• USD 1,7000 0,00% EUR 1,8725 -0,17%
    • GBP 2,1844 -0,09% RUB 0,0265 -0,38%

“Kurtlar vadisi”nin Məmatisi: “Mafiya başçısı da olaram, transseksual da” – FOTOLAR

  • Layihə
  • 29 Fevral 2016 11:15
  • 2 957 Baxış
“Kurtlar vadisi”nin Məmatisi: “Mafiya başçısı da olaram, transseksual da” – FOTOLAR

Bəzi rollar, sözün əsl mənasında, aktyorun üzərinə yapışır. Hətta bəzən əsl adı unudulur, hamı onu canlandırdığı obrazın adı ilə xatırlayır. Bu taleyi yaşayanlardan biri də aktyor Gürkan Uyqundur. Biz onu məşhur "Kurtlar Vadisi"nin "Məmati"si kimi tanıyırıq. Ancaq o, adı çəkilən serialdan öncə də bir çox rola çəkilib, həyatını sənətinə həsr edib. Ömrünün çox hissəsi teatrlarda keçib.

Son günlər "Geym of Bizans" filmindəki Qazi Maqosa obrazı ilə danışılan Gürkan Uyqun "Hürriyət"ə maraqlı müsahibə verib.

Yaxında yeni seriala başlayacağını deyən Gürkan Uyqunun real həyatda nə qədər əyləncəli, ailəcanlı, zarafatcıl insan olduğunu öyrənmək istəyirsinizsə, Publika.az-ın "Şirin söhbət"ini diqqətdən qaçırmayın.

- Ordulusan?

- (Gülür) Sağ olsun, kimsə internetdə belə bir məlumat paylaşıb. Gürcü əsilli sakaryalıyam. Ancaq İzmitdə dünyaya göz açmışam.

- Aktyor olmağa da İzmitdə qərar vermisən?

- Hələ litsey illərində könlüm teatrda olub. Həvəskar teatrlarda fəaliyyət göstərirdim. Daha sonra İstanbulda konservatoriyaya daxil oldum. Yıldız Kentər və Haldun Dormen kimi ustalardan dərs aldım. Mətin Serezli də daxil olmaqla bir çox dəyərli insanın tələbəsi oldum. Teatr üslubunu, aktyor əxlaqını onlardan öyrəndim. Belə şəxsiyyətlərin tələbəsi olmaq ən böyük şansım idi.

- Eşitdiyimə görə, indi də evdə iki müəllimin var.

- Hə, övladlarım həyatımı dəyişdirdi. İki övladım var: qızım 7, oğlum isə 5 yaşındadır.

- Ata olmaq nələri dəyişdirdi?

- Məsələn, həyat yoldaşımla görüş saatımız dəyişdi (Gülür).

- Həyat yoldaşın Şəbnəmi "Biri bizi gözetliyor evi"ndən tanıyırıq. Keçmiş günlərin xətrinə indi də oxşar formatda olan verilişləri izləyirsiniz?

- Uşaqlar olmadan öncə gecələr oturub çoxlu söhbət edirdik. İndi elə deyil. Uşaqlar saat 22:00-da yatırlar. Ondan sonra əyləncəyə vaxt ayırmaq olmur. Televiziya izləyir, bir az söhbətləşirik.

- Övladlarının sənin adam asıb-kəsdiyin səhnələri izləməyə icazələri var?

- Çox şükür ki, hələlik, izləməli olmayıblar. Ancaq indi elə dövrdür ki, heç nəyi gizlədə bilmirsən. Oyuncaq əvəzinə planşetlə oynayırlar. Yəqin ki, internetdə, orada-burada görürlər. Yaxşı ki, artıq hər şeyi dərk edə biləcək yaşdadırlar.

- Məmati öldü… Bəs sən içindəki Məmatini öldürə bilmisənmi?

- Mən aktyoram, istəyəndə əsəbi, şiddətə meyilli adam obrazına bürünürəm. Ancaq xarakterim tamam fərqlidir. Ömür boyu cəmi iki dəfə davaya qarışmışam. Onun da biri ibtidai, digəri orta məktəbdə olub.

- Deməli, Məmati obrazı ilə heç bir oxşarlığın yoxdur?

- Məmatinin mənim dünyamla heç bir əlaqəsi yoxdur. Onun əksinə mən sakit insanam. Həmişə ortaq mövqe tapmağa, yola getməyə çalışıram. Daxildə gərginlik keçirsəm də, bunu hiss etdirmirəm. Məmati sadəcə hər istədiyini edən, gözünü qırpmadan adam öldürən xəyali bir obrazdır.

- Yəni, o boyda Məmatini yaradan adam evdə xanımı görən kimi süd tökmüş pişiyə çevrilir?

- "Çöldə rol üçün canavar olsam da, evdə quzuya çevrilirəm", - deyim, sən də rahatlaş, mən də (Gülür). Məncə, ailəni, evlilik həyatını qadınlar daha yaxşı idarə edirlər.

- Silahlarla aran necədir? İstifadə etməyi bacarırsan?

- Silah mərdliyi pozur. Silahdan istifadə etmək mərd adama yaraşmaz. Silahdan başım çıxmır, adlarını belə yadımda saxlaya bilmirəm.

- Bir ara kliplərə də çəkilirdin.

- (Gülür) Yəqin, Yıldız Tilbənin "Vazgeçtim" adlı mahnısına çəkilən klipdən bəhs edirsən. Həmin klipə hələ konservatoriyada oxuduğum illərdə çəkilmişəm. Bu yaxınlarda dostlarımdan biri albom çıxaracaq, onun da klipində rol alacam.

- Yeni il gecəsi "O səs Türkiyə" verilişində sanki içindən Rey Çarlz çıxdı. Gələcəkdə albom çıxarmaq fikrin var?

- Elə bir niyyətim yoxdur. Ancaq dost məclislərində mahnı oxumağı, əylənməyi xoşlayıram.

- Sən, sözün əsl mənasında, türk xalqının damarını tuta bilən aktyorlardansan.

- Tipim xaricilərə bənzəmir, ona görə də, tamaşaçı məni tez qəbul edir. Şanslıyam. Hər şey "Deli Yürek" serialında rejissor Osman Sınavın mənə verdiyi rolla başladı. Onda hərbi xidmətdən yenicə qayıtmışdım. Daha öncə "Tatlı kaçıklar", "Affet bizi hocam" və "Çiçek taksi" seriallarında rol alsam da, elə böyük uğur qazana bilməmişdim. "Deli yürek" kimi seriallar populyarlaşandan sonra fərqli üz quruluşum sayəsində seçilməyi bacardım.

- Fərqli üz quruluşu deyəndə nəyi nəzərdə tutursan?

- Əvvəllər bizim kimilərə çirkin deyirdilər, indi isə xarizmatik deyirlər (Gülür).

- Bunda qarşındakını titrədən, qorxunc baxışlarının da rolu var.

- Hə, bu, ən böyük üstünlüyümdür. Məsələn, heç kim mənə yaxşı oynayırsan demir, hamı deyir ki, "o necə baxışlardır, elə?".

- Elə baxmağı necə bacarırsan?

- Bunun üçün çox işləmişəm. Quşlardan kömək aldım. İnternetdə şahin, qartal fotolarına, videolarına baxaraq, onların hərəkətlərini yamsılayırdım.

- Hər rol üçün heyvanlar aləmindən faydalanırsan?

- Heyvanlar aləmindən yox, internetdən faydalanıram. Çünki orada istədiyin hər şeyi tapa bilərsən. İstər qatil, istər narkoman olsun, internetdəki şəkillərə baxaraq onun obrazına bürünə bilərsən.

- Hansı rolun sənə uyğun olduğuna necə qərar verirsən?

- Sadəcə rol üçün deyil, bütün önəmli qərarları verməzdən öncə tək qalmağa çalışıram. Sakaryanın kəndində yerləşən evimizə gedirəm. Orada yaxşıca düşünüb qərarımı verirəm. Onsuz da hədəfim 5-6 il işlədikdən sonra kəndə yerləşməkdir. Əkib-biçmək, həyətimdə odun doğrayıb, yandırmaq istəyirəm.

- Türkan Şoray kimi sənin də "Gürkan Uyqun qaydaları"n varmı?

- Diqqətimi çəkməyən rolları, təbii ki, rədd edirəm. Ancaq heç bir rola qarşı fobiyam yoxdur. Mənim üçün rolun böyüklüyü, kiçikliyi də əhəmiyyətli deyil.

- Həyat yoldaşın rol seçiminə qarışır?

- Yox, hamısına özüm qərar verirəm. İstər mafiya başçısı olsun, istər transseksual, rolun öhdəsindn gələ biləcəyimə inanıramsa, razılıq verərəm.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR