Layihə
Orxan Zeynallı: “Son vaxtlar çox dözülməz insan olmuşam” – FOTO/VİDEO
“Aid” ləqəbi ilə tanınan istedadlı reper Orxan Zeynallı romantik, həzin, yumoristik, bəzən də tam əksinə, aqressiv repləri ilə böyük dinləyici auditoriyası toplaya bilib. Növbəti konsertinə hazırlaşan reper Publik.az-ın qonağı oldu. Konsert ərəfəsi Orxan Zeynallı suallarımıza hər zaman olduğu kimi öz ampluasına uyğun şəkildə – zarafatla cavab verdi.
- Azərbaycanda repin bugünkü vəziyyətini necə dəyərləndirirsən?
- Repin bugünkü, dünənki vəziyyəti məni narahat edən mövzu deyil. Ümumiyyətlə, bu, məni çox maraqlandırmır. Ürəyim istəyəndə kiməsə məsləhət verirəm. Ürəyim də bunu gec-gec istəyir.
- Bizim rep digər ölkələrin repindən nə ilə fərqlənir?
- Bizim ölkə balacadır, dilimizdə də ancaq bizim vətəndaşlar danışır. Bu da əhatə dairəsini daraldır. Rus və ingilis dilində olan repə az qala dünyanın yarısı qulaq asırsa, Azərbaycan dilində yazılmış replərə heç ölkənin yarısı qulaq asmır. Təbii olaraq bu, həm keyfiyyətə, həm də maddi vəziyyətə öz təsirini göstərir. Məsələn, Rusiyada 5-ci sinif uşağı səviyyəsində mətnlər yazanlar dünya turlarına çıxırlar. Bizdə filosof olsan da dili dəyişməsən, Bakıdan qırağa çıxmaq çətin olur.
- Yazmaq istəyib də yaza bilmədiyin mövzular varmı?
- Azadam, yazanda özümə məhdudiyyət qoymuram, amma camaatın başa düşməsini istəmədiyim mövzuları daha qəliz yazıram. “Time Out” trackimə qulaq asanlar bilərlər ki, mənim üçün rep həqiqətən də azad sözdür. Replərimdə həyatda olduğu kimi zarafat da edirəm, ciddi də oluram, romantik də...
- Camaatın başa düşməsini istəmədiyin repləri daha qəliz yazdığını dedin. Səncə, insanlar anlamadığı repi niyə dinləsin?
- Bizim dinləyicilər ömür boyu mahiyyətini başa düşmədiyi əməlləri edirlər. Qoy arada da başa düşmədikləri repi dinləsinlər, balans olsun. (Gülür)
- Replə məşğul olduğuna görə peşman deyilsən?
- Mənim replə məşğul olduğuma görə başqaları daha çox peşmandır, buna əminəm. Bu sahədə öz sözümü deyə bildiyim üçün qətiyyən peşman deyiləm. Sanki ən rahat maşınla Formula 1 üçün təmir olunmuş yollarda gedirəm və bu, müvəqqəti deyil. Qısası, çox rahatam.
- Siyasət sənin yaradıcılığına necə təsir edir?
- Bəzən siyasət də mənə ilham verir, onsuz olmaz. Amma mümkün olduğu qədər siyasətlə maraqlanmamağa çalışıram. Ümumiyyətlə, çirkin mühitdə və ikiüzlu insanların ətrafında olmağı sevmirəm. Bu baxımdan siyasətdən uzağam.
- Replə məşğul olan insanların aqressiv olduğu, bu aqressiyanı dinləyicilərə ötürdüyü deyilir. Bu, doğru fikirdir?
- Aqressivlik hər insanın gündəlik üzləşdiyi adi haldır. Avtobus şoferi plandan geri qalanda, qlamur qız dırnağı qırılanda, sürücü tıxacda qalanda əsəbiləşir və aqressiv olur. Reper də hansısa mövzuda fikrini belə ifadə edir. Bu aqressivlikdən dinləyiciyə hər hansı bir xətanın gələ biləcəyini düşünmürəm. Kiminsə qapısını döyüb, evinə girib aqressiv davranış sərgiləmirik, zorakılıq etmirik. Trek yazırıq, xoşu gəlməyən dinləmir.
- Ümumiyyətlə, repin insanların fikrinə təsir etmə gücü nə qədərdir?
- Elə insanlar var ki, onların şəxsi fikri, ümumiyyətlə, yoxdur. Hansı fikrə çox “like” gəlirsə, o ideanın tərəfdarı olurlar. Öz mövqeyi formalaşmış adamlara isə rep köklü təsir edə bilməz. Əhvalına uyğun tərzdə nəyəsə qulaq asar və bundan zövq alar. Ya da hansısa hisslərini hansısa mahnıda tapar və ona bağlanar.
- Repdən başqa nə ilə məşğul olursan?
- Reklam işləri ilə məşğul oluram, öz biznesim var, idman edirəm və tez-tez evə bazarlıq edirəm.
- Treklərində sağlam həyat tərzini təbliğ edirsən. Dediklərinə özün də əməl edirsən?
- Siqaret çəkmirəm, içki də içmirəm. Dinləyicilərimi də bu vərdişdən uzaq olmağa çağırıram. Şairlər deyirlər ki, içkisiz yazmaq mümkün olmur, amma yüz litr içsələr də ayıq başa yazdıqlarımı yaza bilmirlər. Deməli, içkidən möcüzələr gözləmək lazım deyil.
- Orxan Zeynallı nə zaman dözülməz olur?
- Bir çox adam üçün uğur qazananda dözülməz oluram. Son vaxtlar da bu hallar getdikcə çoxalır.
- Səncə, xoşbəxtliyə gedən yol hava limanından keçir?
- Təkcə hava limanından yox, qatarla da getmək olar.
- Cibini düşünüb rep yazmısan?
- Ancaq təmiz pulların yığıldığı bir cib olduğu üçün, sözsüz ki, peşəkar məşğul olduğum işdə cib də yaddan çıxmamalıdır. Bəzən də böyük məbləğlər təklif olunmağına baxmayaraq, ürəyimcə olmadığı üçün o məclislərdə iştirak etməkdən imtina etmişəm.
- Treklərinin qəhrəmanı kimdir? Özün, yoxsa dinləyici?
- Treklərim elə dinləyicilərimin qəhrəmanıdır.
- Səhvlərindən düzgün dərs ala bilirsən?
- Məktəb vaxtı dərsdən çox qaçırdım. Böyüdüm, indi də həyatın verdiyi dərslərdən çox vaxt qaçıram. Amma illər keçdikcə daha diqqətli olmağa çalışıram.
- Soyuqda və qışda səngərdə olmaq necə hissdir?
- İndi dəbdir, əsgərlikdə ancaq monitor və klaviatura görənlər səngərlərdən, düşməndən danışırlar. Mən şaxtada xidmət etmişəm, barmaqlarım da çatlayıb, üzüm də... Amma səngərdə olmamışam. “5 günlük dünya” trekimdə də bunu demişəm.
- “Şərbət” trekində qızın ürəyini sözlə almağın mümkün olduğunu deyirsən. Səncə, həqiqətənmi qızın ürəyini sözlə almaq olar? Bu fikrin inandırıcılıq dərəcəsi neçə faizdir?
- Məncə, birinci növbədə qızın hörmətini qazanmaq lazımdır. Sözlə daha çox başını aldatmaq olar, nəinki ürəyini almaq... Ürəyi ancaq sevgi və gözəl əməllərlə qazanmaq olur.
- Nankor dostların çox olub? Dostların nankorluğu ilə qarşılaşanda necə reaksiya verirsən? “Bir səhv dörd düzü aparır” deyib üstündən xətt çəkirsən, ya bağışlayırsan?
- Təəssüflər olsun ki, çox vaxt bağışlayıram. Dostlarımın sayı azalanda tez-tez borc istəməkçün zəng edənlərin sayının azaldığından başqa heç nə hiss etmədim. Əlbəttə ki, ətrafımda çox dəyərli, sadiq insanlar da var, onların qədrini bilirəm. Qalanlar da etdiklərinin qarşılığını gec-tez görür. Həm yaxşı, həm də pis mənada. Karmaya inamım böyükdür.
- Miri Yusifin “Səbəbkar” mahnısının sözləri sənə aiddir. Əməkdaşlığınızın ardı olacaq? Yaxud da növbəti dəfə duet ola bilər?
- Mən bir çox müğənninin mahnısına söz yazmışam və hələ də təkliflər gəlir. Bu da fəaliyyətimin bir hissəsidir. Hazırda fikrim yalnız solo mahnılardadır, gələcəklə bağlı bir şey deyə bilmərəm.
- Səncə, 20 il sonra insanlar AİD-i xatırlayacaqmı və ya Orxan Zeynallı dedikdə insanların ağlına nə gələcək?
- 20 il sonra mənim uğur hekayəmi müzakirə edib bir-birlərini motivasiya edəcəklər. Səsim qulaqlarda hələ çox qalacaq. Özüm hara getsəm, mahnılarım heç kimi tək buraxmayacaq.
- İnsanlar sənin konsertinə niyə gəlməlidir? Onlara nə vəd edirsən?
- Tələbələri hansısa yığıncaqlara yığmaqçün vaxt var idi ki, dönər və su təklif edirdilər, ya da qayıb yazmaqla hədələyirdilər. Mənim konsertimə camaat öz istəyi ilə və öz pulu ilə bilet alıb gəlir. Bu konsertdə sözsüz ki, əksər mahnılar rep stilində olacaq, amma tanınmış jazz ifaçıları ilə, rok və reggie nümayəndələri ilə duetlər hazırlamışıq. Bu dəfə hər şey daha yüksək səviyyədə olacaq. Həm texniki, həm də yaradıcı baxımdan.
- Bu konsertin əsas fərqliliyi nədir?
- Məsələn, peşəkar işıq və səs effektləri olacaq. Böyük ekranlarda vizual görüntülər olacaq. Yeni albomun və yeni klipin təqdimatı olacaq. Ən əsası dinləyicilər 15-dən çox yeni mahnını ilk dəfə “Qravitasiya” konsertimdə eşitmək şansı qazanacaq, amma bəziləri konsertdən kənara çıxmayacaq.
Son olaraq dinləyiciləri bir daha 15 mayda baş tutacaq “Qravitasiya” konsertinə çağırmaq istəyirəm. Düşünürəm ki, bu vacib gündə birlikdə olmağımız mütləqdir!
Aytən
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO