Prezident qızının almaq istədiyi milyard dollarlıq dəb imperiyası – FOTOLAR
Bizi izləyin

Layihə

Prezident qızının almaq istədiyi milyard dollarlıq dəb imperiyası – FOTOLAR

Missoni” italyan markası qarşılıqlı məhəbbət və böyük zəhmət əsasında qurulmuş klassik ailə biznesidir. “Missoni” brendinin məhsulları cürbəcür ziqzaq bəzəkləri ilə tanınır. Bəs belə maraqlı ziqzaq bəzəkləri necə yaranıb? Necə olur ki, onlar uzun illərdir dəbdən düşmür?

Publika.az-ın “Brendlərin tarixi” layihəsi çərçivəsində ziqzaq bəzəkləri ilə tanınan “Missoni” moda evinin yaranma və inkişaf tarixinə nəzər salmışıq.

Brendin yaranması Ottavio və Rozita Missoni cütlüyünün adı ilə bağlıdır. Öz işini qurmağa qərar verən cütlüyün kiçik emalatxanasında əvvəllər yalnız hamar və ya zolaqlı parçalar hazırlamaq mümkün idi. Bir qədər sonra isə onlar bədii tikmə üçün maşın alıb parça çeşidini artırdılar və beləliklə əyri-üyrü naxışları dəbə gətirdilər. Amma moda evi təkcə ziqzaq naxışları ilə deyil, ideal-hamar və qüsursuz tikiş və işləmələri ilə də çox məşhurdur.

Missoni”ni kim və niyə yaradıb?

Moda evinin yaradıcısı Ottavio Missoni 1921-ci ildə Xorvatiyada kiçik şəhərcikdə anadan olub. Onun anası xorvat-italyan əsillidir. Əslən italyan olan atası Vitterio Missoni isə dəniz kapitanı olub.

Şirkətin təsisçisi Ottavionın moda dünyasına gəlişi bir çox cəhətdən maraqlıdır. Məsələ burasındadır ki, Ottavio cavanlıqda yüngül atletikayla məşğul olub. Hətta bir vaxtlar beynəlxalq dərəcəli idmançı kimi böyük şöhrət qazanıb. Amma ikinci dünya müharibəsi gənc Ottavionun idman karyerası ilə bağlı arzularını bir qədər təxirə salır. Müharibənin başlaması ilə orduya yazılan Missoni döyüşlərdə əsir düşür. Ottavio ömrünün 4 ilini müharibədə əsirlər üçün hərbi düşərgədə keçirir. Ancaq bir çoxlarından fərqli olaraq o, əsirlikdən yaralanmadan sağ-salamat qayıda bilir.

O, 1946-ci ildə İtaliyaya qayıdır. Uzun illərin ağır sınaqlarından sonra gənc və enerjili Ottavio idman karyerasını yenidən davam etdirir. O, idmanla bərabər dəb dünyasına atılmağa qərar verir. Məlum məsələdir ki, ikinci dünya müharibəsi dəb sənayesinin böhranına səbəb olmuşdu. Missoni isə əsl italyanlara xas intuisiyasına arxalanaraq çıxış yolunu idman sevgisini dəb biznesinə yönəltməkdə görürdü. O, 1947-ci ildə dostu Corcio ilə birlikdə idman formaları istehsal edən emalatxana açır. Birinci kolleksiya London Olimpiya oyunlarında iştirak edən İtaliya yığmasının rəsmi idmançıları üçün hazırlanır. Ottavio nəinki milli yığma üçün forma hazırlamışdı, hətta yarışlarda özü uğurla çıxış edib medal qazana bilmişdi.

Missoninin zəfər tarixi

Gələcək həyat yoldaşı Rozita ilə Ottavio London olimpiya oyunlarında tanış olublar. Əslində, bu taleyüklü görüşü “Missoni” ailə biznesinin yaradılmasında başlanğıc nöqtəsi hesab etmək olar. Yeri gəlmişkən, onu da qeyd edək ki, Rozita parça və ipək yaylıq fabrikinin varisi idi, buna görə də Ottavionun bəxti ikiqat gətirir. Çünki Ottavionun gənc həyat yoldaşı emalatxana ilə bağlı bütün işlərdə ərinə kömək edirdi.

Onlar 50-cı illərin əvvəllərində evlərinin zirzəmisində trikotaj istehsal edən kiçik emalatxana açırlar. Gələcəkdə böyük dəb imperiyasına çevrilən ailə biznesinin əsası belə qoyulur. O vaxtdan bəri “Missoni” orijinal kolleksiyaları ilə müştərilərini sevindirməyə davam edir.

Cütlük 50-ci illərin sonunda “La Rinacsente” univermağı üçün “Milano Simpathy” adlı kolleksiya hazırlayır. Bu, onlara böyük uğur və şöhrət gətirir. Onların işləri ilə əvvəlcə “Arianna” jurnalının redaktoru Anna Pyaca maraqlanır, daha sonra isə fransız stilistlər cütlüyə əməkdaşlıq təklif edir. Sonrakı mərhələdə gənc dizaynerləri kolleksiyalarının nümayişinə dəvət etməyə başlayırlar və orada onlar bizneslərinin böyüməsinə səbəb olan maraqlı insanlarla tanış olmaq fürsəti qazanırlar. Məsələn, “Vogue” jurnalının Amerika versiyasının baş redaktoru Diana Vrilandın himayəsi ilə Ottavio ABŞ-da özünün ilk butikini açmağa müvəffəq olur.

Qalmaqallı nümayişin gətirdiyi şöhrət

1966-ci ildə moda evi “Missoni” ticarət nişanı altında rəsmi qeydiyyatdan keçir. Bir il sonra isə moda evinin qalmaqallı nümayişi baş tutur. Nümayişdən əvvəl Rozita büsqalterlərinin paltarların həndəsi rəsmlərini pozduğunu düşündüyü üçün bütün modellərdən alt paltarlarını soyunmağı tələb edir. Bu zaman yarımşəffaf parçalardan model sinəsi açıq görünürdü. Sözsüz ki, bu, o dövr böyük hadisə sayılırdı.

1969-ci ildə isə Ottavio Missoni ilk fabrikini qurur və dünyada ən yaxşı trikotaj istehsalı ilə məşğul olan şirkət kimi tanınmağa nail olur...

İlk növbədə qeyri-standart naxışlar ictimaiyyətin diqqətini cəlb etmişdi. Çünki o, yüksək moda dünyasını yeknəsəq, birrəng trikotaj məmulatlardan xilas etmişdi. Missoni bütün dünyaya sübut etdi ki, trikotaj parçanın imkanları praktiki olaraq tükənməzdir. Moda evinin əsas fəlsəfəsi də rəng və naxışlar üzərində qurulub. Ottavio Missoni özü də müsahibələrində dəfələrlə etiraf edir ki, harmoniyanı formalarında deyil, parçalarda axtarır. Kolleksiyadakı bir çox naxış və bəzəkləri dizaynerlər Cənubi Amerika və Afrika xalqlarının etnik motivlərindən götürmüşdülər. Anna Pyacinin etirafına görə, ikinci dünya müharibəsindən sonrakı illərdə “Missoni” moda evi İtaliya intibahında ən əhəmiyyətli şirkətlərdən biri olub. Hər halda, orijinal bəzək və naxışlar sayəsində “Missoni” kolleksiyaları dəb tarixində böyük iz qoyub.

Xüsusi qeyd etmək lazımdır ki, moda evinin bir neçə trikotaj nümunələri Nyu-Yorkda İncəsənət muzeyində saxlanır. Brendin bütün tarixi də incəsənətlə sıx bağlıdır. Rozetanın sözlərinə görə, onun ilham mənbəyi incəsənətdir: “İncəsənət bizim tədqiqatların böyük hissəsini təşkil edir. Moda özü də incəsənətin bir hissəsidir. Əsas fəlsəfəmiz də geyimi incəsənət əsəri kimi təqdim etməkdir. İnsanlar onu xüsusi hallar və ya trend sayıldığı üçün almalı deyil. Onlar bizim məhsullara sadəcə sevdiyi üçün pul xərcləməlidir. Belə bir geyimi istənilən vaxt geyinmək olar".

O hesab edir ki, insanın həyatı rənglərdən təşkil olunub: “Bizi əhatə edən rənglər mənə yeni çalarlar kəşf eləməyə sərhədsiz imkanlar verir. Rənglər dünyaya baxış bucağımı tamamilə dəyişdirir”.

1979-ci ildə Ottavio Missoni vətəndaşlıq xidmətlərinə görə medal ilə, 1986-ci ildə isə İtaliya respublikası qarşısında xidmətlərinə görə orden ilə təltif olunub. Rozita Missoni də öz növbəsində dəb dünyasına verdiyi töhfələrə görə “Tekstil kraliçası” statusuna layiq görülüb.

Uğurun sirri nədədir?

Şirkət indiyədək moda sənayesinin liderlərindən biri sayılır. Bu uğurun sirri çox sadədir. Ailənin bütün üzləri üçün dəb maraqlı və qəribə dünya, eyni zamanda, həyat tərzidir. Ottavio və Rozita şirkətə uzun müddət özləri rəhbərlik ediblər. 1997-ci ildən cütlük dəb imperiyasını övladlarına təhvil verib. Onların hamısı moda evinin hissələrini öz aralarında bölüblər. Cütlüyün qızı Anjela moda evinin kreativ direktorudur. Böyük oğlu Vittorio isə kommersiya direktorudur. Kiçik oğlu Luk kişi kolleksiyalarına cavabdehdir. Anjelanın qızı Marqerita isə aksessuar xəttini idarə edir. Bu, bir daha göstərir ki, “Missoni” nə qədər möhkəm və mehriban ailə biznesidir. Milyonlarla pərəstişkarını sevindirən “Missoni” şirkətinin keyfiyyətli məhsulları da buradan doğur. Onların hər biri ayrı-ayrılıqda “Missoni” brendinin klassik prinsiplərinə və ənənələrinə sadiq qalır və məhsulların çeşidi ilə yeni nəslin diqqətini cəlb edə bilir.

Moda evinin uğurları bununla bitmir. 2005-ci ildən marka “Rezidor SAS” şirkəti ilə əməkdaşlığa başlayıb. Bu brendin adı altında Edinburqda, Küveyt və Dubayda otellər inşa edilib. Rozita Missoni müsahibəsində bildirib ki, otel layihəsinə başlayanda uğur qazanacağına şübhə etməyib: "Otel layihəsi ilə məşğul olmağa qərar verəndə biz düşünürdük ki, brendin ev əşyaları və aksessuarlar xəttinin reklamı, eləcə də eksperimentlər üçün xüsusi məkanın olması yaxşı imkandır. Bundan əlavə, biz yaxşı ev sahibiyik. Qonaqları necə qarşılamağı və yola salmağı yaxşı bacarırıq”.

Milyarderlərin də göz dikdiyi moda evi neçəyə satılır?

Son illərdə “Missoni” brendi ətrafında bəzi şayiələr gəzir. Mətbuatda yayılan məlumata görə, marka 1,13 milyard dollara satışa çıxarılıb. Bu qiymətə baxmayaraq, böyük şirkətlər sözügedən moda evini almaqda maraqlıdır. Potensial alıcılar arasında Alitalianın (İtaliya aviaşirkəti. Avropada böyüklüyünə görə beşinci hava limanı) prezidenti Luka di Montecemolo və onun oğlu Matteonun adı var. Moda evinin varisi və kreativ direktoru Ancela Missoni isə şirkətin satışa çıxarılması xəbərini təkzib edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm