Kübar qadınlar özünü onlarsız təsəvvür edə bilmir – VİDEOLAR
Bizi izləyin

Layihə

Kübar qadınlar özünü onlarsız təsəvvür edə bilmir – VİDEOLAR

Məşhur dizayner Koko Şanelin ideyaları qadın rahatlığı üçün nəzərdə tutulan detallardır. Hansı ki, kübar qadınlar qarderobunu onlarsız təsəvvür belə edə bilmir. Bunlardan biri də yarım əsrdən çoxdur ki, populyarlığını itirməyən 2 rəngli tuflilərdir.

Publika.az-ın “Moda inqilabları” layihəsinin bu sayında dəb həvəskarlarını Koko Şanelin yaratdığı ikirəngli ayaqqabı modelinin yaranma tarixi ilə tanış edəcəyik.

Koko Şanelin əfsanəvi tufliləri necə yarandı?

1950-cı illərin ortalarında əfsanəvi Koko Şanelin dəbə gətirdiyi orijinal və məşhur sırıqlı çantalar, qara qısa don, tvid parça çoxdan ölməzlik statusu qazanıb. Qüsursuz siluetin başa çatdırılması üçün cəmi bir detal - ideal ayaqqabı çatışmırdı. 5 sm-lik dabanı olan, qara burunlu, arxa hissəsi açıq tuflilər bu rolu öz üzərinə götürdü. Bununla da, Koko Şanel qadın qarderobunun bazasını yaratmaq missiyasını başa çatdırdı.

Öz yaradıcılığında qadının cəlbediciliyini artırmağa çalışan Şanelin fikrincə, ikirəngli yeni ayaqqabı ayağı vizual olaraq bir qədər uzadır. Üstəlik, əlverişliliyi ilə seçilən bu model istənilən paltarla ideal görünür. Alçaq dabanlar isə ayağa rahat hərəkət etməyə imkan verir.

Zoluşkanın yeni başmaqları

Təəccüblü deyil ki, mətbuatda “Chanel”-in ikirəngli ayaqqabısı “Zoluşkanın yeni başmağı”, yaxud “zərifliyin yeni etalonu” kimi tanınır. Yeri gəlmişkən qeyd edək ki, bu modellər yaranana qədər qadınlar obrazı ancaq birrəngli ayaqqabı ilə tamamlayırdılar. İkirəngli “Chanel” ayaqqabılar isə dəbə özü ilə birlikdə yeni qaydalar gətirdi. Çünki dəbdə olan qaydaları pozmaq Koko Şanelin ən çox sevdiyi məşğuliyyəti idi. Heç modapərəstlər də yeni qaydaların əleyhinə deyildi. Yeni modeli geyinmək hüququ uğrunda Katrin Denyov, Romi Şnayder, Bricit Bardo, Ceyn Fonda və başqa tanınmışlar növbəyə düzülürdülər.

Xidmət personalının qara burunlu ayaqqabılarından ilham aldı

Qara burunlu bej ayaqqabıların yaranması haqqında bir neçə versiya var. Deyilənə görə, madmazeli ikirəngli tufli yaratmağa Vestminster hersoqunun yaxtasındakı xidmət personalının qaraburunlu ayaqqabıları həvəsləndirib. Başqa bir versiyaya görə, Koko Şanel 19-cu əsrdə məşhur olan ikirəngli klassik kişi ayaqqabılarından ilhamlanıb. Şanelin ideyasını məşhur ayaqqabı ustası Raymond Massaro məharətlə reallaşdırıb.

4 cüt ayaqqabı ilə dünyanı dolaşar

Sonradan Koko Şanel ikirəngli ayaqqabıları müxtəlif variantlarda çıxartdı. Dizayner öz əsəri barədə fəxrlə bildirirdi:

“Özümlə cəmi dörd cüt ayaqqabı götürərək dünyanı gəzə bilərəm”.

Qısa müddətdə kübar xanımların əvəzedilməzinə çevrilən həmin ayaqqabılarla bağlı eksperimentlər davam edir, ildən-ilə yeni modellər istehsal olunurdu. İkirəngli tuflilərin gah burnu uzunsov, gah dar, gah kobud, gah da biləkdən bağlanan variantları satışa çıxarılırdı. Sözsüz ki, bu ayaqqabılar təbii dəridən hazırlanırdı. 1960-cı illərdə məşhur “Chanel” tuflilərin dabanı kvadrat formada olanı, bir-iki il sonra tamamilə qapalı, 1966-cı ildə qaytanla bağlanan modelləri çıxıb.

İkirəngli tuflilərin cazibəsi

Moda evinin hazırkı dizayneri Karl Legerfeld öz vəzifəsinə başladığı andan etibarən markanın ayrılmaz hissəsi olan ikirəngli tuflilərin yeni-yeni modellərini yaradaraq müştərilərini sevindirib. Məsələn, 1986-ci ildə qaraburunlu ayaqqabılar rahat baletka formasını almışdı. 1994-cü ilin yaz-yay kolleksiyasında Lagerfeld onların ağ-qara variantını təqdim edib. 2005/06-cı ilin payız-qış kolleksiyasında isə modellər podiuma qaraburunlu ağ çəkmələrdə çıxmışdılar. Bir neçə il əvvəl isə ikirəngli tuflilərin kətan parçadan tikilən altı düz modelləri dəb gündəmini zəbt etdi.

Onlar podiuma belə qayıtdı

2015/2016 payız-qış kolleksiyasının nümayişi zamanı bəlli oldu ki, Karl Lagerfeld bu tufliləri podiuma qaytarır. Ötən ildən bəri sanki ikinci həyatını yaşayan dəyirmi burunlu, klassik kvadrat dabanlı və arxası açıq tuflilər demək olar ki, bütün dəb ilahələrinin qarderobuna yol tapıb. Dəb tənqidçilərinin fikrincə, bu il klassik ikirəngli modellərin yerini, tanketka tuflilər tutacaq. Belə ki, Karl Lagerfeld “Chanel”in yeni kolleksiyasında brendin arxası açıq, məşhur ağ-qara tuflilərini bir qədər fərqli formada təqdim edib. Burnu qara olan ağ ayaqqabılar yeni kolleksiyada tanketka şəklində qarşımıza çıxır.

Onun miras qoyduğu ayaqqabıları gecə də soyunmaq istəmirlər

Yarım əsrdən çoxdur ki, Şanelin xanımlara miras qoyduğu ikirəngli ayaqqabılar dəbdən düşmür, onlar hələ də müasir qadın qarderobunun universal predmeti olaraq qalıb. Ən maraqlısı odur ki, modapərəstlər onları səhərlər böyük həvəslə geyinir, axşamlar isə ayrılmaq istəmirlər...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm