Ramiz Novruz: “O xanıma görə bıçaqlanmışam...” - FOTOLAR
Bizi izləyin

Layihə

Ramiz Novruz: “O xanıma görə bıçaqlanmışam...” - FOTOLAR

“Te Amo” layihəsinin bu həftəki qonağı Akademik Milli Dram Teatrının aktyoru xalq artisti Ramiz Novruz oldu. Görüşümüz 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsinə təsadüf etdiyindən söhbətimizin əsas mövzusu da xanımlarla bağlı oldu.

Publika.az-ın bu layihəsində sevilən aktyor qadınlarla qarşılıqlı münasibətindən, həyat yoldaşının könlünü almağın yollarından danışıb, qadını çirkin göstərən amillərlə bağlı səmimi etiraflar edib.

- Ramiz müəllim, səmimi insansınız?

- Elə deyirlər.

- Onda gəlin, nə qədər səmimi olduğunuzu bu gün sınaqdan keçirək. Suallarıma cəsarətli cavablar gözləyirəm.

- Şübhəsiz. (Gülümsəyir) İnsanlarla, dostlarımla, yaxınlarımla münasibətdə həmişə ürəyimdən gəldiyi kimi davranıram. Ən azı, öz daxili dünyama xəyanət edən insanlardan deyiləm.

- Bəs siz başqasına xəyanət etmisiniz?

- Heç vaxt peşiman olacağım, ailəmə utanc gətirəcək hərəkətə yol verməmişəm.

- Xəyanətlə qarşılaşmadığınızı desəniz, yalan olar. Sizə xəyanət edənlərə necə reaksiya verirsiniz?

- Xəyanət çox ciddi məsələdir. Xırda məsələlərə görə heç vaxt mübahisə etməmişəm. Amma bu yaxınlarda ağır xəyanətin işartılarını hiss elədim. Üstəlik, bu, dost bildiyim adamlardan gəldi. O insanlar hətta polisdə üzümə durub məni tutdurmağa hazır idilər. Əlbəttə ki, özümə yaxın bildiyim adamların xəyanəti məni bir qədər sarsıtdı. Başıma gələnləri romanlarda oxusaydım, deyərdim ki, yazıçı hadisəni şişirdib. Bütün yaşananlar məni çaşdırsa da, onlara xüsusi reaksiya vermədim.

- Dost xəyanəti ağır olur. Bu stressi ata bildiniz?

- Belə insanlara görə stress keçirməyə dəyməz. Əslində, onların əsl mahiyyətini bilirdim. Bu səbəbdən, hər hansı zərbənin gələcəyini gözləyirdim.

- Amma danışanda incidiyiniz hiss olunur. Bunu gizlədə bilməzsiniz.

- İzaholunmaz elə müqəddəs hisslər var ki, onların üstündən sakitcə ötüb keçmək olmaz. Onların üstündən xətt çəkəndə insan öz emosiyalarına hakim ola bilmir.

- Sevgidə qadınlar daha sədaqətli olur. Bəs dostluqda?

- Son illərdə qadınların daha yaxşı dostluq etdiyi qənaətinə gəlmişəm. Düzü, bu fikir məni qorxudur, amma müşahidələrim bunu deyir. Xanım tanışlarım bəzi kişi dostlarımdan daha etibarlı, məğrur və möhkəmdirlər. Bilirsiniz, qadınlar kişilərlə müqayisədə iyrənc olmurlar, nə düşündüklərini açıq şəkildə etiraf edirlər. Təəssüflə qeyd etməliyəm ki, indi kişilər heç bir qadının özünə rəva görmədiyini etməyə hazırdır. Təbii ki, bütün kişilərə aid etmirəm.

- Bu gün əldə etdikləriniz üçün kimə minnətdarsınız?

- Hər şeyi dişimlə, dırnağımla qazanan aktyorlar qəbilindənəm. Vaxtı ilə müəllimlərim də məni düz istiqamətləndirib, təməlim möhkəm qoyulub. Mədəniyyət və İncəsənət Universitetində isə heç kimə istedad paylanmır. Təhsil sadəcə aktyorun içində olanı formalaşdırır.

- Yəni, qazandıqlarınıza görə ancaq özünüzə borclusunuz?

- Bilirsiniz, məni heç kim heç vaxt heç bir rejissora tapşırmayıb. Hansısa televiziya tamaşasında, yaxud filmdə çəkilmək üçün heç kimə xahiş etməmişəm. Bu mənada kiminsə qarşısında əyilməmişəm, pulu halal zəhmətlə qazanmışam. Bütün bunlar daxil olmaqla, simamı qorumağa çalışmışam. Bəzən insanlar qazanc xətrinə çox oyunlardan çıxır, mən isə kiminsə məni sındırmasına icazə verməmişəm. Çünki bir dəfə sınandan sonra ona vərdiş edirsən.

- Nə zaman özünüzü gücsüz hiss edirsiniz?

- İnsanların teatr və aktyor sənətinə münasibətini hiss edəndə özümü zəif hiss edirəm. Hərdən belə təəssürat yaranır ki, teatr sənəti heç ziyalı, görkəmli insanlara da lazım deyil. İllərlə teatra gəlməyənlər birdən-birə teatr və aktyorlar haqqında hökm verir. Elə bil ki, 19-cu əsrdən bu yana heç nə dəyişməyib. Dəyişən bircə kostyumlardır.

Bu yaxınlarda verilişlərin birində belə bir sual qoyulmuşdu: “Teatr Azərbaycana lazımdırmı?” XXI əsrdə bu sualı qoymaq ayıbdır. Yüz illər bundan əvvəl əsl ziyalılarımız bütün məşəqqətlərə sinə gərərək, xəncər altında teatr yaratmağa müvəffəq olub. Bu gün isə özünə ziyalı deyənlər bu sənəti bəyənmir.

- Adi insanlarla müqayisədə aktyor üçün istənilən vəziyyətdən çıxmaq daha asan olmalıdır. Sizcə, bir kişi üçün hisslərini, yoxsa qadınları idarə etmək daha çətindir?

- Təbii ki, qadınları. (Gülür) Qadınlar dünyanın ən ülvi və aparıcı qüvvəsidir. Ümumiyyətlə, digər tərəfdən yanaşsaq, qadınlar idarə olunmağa məhkum deyil, onları sadəcə, sevmək lazımdır. Düzünü desəm, həyatda aktyorluq etməyi bacarmıram, bütün aktyorluğumu səhnədə nümayiş etdirirəm. Özüm çox tez aldanan, sadəlövh insanam. Amma öz istəyinə nail olmaq üçün rola girən insanları, iş adamları görəndə onların aktyorluq bacarıqlarına heyran qalıram.

- Sizcə, aşiq olduğumuz insanı seçmək insanın öz əlindədir?

- Aşiq olmaqla, seçmək ifadəsi bir yerə sığmır. Aşiq olan insan nəyə vurulduğunu özü də bilmir. “Könül sevən göyçək olar” məsəli də burda yerinə düşür.

- Yəni, ağıl ilə sevginin ortaq cəhəti yoxdur?

- Əsl sevgidən söhbət gedirsə, orda insan ağlını dinləmir. Məsələn, Məcnun necə ağılla sevə bilərdi?

- Sevgi qurban tələb edir. Siz bu yolda hansı qurbanlar vermisiniz?

- Gənclik illərində sevdiyim xanım, yəni indiki həyat yoldaşım kənddə yaşayırdı, mən də şəhərdə təhsil alırdım. Onda küçədə gəzəndə içimdə elə bir duyğu var idi ki, sanki bütün hərəkətlərim kənardan izlənilir, filmə çəkilirdi. Bir səhv hərəkət etməkdən və bu hadisənin onun qulağına gedib çatmasından ehtiyat edirdim, hər xırda detala, davranışıma fikir verirdim, çox şeydən imtina etməli oldum. Sevdiyim xanıma görə, hətta davaya qarışıb bıçaqlanmışam da.

- Bıçaqlanmanın sonu nə ilə nəticələndi?

- Hər şey yaxşı qurtardı, sadəcə, yüngülvari yara almışdım.

- Xanımızın qəlbini qıranda onun könlünü necə alırsınız?

- Mənlə küsülü qalmaq çox çətindir. Qarşı tərəfin soyuq münasibətini görəndə birinci yaxınlaşıb səbəbini araşdırıram, dərhal da zarafat edib barışıram. O özü də şikayət edir ki, “Başqalarının həyat yoldaşı naz edib, günlərlə küsülü qalır. Sən isə mənə naz etməyə də imkan vermirsən”.

- Sizcə, qadınlar niyə ailə qurduqdan sonra həyat yoldaşının xasiyyətini dəyişməyə çalışır?

- Həyat yoldaşım məni dəyişməyə çalışıb, amma onda alınmayıb. Təbii ki, qadın ləyaqətinə hörmət əlaməti olaraq çəkindiyim məsələlər var. Amma daxilən azad olmağı xoşladığım üçün həyat yoldaşım məni dəyişdirə bilməyib.

İndiki zamanda aktyorun həyat yoldaşı olmaq da qadın üçün asan deyil. Aylarla çəkilişlərdə, qastrol səfərlərində olurdum, bütün problemləri özü həll etməli olurdu. Güclü xarakterə malik insan olduğu üçün bütün çətinliklərin öhdəsindən gələ bilib.

- Tolstoy gözəl qadınları, xüsusi ilə gözəl geyinmiş qadınları təhlükəli adlandırıb. Sizcə, xanımlardan həqiqətən qorxmaq lazımdır?

- Bu fikirlə razılaşmamaq olmaz. Sədinin gözəl qadınlarla bağlı daha məşhur fikri var. O, “Gözəl qadın həmişə təhlükə mənbəyidir” deyib. Çünki gözəl qadınla evləndikdən sonra o, kişi üçün adiləşir, başqalarının gözündə isə əlçatmaz olaraq qalır. O qadına yaxınlaşmaq, tanış olmaq istəyənlərin sayı çox olur. Məncə, ancaq bu baxımdan təhlükəli ola bilər.

- Qadını nə çirkin göstərir?

- Sünilik, bir də həyat yoldaşını başqalarının yanında aşağılamaq. Ümumiyyətlə, qadın kişinin xoşuna gəlmək üçün hansısa hərəkəti edəndə onun gözündən düşür.

- Güzgüyə baxanda oradakı əksinizə çoxmu iradınız olur?

- Yox, hər yaş dövrü ilə eyni cür barışmışam.

- Nə vaxtsa güzgünü sındırmaq istəmisiniz?

- Olub.

- Səbəb?

- Çarəsizlik. Bir vaxtlar ev problemim var idi. Ev darısqal olduğu üçün başqa şəhərlərdən gələn dostlarımı qonaq dəvət edə bilmirdim. Bu, mənə çox mane oldu, yaradıcı insanlarla əlaqələrimi itirdim. Onda güzgünü sındırmaq istəyirdim.

- Onda sizə kim dayaq oldu?

- Ailəm.

- Musiqiçilər həyat yoldaşına musiqi, mahnı bəstələyir, futbolçular vurduğu qolu həsr edir. Bəs aktyorlar sevdiyi xanımı nə ilə sevindirir?

- Həyat yoldaşım kino və ya teatr premyeralarında iştirak edir. Həmin tədbirlərdə başqalarının mənə olan münasibətini görür. Onun üçün bu, deyərdim ki, ən böyük mükafatdır. O, başqalarının hörmətini, sevgisini qazana bildiyim üçün mənimlə fəxr edir, qürur duyur.

Əgər xanımım teatra məni izləməyə gəlibsə, zalda gözlərim onu axtarmağa başlayır. Üzündəki ifadədən rolumdan razı qalıb-qalmadığını müəyyən edə bilirəm.

- İnsanın taleyi ssenari kimi yazılır, yoxsa bizim yaşadıqlarımız öz seçimimizdir?

- Məişətdə, həyatda ağlımız, idrakımız hadisələrə təsir edir. Amma mən alın yazısına inanıram.

- Belə başa düşdüm ki, inanclı insansınız. Müsəlmanların müqəddəs kitabı -“Qurani Kərim”- də incəsənətə münasibət birmənalı deyil.

- “Qurani Kərim”-də incəsənətlə bağlı ciddi qadağalar yoxdur. Orda insana ziyan verən işlərlə məşğul olmaq günah sayılır. İncəsənət heç bir halda zərərverici ola bilməz. Əgər o, insanı islah edirsə, düzgün yola çəkirsə, niyə də qəbul olunmasın? Gözəl səs peyğəmbərimizin özünün də xoşuna gəlib. Əks halda, azanı oxumaq üçün Bilala ehtiyac duymazdı.

- “Yaxşı gündə, pis gündə...” ardını siz tamamlayın.

- Yaxşı gündə də, pis gündə də insan öz ləyaqətini qorumağı bacarmalıdır. Maddi durumun yaxşı olmaması, imkansızlıq bəzən insanı çaşdırıb yolundan azdırır. Hamıya qəlbindəki o insanı qoruyub saxlamağı arzu edirəm.

- Onu necə qoruyub saxlamaq olar?

- Daxilinə sadiq olmalısan, nəfsinin yox, ürəyinin səsini dinləməlisən.

- Qadınlar barəsində çox danışdınız... Bayram münasibəti ilə xanımlara olan arzu və tərbiklərinizi eşitmək xoş olardı.

- Hüseyn Cavidin belə bir misrası var: “Təbiətin ən canlı şeiridir qadınlar...” Mən isə qadınlarla bağlı fikrimi “Hələ sevirəm deməmişdilər” pyesimdəki qəhrəmanın dili ilə ifadə edəcəm:

“Allah insanları yaradanda, onları müsəlmana, xristiana, şiəyə, sünniyə, katolikə, pravoslava ayırmayıb, qadına və kişiyə ayırıb. Qadın və kişini isə birləşdirib. Bu birləşmədə ən ağır yük qadının öhdəsinə düşüb. Qadının ən ali və mübariz məqamı ana olmasıdır".

Mən də öz növbəmdə bütün xanımlara istədiyi həyata çatmağı, həmçinin o mübariz, müqəddəs məqama çatmağı arzu edirəm. Qadının xoşbəxt olması kişidən daha çox asılıdır. Bu baxımdan da biz kişilərə, qadınları xanım səviyyəsində yaşatmaq üçün yaxşı imkanı arzu edirəm.

Aytən

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm