“Sezen Aksu o mahnını tualetdə yazdı”
Bizi izləyin

Layihə

“Sezen Aksu o mahnını tualetdə yazdı”

Əməl Müftüoğlu səsi və mahnıları ilə 25 ildir ki, musiqi dünyasında özünəməxsus yerini qoruyub saxlayan nadir sənətçilərdəndir. O, sadəcə, sənəti ilə deyil, xarakteri ilə də özünə çoxlu dost qazanan ulduzlardandır.

Bu yaxınlarda "Emel ile yeniden" adlı albomunu satışa çıxaran müğənni "Hürriyət"in müxbiri İzzət Çapaya maraqlı müsahibə verib. Publika.az uşaqlıq məhəbbətindən, məşhurlaşmağından və Sezen Aksu ilə olan dostluğundan danışan müğənninin "Şirin söhbət"ini təqdim edir.

- 1990-cı il idi, "Karlar düşer" adlı albomu ilə nur topu kimi bir qadın düşdü həyatımıza.

- Elə danışdın ki, sanki pis yola düşmüşəm (Qəhqəhə çəkir).

- Belə getsə, biz gülməkdən müsahibəni bitirə bilməyəcəyik.

- İstəsən, ağlada da bilərəm.

- Yox, sağ ol, sən belə davam elə.

- Nə soruşmaq istəyirsən? Başla görək.

- Gəl bir az keçmişə nəzər salaq. Məşhur olana kimi həyatında nələr baş verib?

- Bəlkə çeynənmiş cavab olacaq, amma hələ uşaqlıqdan musiqi həyatımın bir parçası olub. Evin bağçasında uşaqlara konsert verirdim. Hətta bir dəfə bilet hazırlayıb satmışdım (Gülür).

- Gör e, hələ o yaşda həm müğənniliyə, həm də ticarətə başlamısan.

- Çox dəcəl idim. Dəcəlliyimdən şikayətçi olmayan yox idi. İndi kanallardan birində "Hayat şarkısı" adlı serial yayımlanır. Orada əlində siçanlarla gəzən dəcəl bir qız var. O, eynilə mənim uşaqlığımdır. Qohumlar zəng edib deyirlər ki, "bu obrazı yaradan böyük ehtimalla səni tanıyan adamdır". İbtidai məktəbdə aşiq olduğum oğlanlarla əvvəlcə yaxşı rəftar edirdim, qarşılıq görməyəndə isə döyürdüm.

- O yaşdakı uşağın eşqlə nə əlaqəsi ola bilər?

- Elə demə. Məsələn, orkestrdə işləyən Yavuza dəli kimi aşiq olmuşdum. Adamın 40 yaşı vardı. Hər cür musiqi alətində ifa edə bildiyi üçün xəyallarımı bəzəyirdi. Onu görən kimi mikrofonu götürüb səhnəyə çıxırdım. Üstəlik, onun da mənə aşiq olduğundan əmin idim (Qəhqəhə çəkir). Bəlkə, Yavuzun bir gün pula ehtiyacı olar deyə, şüşə və dəmir toplayıb satırdım. Bağça konsertlərimdən də pul qazanırdım.

- Yavuz dayıya sponsor olmağı necə, düşnürdün?

- Ona pul versəm, balaca olmadığımı anlayacağını düşünürdüm. Oğlan kimi idim, tapanca və avtomobillərlə oynamaqdan zövq alırdım. Ancaq aşiq olandan sonra çox dəyişildim. Saçlarımı xüsusi formada yığırdım. Yavuz üçün bütün həyatımı, vərdişlərimi dəyişmişdim. Nəhayət, bir gün gözlədiyim an gəlib çatdı.

- Demə ki, Yavuz sənə eşq elan etdi. Buradaca ürəyim gedər.

- Sus, hekayənin dadını qaçırma. Bir gün məktəbdən qayıdarkən qarşıma çıxdı. Əlim-ayağım əsirdi. O, başımı sığallayıb "Sən səhər yeməyində yumurta yemisən?" - deyə soruşdu. Elə bil dünya başıma yıxıldı. O gündən bəri nə vaxt yumurta yesəm, dişlərimi düz 3 dəfə fırçalayıram.

- Gəl bu mövzunu bağlayıb musiqidən danışaq. Necə oldu ki, müğənni olmağa qərar verdin?

- Atam əsgər olduğu üçün tez-tez şəhər dəyişdirirdik. Hara getməyimizdən asılı olmayaraq, ansambl tapıb mahnı oxuyurdum. Səs müsabiqələrində də iştirak edirdim. Sonra konservatoriyaya getdim. Opera təhsili almağa başlamışdım ki, qızımın atası ilə tanış oldum. Çox keçmədən evləndik.

- Niyə elə tez ailə qurdun?

- Ona aşiq olmuşdum, həm də evdə atamın təzyiqindən bezmişdim.

- Deyəsən, evlənməyinin səbəbi eşq yox, ailə təzyiqi olub.

- Yox. Allah qarşıma dünyanın ən möhtəşəm insanını çıxarmışdı. Həmin yaşda elə biri ilə qarşılaşmaq mənim üçün böyük şans idi.

- Ailə quranda neçə yaşın vardı?

- 18 yaşındaydım.

- Bəs musiqi karyeran necə oldu? Artıq mahnılarını evdə oxuyurdun?

- Həyat yoldaşım təhsilimi davam etdirməyimi istəyirdi. Ancaq mən başqa yola baş vurdum. "Güneş" qəzeti səs müsabiqəsi təşkil etmişdi. Qalibə 3 il müddətində o vaxtın pulu ilə 500 milyon lirə pul verəcəkdilər. Ona görə də, minlərlə insan müraciət etmişdi. Həyat yoldaşımın təkidi ilə CV göndərdim. Nəticələr qəzetdə yayımlandı. Lakin adım siyahıda yox idi. Tez qəzetə zəng etdim. Adamları necə bezdirdimsə, məni Ayhan Fırıldak adlı məsul şəxslə tanış etdilər. Başladım əsəbimi ondan çıxmağa: "Siz kimsiniz ki, məni bəyənmirsiniz. 2 yaşımdan bəri mahnı oxuyuram. Konservatoriyada müəllimlər üstümdə dava edirdilər. O siyahıda məndən daha yaxşısı ola bilməz". Nəticədə, məni birbaş əsas seçimlərə dəvət etdilər və ilk 20-liyə daxil ola bildim. Finalda münsiflər heyəti - Ajda Pekkan, Zərrin Özər, Yurdaər Doğulu və Sezen Aksu qarşımda oturmuşdu. Zəki Mürən isə səhnədə mahnı oxuyurdu.

- Lap çempionlar liqası olub ki…

- Hə. O gecə qalib oldum və İstanbula gəlməyə qərar verdim.

- Nəhayət, üzünə həm İstanbulun, həm də şöhrətin qapıları açılıb.

- Yox e, açılmaq bir yana, qapı heç aralanmadı da. Halbuki, yarışmanın sabahı gün qəzetlərin manşetində özümü görəndə çox məşhur olduğumu zənn etmişdim. Eqom elə yüksəlmişdi ki, mağazada mənə reaksiya verən olmayanda, şoka düşürdüm ki, bu adamlar necə olur ki, məni tanımırlar? Eynilə, bugünkü müsabiqələr kimi, o vaxt da yarışmadan bir neçə gün sonra unudulurdun.

- Demək istəyirsən ki, bu tip müsabiqələr gənclərə boş yerə ümid verir?

- Böyük vədlər verilir. Ancaq bu vədlər reallaşmayanda psixologiyan alt-üst olur. O vəziyyəti yaşadığım üçün indi müsabiqələri izləyə bilmirəm. Hətta bəzən izləyəndə ağlayıram.

- Bir az da Sezen Aksu ilə olan dostluğundan danışaq.

- Sezen Aksu ilə ilk dəfə qalib gəldiyim həmin müsabiqədə tanış olduq. Ancaq sonradan Atilla Özdəmiroğlu ilə işlədiyim üçün Sezen Aksu ilə daha da yaxınlaşdıq.

- Məhz onun imzasını daşıyan mahnılar sayəsində də şöhrət qazandın.

- Düzdür, bu günə kimi hitə çevrilən mahnılarımın, demək olar ki, hamısı Sezen Aksuya aid olub.

- Bu dostluğun sirri nədədir?

- Cəsarətim, səmimiyyətim Sezenin xoşuna gəlib. Bir dəfə məkanlardan birində əylənirdik. Mən də hər müğənni kimi Sezen Aksu mahnısı oxumaq istəyirdim. Yaxşı ki, insanları ən zəif yerlərindən vura bilmək bacarığım var. Söhbət zamanı birdən-birə Sezen Aksuya zarafatla dedim ki, "Qulaqdan-qulağa dolaşan dedi-qodulara görə, o mahnıları sən yazmırsan. Belə deyirlər".

- Sənin dilinə düşməkdənsə, tualetə düşmək yaxşıdır.

- (Gülür) Sezen Aksu əvvəl karıxdı, sonra dedi ki, "Necə yəni? Kim deyir bunu?" Mən də dedim ki, "Bu mahnıları sənin yazdığına inanmağımızı istəyirsənsə, elə indicə birini yaz görək". Güldü və "Olar, yazaram", - dedi. Bir müddət sonra qolumdan tutdu və sakit yer axtarmağa başladıq. Axırda tualetə girdik. İçəridə çoxlu qadın var idi, lakin Sezen buna fikir vermədən heç eşitmədiyim bir mahnı oxumağa başladı. Alqış səsindən qulaqlarımız batırdı. Mən təəccüblə baş verənləri izləyərkən Sezen dedi ki, "Bu mahnını az əvvəl sənin üçün yazdım".

- Hansı mahnı idi?

- İnanmayacaqsan, ancaq Sezenin mənə tualetdə hədiyyə etdiyi "Hovarda" adlı mahnı idi, sonradan ən çox sevilən hitim oldu. Vaz keçməsindən ehtiyat etdiyim üçün həmin gecə mahnını aranjeman etdirdim. Albomun hazırlanmasını gözləmədən, o mahnını satışa çıxardım. O dövrdə sinql anlayışı yox idi. Bir ilkə imza atmış oldum. Sezenin sənətindən öncə insanlığına heyranam. O qədər həssasdır ki. Hətta bir dəfə "Slumdog millionaire" adlı filmi izləyərkən elə təsirlənmişdi ki, təzyiqi qalxmışdı, təcili yardım çağırmışdıq. Hər şeyi dərindən hiss edən, dünyaya xüsusi missiya ilə göndərilən tək-tük insanlardan biridir.

- Əvvəllər Türkiyənin ən cəsur sənətçilərindən idin. İndi isə sakitləşmisən.

- Həmişə yenilik axtarışında olmuşam.

- "Korkuyorum" adlı mahnının klipində ilk dəfə iki qadının eşqini əks etdirmişdin.

- Dilə asan gəlir, biz onu düz 24 il öncə çəkmişdik. O klipə görə, illərlə tənqid edilmişəm. Ancaq vecimə deyil. Lezbiyan deyiləm, olsaydım gizləməzdim. Camaatın nə düşündüyü ilə maraqlanmıram.

- Bu gün də eyni cür klip çəkə bilərsən?

- Yox. Çünki artıq tək deyiləm, qızım var. Mənə görə qızıma zərər gəlməsini istəmərəm.

- Eşitdiyimə görə, şahmat və nərd oynamağı sevirsən.

- Bəli, həm sevirəm, həm də yaxşı oynayıram. Adətən, pul əvəzinə ayaqqabı istəyirəm. Oyunlar sayəsində ayaqqabıya pul vermirəm. Belə getsə, ayaqqabı üçün ayrı ev tutmalı olacam. Mənə ən çox ayaqqabı uduzan Ali Ağaoğlu olub.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm