Cütlüklərə sonsuz xoşbəxtlik bəxş edən eşq daşı – FOTOLAR
Bizi izləyin

Layihə

Cütlüklərə sonsuz xoşbəxtlik bəxş edən eşq daşı – FOTOLAR

Cütlüklərə sonsuz xoşbəxtlik bəxş edən eşq daşı – FOTOLAR

Dünyanın ən bahalı daşlarından biri də rodokrozitdir. Bu daş rəngi və özünəməxsus xüsusiyyətləri sayəsində son illər daha çox populyarlaşıb.

Publika.az-ın "Mücrü"sündə məhz rodokrozit daşı haqqında heç yerdə eşitmədiyiniz maraqlı məlumatlar əldə edəcəksiniz.

Çəhrayı rəngin cazibəsi

"Rodokrozit" sözü yunan dilində "gülün rəngi" mənasını verir. Daşa bu adın verilməsinə səbəb onun ən bahalı növünün çəhrayı rəngdə olmasıdır. Daşa çəhrayı rəngi tərkibindəki manqan verir. Buna baxmayaraq, rodokrozitin solğun çəhrayı, tünd qırmızı, narıncı-qırmızı, sarımtraq boz və qəhvəyi rəngdə olan növləri də var. Şüşə kimi parlaq olur, şəffaf və ya yarışəffaf halda tapılır. Xeyli möhkəm olan daş qurğuşun, gümüş, mis yataqlarına yaxın yerlərdə çıxır. Daşın əmələ gəlməsi üçün yüksək temperatur tələb olunur.

Rodokrozitlə ən zəngin yataqlar Argentinanın Katamarka vilayətindədir. Burada daş dənizin 3.200 metr dərinliyindən çıxarılır. Cənubi Afrika, Amerika, Meksika, İspaniya, Rumıniya da rodokrozit yataqları ilə zəngindir. Bu daşın çıxarılıb formaya salınması xeyli zəhmətli olduğu və baha başa gəldiyi üçün təbii rodokrozit yüksək qiymətləndirilir.

Mücrülərin bəzəyi

Bir çox Hollivud ulduzunun mücrüsündə rodokrozitlə bəzədilmiş zinət əşyaları yer alır. Rodokrozit ən çox üzük və boyunbağılarda istifadə edilir. Rəngli qiymətli daşlarla əla uyğunlaşır. Xüsusilə də, tünd mavi və göy rəngli qiymətli daşlarla birlikdə istifadə edildikdə göz oxşayır.

Ancaq daşdan sadəcə xanımlar faydalanmırlar. Rodokrozitdən kişilər də təsbeh və ya üzüklərdə istifadə edirlər.

"Üçüncü göz"ünüzü açın!

Rodokroziti digər qiymətli daşlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri də onun özünəməxsus enerjisidir. Bu daş insanı stressdən xilas edir, depressiyadan çıxarır. Yorğunluğu, halsızlığı aradan qaldırır. İnsanın özünü tapmasına kömək edir, mənəvi inkişafı dəstəkləyir. Hindistanda bir çox yoq, rituallar zamanı bu daşdan istifadə edir. Dinclik axtarışında olan hər kəs ona müraciət edə bilər.

Mütəxəssislər bildirirlər ki, rodokrozit daşından uzun müddət istifadə etdikdə, əvvəllər heç fərqində olmadığımız reallıqlarla üzləşə bilərik. Bu "üçüncü göz"ün açılması adlanır. Beləliklə, siz çoxlarının fərqində olmadığı həqiqətləri görəcək, daha öncə heç diqqətinizi çəkməyən detalları aşkarlayacaqsınız. Bu isə həyatın hər sahəsində irəli getməyinizə və işlərinizin asanlaşmasına səbəb olacaq. Rodokrozit kristalı həyata baxış bucağını dəyişdirməyə qadirdir. Ona görə də, özünü qəliblərə salan, yazılmamış qanunlara əməl edən, seçimlərini ümumi qaydalara uyğunlaşdıran insanlara bu daşdan istifadə etmək məsləhət görülür. Rodokrozit daşı daxili hissləri dinləməyə sövq edir. Bir növ ruhu azadlığa səsləyir. Yaddaşı ağrılı-acılı xatirələrdən təmizləyir. Həyatınızın keçmişin kölgəsində qalmasına icazə vermir. Bu daş sayəsində insan daim yenilik axtarışındadır.

Sağlamlığın keşiyində...

Rodokrozit daşı ürək-damar xəstəliklərinin, təzyiqin düşmənidir. Tənəffüs sistemi ilə bağlı problemləri aradan qaldırır. Həzm sistemi üçün də faydalıdır. Enerjisi yüksək olan digər daşlardan fərqli olaraq hamilələrin istifadəsi üçün yararlıdır. Bu daş ana bətnindəki körpənin inkişafını dəstəkləyir. Ana ilə körpə arasındakı mənəvi əlaqəni gücləndirir.

İnsan sağlamlığı üçün çox önəmli rol oynayan çəngələbənzər (timus) vəzinin işini yaxşılaşdırır. Bu da bədənin immunitetini gücləndirir. Bütün xəstəliklərə qarşı orqanizmin müqavimətini 2-3 dəfə artır.

Eşq həyəcanını dadmaq istəyənlər üçün...

Qədim mənbələrdə rodokrozit həm də "eşq və sevgi daşı" adlandırılıb. Belə bir inanc var ki, yanında rodokrozit daşı gəzdirənlərin bəxti açılır. Hansı cinsdən olmağınızın fərqi yoxdur, rodokrozit sizi eşqinizə doğru aparacaq. Aktiv sosial həyatınız yoxdursa, onda eşq sizin ayaqlarınıza qədər gələcək. Sevgi hissini artırdığı üçün qəlb yaralarını sağaldır, yeni münasibətə başlamağı asanlaşdırır. Ancaq rodokrozit, sadəcə tək insanlarla dostluq etmir. Cütlüklər bu daş sayəsində münasibətlərini daha da istiləşdirə bilərlər. Daş onların bir-birinə bağlanmasını təmin edir, hissləri daha yaxşı ifadə etməyə səsləyir.

Daşın ən önəmli xüsusiyyəti özünüzə münasibəti dəyişdirməsidir. Belə ki, üzərinizdə gəzdirdiyiniz rodokrozit özünüzə qarşı dürüst olmağınızı, özünüzlə barışmağınızı təmin etmək iqtidarındadır. Bütün sevgilərin mənbəyi insanın daxilindədir. Özünü sevməyən başqasını sevə bilməz. Rodokrozit ilk öncə özünüzə qarşı olan sevginizi artıracaq.

Rodokrozitin təmizliyi

Bütün şəfalı daşlar kimi rodokrozit də bir müddət sonra təsirini itirir. Mənfi enerji ilə yükləndiyi üçün ürəkbulanmaya və ya yorğunluğa səbəb olur. Ona görə də, 15 gündən bir rodokroziti təmizləmək lazımdır. Bu proses olduqca asandır. Onu axar su altında beş dəqiqə saxlamaq kifayətdir. Əgər daş zinət əşyasının üzərindədirsə, onda onu sirkəli və ya duzlu su ilə silin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm