Şahzadənin xanımı 50 dollarlıq don geyindi – FOTOLAR
Bizi izləyin

Layihə

Şahzadənin xanımı 50 dollarlıq don geyindi – FOTOLAR

Şahzadə Uilyamla Keyt Hindistanda olarkən Bollivudun ən parlaq nümayəndələri ilə görüşüb, hind uşaqlarla futbol oynayıb, Mumbai şəhərində keçirilən “Great Tech Awards Rocketships” sərgisini ziyarət ediblər.

Publika.az xəbər verir ki, şahzadə Uilyamla Keyt Middltonun Hindistana ilk rəsmi səfərini dünya mətbuatı da maraqla izləyib. Ən çox müzakirə olunan mövzu isə Keytin səfər ərzində geyindiyi libaslar olub. Axı Keyt Middlton dünya mətbuatının böyük həvəslə izlədiyi dəb ilahələri siyahısına daxildir. Səfər üçün bir-birindən gözəl və incə paltarlar seçən Keyt məlahətli obrazı ilə yerli sakinlərin qəlbini fəth eləməyi bacarıb. O, bütün tədbirlərdə misilsiz zərifliyini və gözəlliyini vurğulayan libasları ilə seçilib.

Publika.az-ın “9 don” layihəsi çərçivəsində hersoginyanın Hindistan səfərindəki stilləri haqqında məlumat vermişik.

Keyt bütün çıxışlarında ləyaqət, alicənablıq və qadın müdrikliyini nümayiş etdirir. Hersoginya bütün dünyada davranış və ləyaqəti ilə krallığın nümunəvi xanımı kimi tanınır. İngiltərə mətbuatı onun obrazını məhz belə təsvir edir: nümunəvi britaniyalı, gözəl həyat yoldaşı və sadəcə xoşagəlimli qız...

Keyt Middltonu insanlara sevdirən bir xüsusiyyət də zövqlü olmasıdır. O, dünya mətbuatının böyük həvəslə izlədiyi dəb ilahələri siyahısına daxildir. Keyt müasir dövrün ən yaxşı dəb ilahələrindən biri sayılır. Gözəl Kembric hersoginyası öz gözəlliyi ilə dünyanı fəth eləməkdə davam edir və bütün dünya KİV-ləri də onun təkrarolunmaz üslubunu yaxından izləyir.

Hersoginya Hindistan səfəri üçün hansı dizaynerlərin geyimlərini seçib?

Şahzadə ilə həyat yoldaşı Hindistan səfərinin ilk günündə Mumbaidəki “Taj Mahal Palace” otelini ziyarət edib. Middlton səfərinin ilk günündə üzərində Hindistanın etnik naxışlarını xatırladan peplum don geyinib. Hersoginyanın cah-cəlallı al-qırmızı dəsti “Alexander Mcqueen”, klatç “Russel”, habelə krem rəngli ayaqqabıları isə “L.K Bomley &. Bennett” moda evindəndir. Zinət əşyalarını isə “Cassandra Goad” zərgərlik evindən seçib.

Oteli ziyarət etdikdən sonra cütlük oyun meydançasına yollanıb. Uşaqlarla görüş üçün Keyt daha rahat paltar seçib. Onun çiçək naxışları ilə işlənmiş şifon paltarı hindistanlı dizayner “Anita Dongre”nin kolleksiyasındandır. Middlton obrazını “Monsoon” brendinə aid olan tanketka ayaqqabılarla tamamlayıb, aksessuar olaraq gümüş sırğa taxıb.

Keyt Middlton hind tələbələri ilə görüş üçün daha təvazökar paltar seçib. Stil ikonası adına layiq görülən hersoginya hörmət əlaməti olaraq tanınmış hindli dizayner Saloninin hazırladığı libası geyinib.

Hindistan səfərinin ilk gününün axşamı “Taj Mahal Palace” otelində təşkil olunan Bollivud rəqs gecəsində Keyt sadə stili ilə yenə göz qamaşdırıb. Buraya Keyt Middlton uzun göy ziyafət libasında gəlib. Hersoginyanın üst hissəsi muncuqlarla işlənmiş paltarı “Jenny Packham”, ayaqqabıları “Prada” markasına aiddir. Dəb ilahəsi təmtəraqlı obrazını eyni rəngli kiçik əl çantası və “Amparali” imzasını daşıyan eyni rəngli sallanma sırğalarla tamamlayıb.

Kral ailəsinin növbəti dayanacağı Hindistanın Delhi şəhəri olub. Cütlük səfərlərinin ikinci günündə Hindistan Qapısı abidəsini ziyarət edib. Hersoginyanın tədbir üçün “Emilia Wickstead” markasından seçdiyi ağ donu başına bəla olub. Külək onun paltarının ətəyini qaldırsa da, soyuqqanlı Keyt vəziyyəti tez düzəldib və heç nə baş verməmiş kimi şəkil çəkdirib.

Hindistan qapısı abidəsi önünə gül qoyandan sonra cütlük kraliçanın 90-ci yaşı tamam olması münasibəti ilə təşkil olunan dəvətdə iştirak edib. Middlton dəvətdə “Temperley London” markasından üstü qara tikmələrlə işlənmiş qəşəng ağ dəst geyinib. Əlinə qara kiçik çanta alan hersoginya obrazını qara rəngdə yumşaq dəri çanta ilə tamamlayıb.

Səfərin üçüncü günü Keyt Middlton Yeni Delhidə kimsəsiz uşaqların təhsil aldığı məktəbdə olub. Uşaqlarla rəsm çəkən Middlton yenə etnik naxışların hakim olduğu narıncı rəngdə uzun paltar geyinib. Ən maraqlısı odur ki, təvazökar hersoginya kimsəsiz uşaqlar evinə gedəndə təmtəraqdan uzaq olmağa çalışıb. Sadəlik nümayiş etdirən Keytin 50 dollarlıq donu “Glamorous” markasındandır.

Keyt Middltonla həyat yoldaşı Şahzadə Uilyam səfərin üçüncü günü uşaqlar ilə vaxt keçirdikdən sonra Hindistanın baş naziri ilə görüşüblər. Middlton bu görüşə “Temperley London” markasından açıq yaşıl, krujevalı donda təşrif buyurub. Keyt zərif obrazını həsir çanta və yenə krem rəngli dəri dikdabanla uyğunlaşdırıb.

Üçüncü günün axşamı Hindistanda festivala qatılan Middlton mavi və yaşıl rənglərin hakim olduğu, “Anna Sui” markasından olan çiçəkli paltar geyinib. O, donunu həsir dabanlı ayaqqabıları ilə birləşdirib.

Cütlük səfərin dördüncü günü Kaziranqa Milli Parkında safariyə çıxıb. Hersoginya Middlton safari üçün xallı köynəklə qəhvəyi cins, həmçinin altı düz şalvar seçib.

Şahzadə ilə hersoginyanın Hindistan səfəri aprelin 16-sına qədər davam edəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm