Bərgüzar Korel: “Övladımı qoruya bilməməkdən qorxuram...”
Bizi izləyin

Layihə

Bərgüzar Korel: “Övladımı qoruya bilməməkdən qorxuram...”

Çəkildiyi bütün seriallar və filmlər reytinq rekordları qırır. Üstəlik, çox cazibədar aktrisa və gözəl anadır. Bütün bunlar azmış kimi tanrı onu məlahətli səslə mükafatlandırıb. Söhbət Bərgüzar Korelden gedir.

Publika.az-ın "Kokteyl" layihəsinin bu sayında aktrisanın Türkiyə mətbuatına verdiyi müsahibəni təqdim edirik. Aktrisa müsahibəsində əldə etdiyi nailiyyətlərdən tutmuş, evlilik həyatına qədər hər mövzuda danışıb. Oynadığı seriallarla reytinqləri qıran Bergüzar Korel hesab edir ki, ailənin uğurlu alınması üçün qapıları bağlamaq lazımdır. Bəs aktrisa qapı dedikdə nəyi nəzərdə tutur?

- Sizi seriallarda mahnı oxuyarkən görmüşdük, indi isə albom çıxardınız. Sizə müğənni demək olar?

- Xeyr, müğənni deyiləm. Mən nə vaxtsa musiqi şirkətlərinin qapısını döyüb "Albom çıxartmaq istəyirəm" deyə bilməzdim. Bu layihə Aykut Gürelin sayəsində ərsəyə gəlib. Musiqiləri dinləyəndə onlara vuruldum. Sezən Aksunun mahnılarının caz versiyasının yenidən təqdim olunması fikri çox xoşuma gəldi.

- Musiqi təhsiliniz varmı?

- Xeyir, caz müğənnisi deyiləm, mahnıları qəlbimdən gəldiyi kimi ifa etdim. Bir cazmen kimi yox, aktrisa kimi oxudum.

- Sezən Aksu ifanızı dinləyib?

- Bir dəfə musiqisi Sezen Aksuya, sözləri Camal Sürəyaya aid olan mahnı ifa etmişdim. Sezen səsimi dinlədikdən sonra "30 yaşında sən nələr yaşamısan ki, Camal Sürəyanın yazdığı sözləri belə təsirli oxumusan?" demişdi. Albomdakı mahnıları da bəyəndiyini dedi.

- Alboma daxil olan mahnılardan sizin üçün ən özəli hansıdır?

- Layihə mənə təqdim olunanda mahnılar artıq seçilmişdi. Sadəcə, "Həyat, sənə təşəkkür edirəm" mahnısını oxumaq istədiyimi dedim. Sağ olsunlar ki, xahişimi nəzərə alıb bu mahnını alboma daxil etdilər.

- Həyat yoldaşınız Halit Ergenç də hərdən mahnı oxuyur. Duet gözlənilir?

- Heç ağlımıza gəlməyib, amma istərdim.

- Həmişə belə şahzadə kimi yaşamısınız?

- Şahzadələr kimi yaşamamışam, uşaqlığımı xatırlayanda klassik türk ailəsi görürəm. 2005-ci ildə atam dünyasını dəyişdikdən sonra həyatım tamamilə dəyişdi, seriallara çəkildim və birdən-birə məşhur oldum. Amma əsas çətinlik ondan sonra başladı.

- Nə kimi çətinliklər?

- 23 yaşında bir qızın "Min bir gecə" serialına çəkilməsi və bir gecədə məşhur olması asan deyildi.

- Bu, aktrisa olmaq istəyən hər kəsin arzusu deyilmi?

- Çətin idi. Özümü ifadə edə bilmirdim, haqsızlığa məruz qaldığımı düşünürdüm. Aktrisalıq qabiliyyətimlə bağlı iradlar bəzən həddini aşırdı. Mətbuatda demək olar ki, hər gün şəxsi həyatımla bağlı xəbərlər çıxırdı. Heç bir məsələylə bağlı müstəqil qərar verə bilmirdim. Səhərə qədər oturub qəzetlərdə haqqımda daha nələr çıxacağını gözləyirdim. Məşhurluq özü ilə birlikdə qorxu da gətirmişdi.

- Haqqınızda deyilən tənqid və iradlardan düzgün nəticə çıxara bilmisiniz?

- "Karadayı" serialının yaradıcılığımda böyük rolu oldu. Serialda canlandırdığım Fəridə obrazına görə bir çox mükafatlara layiq görüldüm. 30 yaşımdan sonra hər şey öz qaydasına düşdü. Hər bir qadının həyatında özünü kəşf etdiyi bir dönəm olur.

- Sizin tez-tez makiyajsız halda, idman paltarında bazara gedərkən şəkilləriniz çəkilir. Bütün bunlar bir ulduz həyatına nə dərəcədə uyğundur?

- Heç bir zaman ulduz xəstəliyinə tutulmamışam. Məşhuram deyə, hər dəfə küçəyə çıxanda makiyaj etməli olduğumu düşünmürəm. Bu oyunun aləti ola bilmərəm, yoxsa bütün bunlardan boğularam.

- Sizin ən çox qonorar alan aktisa olduğunuz deyilir. Həqiqətənmi bir seriala görə 50-100 min TL alırsınız?

- Rəqəmləri çox şişirdiblər.

- "Min bir gecə"dəki əxlaqsız təklif və ya "Karadayı"dakı öpüşmə səhnələrinin mətbuatda günlərlə müzakirə olunmasına necə baxırsınız?

- Absurd. Amma intim səhnələr dünyanın hər yerində müzakirə obyekti olur.

- Hər şeyi atıb buradan getmək istədiyiniz anlar olur?

- Öz ölkəmi nəyə görə tərk etməliyəm? Burada doğulub, boya-başa çatmışam, elə burada da yaşayacağam. Yeganə qorxum övladımı bütün təhlükələrdən qoruya bilməməkdir.

- Çıxış yolunu nədə görürsünüz?

- Daha sərt cəzalar tətbiq olunmalıdır. İndi adamlar hər hansı cinayəti törətməzdən əvvəl "Tutulsam da bəlkə əfvə düşərəm" deyə düşünür. Onları qorxudan sərt cəzalar yoxdur.

- Deyirlər ki, məhəbbətin ömrü üç ildir. Bu fikirlə razısınız?

- Əlbəttə, ilk günlərdəki kimi həyəcan yoxdur, əlin-ayağın titrəmir. Amma oğlum Əli və həyat yoldaşım Halit üçün Allaha hər gün şükür edirəm.

- Hər ikinizin məşhur olmağınız ailə həyatına necə təsir edir?

- Bütün qapıları bağlamaq lazımdır. Başqalarının, hər hansı xəbərin həyatınıza təsir etməsinə icazə verməməlisiniz. Bunu da illər ərzində öyrənmişəm. Həyat hər gün yeni dərslər öyrədir, böyüyürəm.

- Halit Ergenç deyəndə ağlınıza ilk olaraq nə gəlir?

- Tolerantlıq və anlayış. Hətta özümə qarşı çox sərt olduğum vaxtlarda Halit mənə dəyərli insan olduğumu xatırladır.

- Bəs Halit bəyi qısqanıb qəfil çəkiliş meydançasına gəldiyiniz doğrudur?

- Təbii ki elə bir hadisə olmayıb (Gülür). Halitin heç bir tərəf müqabili ilə problemim olmayıb.

- İkinci dəfə ana olmağı düşünürsünüz?

- Bəli, ikinci dəfə ana olacağım günü səbirsizliklə gözləyirəm. Təbii ki, hər şeydən əvvəl sağlam olmasını istəyirəm, amma qızım olsa, çox sevinərəm.

- Bu mövsüm nə siz, nə də ki, Halit Ergenç heç bir serialda çəkimədi. Boş vaxtlarınız necə keçir?

- Axşamlar Halitlə birlikdə divanda oturub proqramları izləyirik. Həftə sonları restorana gedirik. Yeri gəlmişkən, qeyd edim ki, bu yaxınlarda tanqo dərslərinə yazılmışıq. Hərdən də fotolar çəkirəm.

- Sərginiz də olub...

- Sərgi döş xərçəngi ilə mübarizədə erkən diaqnozun vacibliyinə həsr olunmuşdu. Qadınlara dəstək olmaq üçün döş xərçənginə qalib gəlmiş qadınların portretlərini çəkdim. Bununla da erkən diaqnozun nə qədər həyat xilas edə bildiyini insanların diqqətinə çatdırmaq istədim.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm