkəm ailədən savayı, biznesdə əsl məğlubedilməz komanda yaradaraq onu “Escada” adlandırdı.

Volfqanq Ley “Escada”nın satış, maliyyə, istehsal və marketinq məsələləri ilə məşğul olur, Marqareta Ley isə dünyada “Escada üslubu” kimi adlandırılan dizayn konsepsiyalarını işləyib hazırlayırdı.

Məşhur model olan Marqareta moda aləminin bütün incəliklərini bilirdi. O, incə zövqə malik idi və bu məsələdə hər detala diqqət yetirirdi. Volfqanq isə uğurlu iş adamı kimi bu sahədə arvadının istedadına bələd idi. O, xanımına etibar etməkdə itirmədi. Əksinə, həyat yoldaşı onun etimadını doğruldaraq böyük bir moda imperiyası yaratdı.

Moda evi yarandığı andan etibarən müxtəlif dövrlərdə çətinliklərlə qarşılaşıb. Buna baxmayaraq, mövcud olduğu 40 il ərzində öz şöhrətini qoruyub saxlaya bilib.

Publika.az-ın “Brendlərin tarixi” layihəsi çərçivəsində bu həftə “Escada” moda evindən bəhs etmişik.

Deyilənlərə görə, şirkətin adını Marqareta və Volfqanq evlənməyə hazırlaşdığı ərəfədə fikirləşib tapıblar. Cütlük cıdır yarışında olarkən Eskada adında İrlandiya cins atı onlara uğur gətirmişdi. Moda evinin yaradıcıları onlara uğur gətirən atın şərəfinə bu adı seçmək qərarına gəlib.

Moda evinin inkişafı

“Escada” moda dünyasında qısa zaman kəsiyində tanınmaq üçün orijinal ideya axtarışında idi. O illərdə idman geyim üslubu yeni-yeni bazara daxil olurdu.

Moda evinin yaradıcıları fəaliyyətə bu geyimlərin istehsalı ilə başlamağa qərar verdi. 80-cı illərin əvvəllərində Marqareta və Volfqanq cütlüyünün zərif və bahalı idman geyimlərini dünyaya təqdim etmək cəhdləri uğurla qarşılandı. O vaxt idman geyimlərini təkcə idmançılar geyinirdi. Marqareta isə yüksək təbəqənin nümayəndələri üçün bu geyim üslubunu daha gözəl, eleqant etmək istəyirdi.

“Escada” moda evinin hazırladığı idman geyimlərinin ahəngi çox fərqli idi: Çəhrayı ilə narıncının, göylə yaşılın oyunu çox maraqlı görünürdü. Geyimlər həcmli şəkil və naxışlarla bəzədilmişdi.

Marqareta və Volfqanq Leyin biznesi idman geyimlərinin istehsalı ilə başladı. On ildən sonra isə “Escada” brendi müxtəlif geyim və aksessuarlar buraxdı. Bir qədər sonra brend alıcılarını toxuma və trikotaj geyimlərlə sevindirdi.

Xanımlar dəbdəbə və zərifliyin vəhdət təşkil etdiyi geyimləri böyük həvəslə alırdı.

Yeni şirkət ilk növbədə, rəng və parça seçimində kreativ yanaşma sayəsində lüks brendlər siyahısına daxil oldu. Həmin illərdə brendin dizaynları digər moda evlərinin işlərindən xeyli fərqlənirdi. Marqareta Ley ilk dəfə olaraq yeni materialların kombinasiyalarını və qeyri-adi rəng oyunlarını tətbiq edirdi, halbuki modelyerlərin əksəriyyəti o illərdə ənənəvi qara rəngə üstünlük verirdi. Bundan başqa, Marqareta dizaynerin öz istedadını tamamilə nümayiş etdirməsinə qarşı idi. Kreativlik isə bazar tələbatını ödəmək üçün ən yaxşı çıxış yoludur.

Şirkət qeyri-adi, klassik, romantik və parlaq ideyaların son dərəcədə gözəl palitrasından istifadə edərək, ildə iki dəfə lüks dərəcəli ən təsirli kolleksiyalarla müştəriləri sevindirirdi. Eksklüziv xətlərin dəbdəbəli axşam paltarları ən tələbkar müştərilərin xüsusi meylinə səbəb oldu və onlar zəriflik, gözəllik və yüksək modanın simvoluna çevrildilər. Marketinq dahisi Volfqanq Leyə bir neçə inqilabi ideyalar məxsusdur və onlar bu gün praktiki olaraq, bütün dünya modasında tətbiq edilir. O müəyyən etmişdi ki, “Escada”nın marketinqi üçün ən vacib məsələ xidmət keyfiyyətidir. Geyim və aksessuarlar keyfiyyətdə bir nömrə olduğu üçün heç zaman reklama ehtiyac duymayıb. Yeri gəlmişkən, bu məhsulları hər kəs özünə rəva görə bilməz. Moda evinin məhsulları elit təbəqənin ehtiyacını ödəməyə hesablanıb, çünki yüksək keyfiyyət ənənəvi olaraq, yüksək qiymətlərlə müşayiət olunur.

Beynəlxalq dərəcəli brend

Markanın daha çox populyar olması üçün savadlı biznesmen Volfqanq bütün dünyada butiklər açdı. Marqareta öz növbəsində hər bir ölkənin milli xüsusiyyətlərini nəzərə alaraq unikal kolleksiya yaratdı. Bunun üçün o, planetin müxtəlif guşələrindən olan rəssam və dizaynerlərin əməkdaşlığa dəvət etdi.

XX əsrin səksəninci illərində ümumdünya bazarında yüksək keyfiyyəti ilə seçilən alman dəbdəbəsinə böyük maraq vardı. 1980-cı illərin ortalarında bredin mağazaları Almaniyanın hüdudlarından kənarda, Avropanın böyük şəhərlərində, həmçinin, ABŞ və Yaponiyada fəaliyyətə başladı. Bu gün dünyanın 50-dən çox ölkəsində “Escada Group”un mağazaları fəaliyyət göstərir.

Volfqanq Ley böyük bir dəb imperiyasının yaradılması məqsədilə 1986-cı ildə şirkətin səhmlərini fond bazarında satışa çıxardı. Bu addım şirkətin genişləndirilməsi üçün zəruri olan kapitalı əldə etməyə imkan vermişdi.

Marqaret Leydən sonra şirkətin inkişafı

Marqaret Ley dünyasını dəyişənə (1992-ci il) qədər şirkətin aparıcı dizayner vəzifəsini tutub. Onun ölümü ilə maliyyə böhranının başlaması üst-üstə düşdü. Bu da firmaya itkilər bahasına başa gəldi. Şirkət öz payını satmağa, istehsalını azaltmağa, eləcə də, bir neçə ölkədəki mağazalarını bağlamağa məcbur oldu. Bir müddət sonra “Escada Beaute” “Wella AG” alman şirkətinin lisenziyası ilə satıldı, “Laurel” brendi isə “Escada” qrupundan ayrıldı.

Marqareta Leyin ölümündən sonra şirkətin kreativ direktoru vəzifəsinə Mixael Ştolçenburq təyin olundu. Mixael öz gəlişi ilə şirkəti canlandırdı. O, gənclər üçün yeni geyim xətlərinin inkişaf perspektivlərini təklif etdi.

Ətirlərin istehsalı

1993-cü ildə “Escada” ilk ətrini təqdim etdi. O vaxtdan bəri moda evinin hər yay kolleksiyası ilə birgə onun formatına və süjetinə uyğun olan yeni ətir çıxır. Hər bir yay kolleksiyası üçün xüsusi mövsüm ətrinin buraxılması şirkətin daha bir heyrətləndirici ideyasıdır və bu ətirlər yaradılmış əşyaların üslub və xarakterini tam şəkildə ifadə edir.

Brendin ilk qadın ətri 1990-cı ildə buraxıldı. Onun kompozisiyası giasintlərin zərif ətri əsasında düzəldilib, bu güllər isə Marqaretə İsveçrədə keçirdiyi uşaqlıq dövrünü xatırladırdı. Ətirlər də “Escada”nın məşhurlaşmasında əvəzsiz rol oynayıb.

1994-ci ildə Mixael Ştolçenburqun ölümü moda evinə daha bir zərbə vurdu. Ondan sonra kreativ direktoru vəzifəsinə Tod Oldham təyin olundu. O, şirkətin inkişafı ilə bağlı fikirlərini təklif etdi, elə həmin il müstəqil loqo altında “Escada Sport” idman xətti işə salındı. Hazırda “Escada Sport” adı altında idman geyimləri, aksessuarlar daxil olmaqla, çanta və ayaqqabılar buraxılır. Bundan başqa, “Escada Sport” “Procter & Gamble” kimi böyük şirkətlərlə əməkdaşlıq edir.

90-ci illərin sonlarında firmanın mağazalarında “Airess” lisenziyası ilə şirkətin yeni eynək kolleksiyası yarandı. Bir qədər sonra “Escada” alt paltarı, ayaqqabı, qalstuk, şərf və digər aksessuarlar xəttini yenilədi.

2000-ci illərdə şirkətin dünya üzrə təxminən 375 mağazası fəaliyyət göstərirdi. İndiyə qədər “Escada” dünyada hazır geyim satışı üzrə ixtisaslaşmış moda evlərindən biri sayılır. 2004-ci ildə şirkət uşaqlar üçün geyim xəttini buraxdı. Lakin daxili münaqişələr şirkətin maliyyə vəziyyətinə mənfi təsir edirdi və bu münaqişələr 2008 ildə şirkətə böyük zərərlər bahasına başa gəldi. 2009-ci ilin 11 avqust tarixində şirkət müflis olduğunu elan etdi. Brendi 2009-ci ilin noyabrında Londonda yaşayan hindistanlı milyarder Lakşmi Mittal aldı. Ən maraqlısı odur ki, milyarder iki almanın yaratdığı böyük dəb imperiyasını öz gəlini Mittal Meqxi üçün əldə etdi.

Yaşadığı çətinliklərə baxmayaraq, “Escada” mövcud olduğu illər ərzində hər bir moda evinin arzuladığı uğura nail olub və özünün xüsusi üslubunu yarada bilib. Şirkətin bu çoxillik uğurunun sirri haqqında Volfqanq Leydən soruşduqda o, həmişə belə cavab verir:

“Hər şeyi dörd sözlə izah etmək olar: rəng, qeyri-adilik, keyfiyyət, fason”. Məhz bu prinsiplər bu günə qədər markanın özəyini təşkil edir.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR