Uzun ayaqlı modelin dünyaya səs salan gözəlliyi – FOTOLAR
Bizi izləyin

Layihə

Uzun ayaqlı modelin dünyaya səs salan gözəlliyi – FOTOLAR

Karli Kloss modellik karyerasına 14 yaşında başlayıb.

İlk dəfə "Scene Magazine" jurnalı üçün kamera qarşısına keçdikdən sonra bəxti gətirib və məşhur model agentliklərindən olan "Elite" ilə müqavilə bağlayıb. Daha sonra ABŞ-ın ən çox sevilən brendlərindən olan "Abercrombie" üçün modellik edib. 2008-ci ildə agentliyini dəyişdirdikdən sonra karyerasının ən uğurlu dövrlərindən birinə addım atıb. O, Milan, Paris və Nyu-York moda həftələrində "Alexander McQueen" və "Dolce&Gabbana" kimi nüfuzlu moda evlərinin dəfilələrinə çıxıb.

Karlini məşhurlaşdıran heç şübhəsiz qüsursuz gözəlliyi və dünyada ən uzun ayaqlara sahib olmasıdır. Ayaqlarının uzunluğu 1.20 santimetr olan Karlinin boyu 1.85 santimetrdir. Lakin Karli Kloss gözəl olmaqla kifayətlənməyib dəbli və şıq görünməkdən də geri qalmır. Dünyanın ən yaxşı 30 modeli arasında göstərilən Karli dəb ilahəsi, minlərlə qadına ilham verən stil ikonası hesab edilir. Bu cazibədar xanımın stil və gözəllik sirlərini öyrənmək istəyirsinizsə, diqqətiniz Publika.az-ın "Onların stili" layihəsində olsun.

Dostla öpüşə görə, "mələk" qanadlarını itirdi…

25 yaşlı Karli Kloss karyera pillələrində çox sürətli yüksəlib. O, "Elie Saab", "Dior", "Alexander McQueen", "Saint Laurent", "Marc Jacobs", "Louis Vuitton", "Hermes" kimi dünyaca məşhur brendlərin siması olub. Dəfələrlə "Vogue" jurnalının üz qabığına çıxıb.

Ancaq bütün bu uğurlarına baxmayaraq, çoxları onu "Victoria's Secret" mələyi kimi tanıyıb. Təəssüf ki, Karlinin bu brendlə əməkdaşlığı uzun müddətli olmayıb. Gözəl model təhsilinə davam etmək istədiyini bəhanə gətirsə də, deyilənlərə görə, bu ayrılığın səbəbi onun yaxın dostu Teylor Sviftlə öpüşməsi olub. Nəticədə şirkət lezbiyan münasibət yaşayan gözəllə əməkdaşlığa davam etmək istəməyib.

Hər fürsətdə yaxın dost olduqlarını dilə gətirən Teylorla Karlinin münasibətləri isə hələ də dünya mediasının gündəmindən düşmür. Bir-birlərinə əkiz qədər bənzəyən bu gözəllər hətta bir ara eyni evdə yaşayıblar. Buna baxmayaraq, sevgili olduqlarını həmişə inkar ediblər.

Yoq, balerina, boksçu və xeyriyyəçi…

Karli Klossu digər modellərdən fərqləndirən ən böyük xüsusiyyətlərdən biri də onun idmana olan düşkünlüyüdür. Uşaqlıq illərindən etibarən baletlə məşğul olan Karli incəliyini və zərifliyini bununla əlaqələndirir. O, indi həm fiqurasını qorumaq, həm də sağlam qalmaq üçün plates, qaçış, boks kimi idman növləri ilə məşğul olur, yoqaya vaxt ayırır. Pəhriz saxlamır, sadəcə sağlam qidalanır. İddialı qarın əzələləri onun idmanı çox sevdiyinin sübutudur.

Gözəl model bütün bunlardan vaxt tapanda isə yemək bişirməyi, aşpazlığı çox sevir. Bunun sübutu isə satışa çıxardığı qurabiyələridir. Belə ki, bundan bir neçə il öncə öz brendini yaradaraq faydalı inqredientlərlə dolu qurabiyələr satmağa başlayıb. Əsas müştərisi də modellərdir. Qurabiyələrdən gələn gəlir isə müxtəlif xeyriyyə qurumlarına bağışlanır.

Qırmızı xalıya ən çox yaraşan qadın

Bəlkə də Karlinin yerində başqa qadın olsa, gözəlliyinə güvənib əlinə nə keçsə, geyinər və dəbli görünmək haqqında düşünməz. Ancaq Karli Kloss modelin daim şıq görünməli olduğunu düşünür. O, deyir ki, "Podiuma çıxır və qadınlara gözəl, dəbli görünməyin önəmli olduğunu təlqin ediriksə, deməli, zövqsüz görünmək haqqımız yoxdur".

Karli geyimdə ən çox qara və qırmızı rənglərə üstünlük verir. Saçları sarı olduğu üçün bu rənglər ona çox yaraşır. Maksi libasları çox xoşlayır. Bədənində ən diqqətçəkən yer ayaqları olduğu üçün aşağı hissəsi şəffaf tül olan və ya yarıqlı libaslar seçir. Kürək dekoltesinə də tez-tez müraciət edir. Sinə ölçüsü kiçik olsa da, burada da dekoltedən vaz keçmir. Ancaq diqqət etdiyi əsas nüans bir geyimdə sadəcə bir dekoltenin olmasıdır.

Qara və qırmızı ilə yanaşı, bej, xaki, solğun qəhvəyi, solğun mavi və çəhrayı çalarları da Karlinin üzərində vaxtaşırı görürük. O, birrəng geyinməyi xoşlayan ulduzlardandır. Çiçəkli, naxışlı geyimlər ona görə deyil. Feminist olduğunu hər fürsətdə dilə gətirən ulduz geyim stilində də bunu əks etdirir. Çox dəbdəbəli geyimlərdən, lazımsız aksessuarlardan uzaq durur. Parıltılı, daş-qaşlı aksesuar və geyimlər onun zövqüncə deyil.

Valehedici baxışlar…

Karli, sadəcə geyimdə deyil, eləcə də, makiyajda qırmızı rəngdən vaz keçmir. Həqiqətən də, ona qırmızı dodaq boyası çox yaraşır. Gözəl model istər qırmızı, istərsə də, bej rəngli dodaq boyası çəkəndə sadəlikdən kənara çıxmamağa çalışır. Gözlərinə, demək olar ki, sadəcə, layner və tuş çəkir. Mavi rəngli gözləri onsuz da ön planda olduğu üçün onları xüsusi vurğulamağa ehtiyac hiss etmir.

Yaxın dostdan ilhamlanan saç stili

Karlinin saç kəsimi və rəngi Teylor Sviftin saç tərzi ilə oxşarlıq təşkil edir. Karlinin saçları, adətən, qısa olur. Rahatlığı sevdiyi üçün tez hazırlanan, saç lakına və ya saç feninə ehtiyac duymadan əldə edilə bilən modellərə üstünlük verir.

Cəsur gözəl gündəlik həyatda…

Cazibəddar modelin küçə stili də diqqətə layiqdir. Sadə, klassik kəsimli geyimlərə üstünlük verən Karli babet ayaqqabılardan vaz keçmir. Çox vaxt da idman stilinə yaxın geyinir və stilini idman ayaqqabısı ilə tamamlayır. Enlibalaq cinslər vazkeçilməz geyimlərindəndir. Soyuq və solğun rənglər seçir, sadə saç və makiyajı ilə yaşına uyğun obraz yaradır.

"Gözəllik nisbidir…"

Karlinin gözəlliyindən, şıq stilindən çox bəhs etdik. Bəs, görəsən, o, bu haqda nə düşünür?

Ulduzun fikrincə gözəllik nisbidir və bütün diqqət görkəmə həsr edilməməlidir:

"Gözəllik çox qəribə məfhumdur. Çünki nisbidir. Ölkədən ölkəyə gözəllik anlayışı dəyişir. Məsələn, uzun və nazik boyun Afrikada gözəllik simvoludur. Özümü daha çox xeyriyyəçilik aksiyalarına qoşulanda gözəl hiss edirəm".

Karli belə desə də, gözəl və sağlam görünməkdən vaz keçmək fikrində deyil. Onun aşağıdakı məsləhətləri sayəsində siz də həyatınızı dəyişə bilərsiniz:

"Həftənin 5 günü idman edirəm. Darıxmamaq üçün müxtəlif idman növlərini qarışdırıram. Rəqs isə mənim həyatımın mərkəzindədir. Bədənimlə ruhumu rəqs sayəsində tarazılıqda saxlayıram. Sağlam qidalanıram və normaya uyğun yuxu rejimim var. Yatmazdan öncə 1 stəkan limon şirəsi qatılmış və ya sadə su içirəm. Bu orqanizmi toksinlərdən təmizləməyin ən asan yoludur. Məncə, qadın hər halı ilə gözəldir. Anam və 3 bacımla böyümüşəm. Düzdür, atam çox yaxşı insandır, ancaq evin yükünü biz çəkmişik. Anam çox güclü qadındır. Düşünürəm ki, qadınlar çox mükəmməl qabiliyyətlərə sahibdirlər. Həmin bacarıqlar kişilərdə yoxdur. Odur ki, 2-3 kilo çəkini dərd etməyin, 3-5 qırışın dərdini çəkməyin. Özünüzü sevin".

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm